Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/16/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Ağqoyunlu İmperiyasının memarı

Uzun Həsən, Ağqoyunlu İmperiyası

Uzun Həsən: Qılınc, Qanun və Dövlətçilik Simvolu

I yazı

Milli dövlətçilik tariximizdə mühüm mərhələ olan Ağqoyunlular dövləti Həsən bəyin qılıncının qüdrəti, Sara xatunun diplomatik gedişləri, analitik təfəkkürü, mənəvi əzəməti ilə quruldu. Səlcuqşahbəyimin cəsarəti ilə zinətləndi. Həsən bəyin “Qanunnaməsi” ilə şöhrətlənən, Səlcuqşahbəyimin “Sazandalar” dəstəsi ilə rövnəklənən Ağqoyunlu İmperiyası  qüdrətli türk, Azərbaycan dövləti kimi tarixdə həm də sivilizasiyaların, mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanı kimi tarixdə qaldı.

Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Oğuz tayfalarından olan Ağqoyunlu və Qaraqoyunluların Azərbaycandakı kökü miladi təqvimlə VI-VII əsrlərinə aiddir. Ağqoyunlular Göyçə gölündən Diyarbakıra qədər olan geniş, gözoxşayan bir ərazidə məskunlaşmışdılar. Azərbaycan xalqının etnik tərkibinin formalaşmasında əsas yer alan bu iki tayfa  öncə birlik, bütövlük rəmzi kimi ürüyüb artsalar da, sonradan yüz illər boyu qanlı düşmənə çevrildilər. Buna səbəb onların ayrı-ayrılıqda mərkəzləşmiş dövlət qurmaq istəyi və ərazi qayğıları idi.

Cəngavərlikdə və ox atmaqda tayı- bərabəri yox idi

Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı Pəhləvan bəy tərəfindən qoyulmuşdu. Ətrafı düşmən qoşunlar ilə əhatə olunan  kiçik bir bəylik olmasına baxmayaraq, Ağqoyunlular Asiyada və Güney Qafqazda mühüm yer tuturdular. İmperiyanın qurucusu Uzun Həsən 1423-cü ildə anadan olmuşdu. Uşaqlıq və gənclik illərində Ağqoyunlu bəyliyinin hərbi təlimlərində iştirak etmişdi. Cəngavərlikdə və ox atmaqda tayı- bərabəri yox idi. Bununla yanaşı onun heç bir əsgərdə olmayan güclü kəşfiyyat bacarığı, məharəti vardı.

Düşmənini öncədən izləyər, hücum taktikasını ona görə qurar və hər zaman bir addım öndə olardı. Ucaboy və qüvvətli olmasına görə hər kəs ona Uzun Həsən deyərdi.  Onun cəngavərlik, eyni zamanda keşmə-keşli döyüş  yolu Qara Yuluq Osman bəyin ölümündən sonra başlayır və qardaşı Cahangir Mirzənin taxta oturması ilə davam edir.

Qılınc Arslan Uzun Həsənin üzərinə yerisə də, gələcəyin hökmdarı onu kiçik bir qüvvə ilə Van gölü yaxınlığında məğlubiyyətə uğratdı

Cahangir Mirzə bəyliyin başına keçdikdə Qaraqoyunlular sülh təklif edirlər. Bunun səbəbi Qaraqoyunlu Cahan şah Həqiqinin oğlanlarının üsyanları və onların Teymurilərlə münaqişə yaşaması idi. Əldə olunan məlumatlardan bəlli olur ki, Cahangir Mirzə də bu təklifi qəbul edir və dostluq, əməkdaşlıq sazişi imzalayır. Hələ gəncliyindən müdrik qərarlar almaq qabiliyyətinə malik olan Həsən bəy bilirdi ki, Qaraqoyunluların Teymurilərlə münaqişələri bitdikdən sonra Cahan şah Ağqoyunluların üzərinə yeriyəcək, ona görə də o, bu arxayınlığa və müqaviləyə qarşı idi. Lakin Cahangir Mirzə Həsən bəyin dediklərini nəzərə almır. Bu səbəbdən də Həsən bəy qardaşının obasından ayrılır. Bu zaman Həsən bəy cəmi-cümlətanı 28 yaşında idi. O, Ağqoyunluların taleyini həll edəcək , mübarizə yoluna ata-baba torpaqları olan Ərzurumdan başladı. Cahan şahın başının cığataylarla münaqişəyə qarışmasından istifadə edərək, Ərzincanı əmisi oğlu Qılınc Arslanın əlindən aldı. Qılınc Arslan daha sonra böyük birliklə Uzun Həsənin üzərinə yerisə də, gələcəyin hökmdarı onu kiçik qüvvə ilə Van gölü yaxınlığında məğlubiyyətə uğratdı. Van gölü və ətrafının nəzarətə götürülməsi, Qılınc Arslanın və ordusunun əsir düşməsi onun şöhrətini daha da artırdı.

Cahangir Mirzə Üveyslə birləşərək  qardaşının üstünə yeridi

Bundan sonra Həsən bəyi tabe etmək üçün bölgəyə ordular göndərildi.  Məsələyə əhəmiyyət verməyən Uzun Həsən, qardaşı Cahangirin Amiddən ayrılaraq Karaz yatağına getdiyini bilən kimi 40 əsgərlə geyimini dəyişib, təğyer-libas olub şəhərə girdi. Şəhərdəki əmirlərin heç biri olmadığı üçün buranı asanlıqla ələ keçirdi. Cahangirin Mardinə getməkdən başqa çarəsi qalmamışdı. Həsən bəyin zəfərləri və şöhrəti ilə yanaşı Qaraqoyunlulara qarşı mübarizəsi digər Ağqoyunlu tayfalarının da diqqətini çəkirdi. Bunu eşidən Cahangir Mirzə Urfa hakimi Üveyslə birləşərək qardaşının üstünə yeridi. Bu döyüşlərdə də qalib gələn Uzun Həsən Urfanı Üveysdən aldı, lakin Mardin qalası güclü şəkildə  mühafizə edilib qorunduğundan Mardini almaq mümkün olmadı. Vəziyyəti nəzərə alan Cahangir Mirzə müvəqqəti sülh təklif etdi və aralarında müqavilə bağlandı.

Cahan şah ona Ağqoyunlu elinin sultanlığını və Ərzincanın idarəsini təklif etsə də,  Uzun Həsən bunu qəbul etmədi  

Həsən bəy qardaşı ilə  danışıqlardan sonra şimala doğru irəlilədi və burada Aydınlı Ərəbşah bəyin ordusuna qəfil hücum edərək onu Gəncəyə qaçmağa məcbur etdi. Bu vaxt Qaraqoyunlu hökmdarı Cahan şah Fars İraqını cığataylardan almaq üçün onlarla döyüşürdü. Uzun Həsən vəziyyətdən istifadə edərək Qaraqoyunluların təsir dairəsində olan Bayburt yörəsini ələ keçirdi. Bu yürüşlər onun həm maddi gücünü, həm də nüfuzunu artırdı.

Sülalənin bir çox üzvləri onun hakimiyyətini tanıyır, amma ona əks olanlar da az deyildi. Uzun Həsənin tayfaların əksəriyyətini özünə tabe etdiyini görən Cahangir bəy təzyiqlərdən qurtulmaq üçün Cahan şahdan kömək istədi. Cahan şah ona Ağqoyunlu elinin sultanlığını və Ərzincanın idarəsini təklif etsə də,  Uzun Həsən bunu qəbul etmədi. Fərman gətirənləri öldürüb, öndə olan birliyi darmadağın etdi.

Cahangir bəy qardaşının hökmdarlığını tanımaq məcburiyyətində qaldı

Vəziyyətin bu yerdə olması Cahangir Mirzənin və Üveysin yenidən Cahan şahdan kömək istəməsinə səbəb oldu. İstəyi nəzərə alan Cahan şah Rüstəm bəyin  sərkərdəliyi altında Cahangir Mirzəyə hərbi birlik verib Həsən bəyin üzərinə göndərdi. Qoşunlar Amid düzündə üz-üzə gəldi. Həsən bəy Amid yaxınlığında  kiçik qüvvə ilə Rüstəm bəyi məğlub etdi. Bu müharibədə başda Rüstəm bəy olmaqla bir çox Qaraqoyunlu sərkərdəsi öldürüldü və əsir götürüldü. Cahangir Mirzə əsir düşməmək üçün savaş meydanından uzaqlaşdı. Cahangir bəyin tabeliyində olan əsgərlərin çoxunun Həsən bəyin tərəfinə keçməsi ilə Cahangir bəy qardaşının hökmdarlığını tanımaq məcburiyyətində qalıb ömrünün sonuna qədər ona  sədaqətlə xidmət etdi. Amid döyüşündə böyük qələbə qazanan Həsən bəy nüfuzunu, şöhrətini və  əsgəri qüvvəsini xeyli dərəcədə artırdı. Ordu isə səfər və qənimət istəyirdi. Gürcü quldurlarının kəndlərə hücumunu bəhanə edən Uzun Həsən 1458-ci ildə Gürcüstana hücuma keçdi. Buradan xeyli miqdarda qənimət və əsirlə qayıtdı. Hətta, o, Məmlük sultanının yazdığı məktubda bu səfərdə 6 qala aldığını bildirmişdi. 1458-ci ildə  baş tutan bu yürüş bitər-bitməz, 1461-ci ildə Gürcüstan üzərinə yenidən  hücuma keçən Uzun Həsən Trabzon Rum İmperiyasını  yenidən fəth etdi. Rum hökmdarı onunla qohumluq əlaqələri qurmağı özünə şərəf bildiyini dilə gətirdikdən sonra Uzun Həsən müqaviləyə imza atdı. Tarixi mənbələr sübut edir ki, “Uzun Həsəni bu müttəfiqlikdə əsasən Qara dənizə çıxış maraqlandırırdı”.

Cahan şahın təsdiqi ilə Bayburt şəhərini də  hakimiyyəti altına birləşdirdi

Fətih dastanı ilə dövlətçilik tariximizdə yeni səhifə açan Həsən bəy 1462-ci ildə Həsənkeyf şəhərinin üzərinə yeridi. Burada son Əyyubi qalası qalmışdı ki, bu qalanı çox sərkərdə fəth etməyə cəhd etsə də müvəffəq ola bilməmişdi. Qısa zaman kəsiyində qalanı ələ keçirərək buradakı Əyyubi hakimiyyətinə son qoyan Həsən bəy, həmin il Cahan şahın təsdiqi ilə Bayburt şəhərini də  hakimiyyəti altına birləşdirdi. Qaraman vilayətində baş verən bəylik savaşında məğlub olan İshaq bəy Uzun Həsənə müraciət edərək ondan dəstək istədi. Uzun Həsən ona sığınan Qaramanoğlu İshaq bəyə hakimiyyət başına keçməkdə yardım etdi. Həmin il Zülqədəroğulları ərazisinə daxil olan Həsən bəy Sultan Məlik Aslanı Harputu ona verməyə məcbur etdi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a AFFA-dan məlumat verilib.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Milli dövlətçilik tariximizdə mühüm mərhələ olan Ağqoyunlular dövləti Həsən bəyin qılıncının qüdrəti, Sara xatunun diplomatik

TARIXI ŞƏXSİYYƏTLƏR

Milli dövlətçilik tariximizdə mühüm mərhələ olan Ağqoyunlular dövləti Həsən bəyin qılıncının qüdrəti, Sara xatunun diplomatik
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin