Yəqin ki, elə bir tamaşaçı tapılmaz ki, heç olmasa bir dəfə başqa bir zamana düşməyi arzulamasın. Uşaqlar gələcəyi görmək, böyüklər isə keçmişə nəzər salmaq istəyirlər. “Sehrli xalat” filminin qəhrəmanlarına isə hər iki arzuya çatmaq nəsib olur.

1964-cü ildə Əlisəttar Atakişiyevin ekranlaşdırdığı bu film zaman səyahətini uşaqlar üçün maraqlı və rəngarəng bir macəraya çevirib. Ancaq bu gün “Sehirli xalat” süjeti ilə yanaşı, həm də yaranma tarixinin maraqlı məqamları ilə diqqət çəkir. Çünki ekran arxasında baş verənlər heç də filmdəki hadisələrdən az maraqlı deyil.
Hekayə məşhur sehrbaz İo Kionun (Anatoli Falkoviç) uşaqlara sehrli bir xalat təqdim etməsi ilə başlayır. Bu xalatı geyinən kimi zaman artıq sərhəd tanımır. Cəsur və araşdırmağı sevən Rəşid xalatı geyinən kimi özünü xanlıqlar dövründə tapır, təsadüf nəticəsində xanı indiki zamana gətirir. Xan hiyləgərcəsinə xalatı uşaqlardan alıb gələcəyə yollanır. Daha sonra isə Rəşid (Azər Qurbanov) dostu Zərifə ilə birlikdə onu tapmaq üçün gələcəyə yollanır. Balaca tamaşaçılar üçün bu, sehr və zaman səyahəti ilə dolu bir nağıldır. Böyüklər üçün isə uşaqlıq təxəyyülünün və tarixə marağın necə bir araya gələ bildiyini göstərən səmimi bir hekayədir.

Ekranda nağıl danışan film, çəkiliş meydançasında da özünəməxsus möcüzələr yaradırdı.
Filmin ərsəyə gəlməsi iki illik ssenari işi ilə başlamışdı. Çəkilişlər həm “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarında, həm də Maştağa, Buzovna, Nardaran və Göyçayda aparılmışdı. O dövr üçün olduqca mürəkkəb sayılan Aya uçuş səhnələri isə kompüter qrafikası olmadan Minskdəki pavilyonda həyata keçirilmişdi.
Ekran arxasında baş verənlər də filmin özü qədər maraqlı idi. Uşaq rolları üçün yüzlərlə məktəbli sınaq çəkilişlərinə qatılmışdı. Zərifə obrazını canlandıran Solmaz Hətəmova sonralar xatırlayırdı ki, bu rol üçün yüzlərlə qız arasından seçilmişdi. Bəzi epizodların ərsəyə gəlməsi isə günlərlə vaxt aparırdı. Məsələn, Zərifənin yeşikdən böyüyərək çıxdığı səhnə sadə, lakin olduqca yaradıcı texniki üsullarla çəkilmişdi.

Ən maraqlısı isə filmin yaratdığı inam idi. Balaca tamaşaçılar həqiqətən də filmdəki uşaqların kosmosa uçduqlarına, xanla görüşdüklərinə inanırdılar. Çəkiliş zamanı təsadüfi şahidlər də kino ilə gerçəkliyi qarışdırırdı. Deyilənə görə, yaşlı bir qadın Əliağa Ağayevi xan geyimində görəndə onun həqiqətən də xan olduğuna səmimi-qəlbdən inanmışdı.
“Sehrli xalat”a bu gün yenidən baxanda ilk diqqət çəkən məqamlardan biri də uşaq aktyorların oyunudur. Onların baxışlarında, intonasiyasında və davranışında həm uşaqlığın saflığı, həm də yaşlarından gözlənilməyən ifa mədəniyyəti hiss olunur. Ekranda hiss olunan bu səmimiyyət həm kameranın qarşısında, həm də onun arxasında yaranmışdı. Rejissorun və yaradıcı heyətin uşaqlara göstərdiyi sevgi, qayğı və etibar onların oyununa da sirayət etmişdi.

“Sehrli xalat”ın sehri həm də Arif Məlikovun musiqisində yaşayır. Bu melodiya artıq ayrıca bir filmin deyil, bütövlükdə Azərbaycan kinosunun poetik yaddaşının parçasına çevrilib. 2024-cü ildə Milli Kino Günü münasibətilə təqdim olunan kino fraqmentlərinin kollajında onun səslənməsi də məhz bu səbəbdən rəmzi məna daşıyırdı. Digər musiqilərlə yanaşı A.Məlikovun da əsəri müxtəlif dövrlərə aid kadrları vahid emosional axında birləşdirərək tamaşaçıda dərin nostalji hissi oyadırdı.
Bəlkə də “Sehrli xalat” filminin uzunömürlülüyünün sirri məhz bundadır. Onun sehri nə təkcə sehrli xalatda, nə də zaman səyahətində idi. Bu sehr kinonun adi bir pavilyonu başqa bir zamana, kənd yolunu xanlıq məkanına, uşaqların saf təxəyyülünü isə gerçəkliyə çevirə bilməsində gizlənirdi. Elə buna görə də, aradan onilliklər keçməsinə baxmayaraq, “Sehirli xalat” bu gün də tamaşaçını möcüzələrin həyatın ayrılmaz hissəsi kimi qəbul edildiyi o saf uşaqlıq illərinə qaytara bilir.
Nəzrin Mahu