Ümumdünya Şəhərsalma Forumu (WUF13) Bakı hotel bazarı üçün ciddi sınaq oldu və ümumilikdə sektor bu sınaqdan pis çıxmadı. Rəsmi məlumatlara görə, forum 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirdi.
Burada adi turist axını yox, beynəlxalq tədbir və işgüzar turizm yer alırdı.
Bu fikirləri Baki-baku.az-a açıqlamasında“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyib.
Onun sözlərinə görə, operativ bazar müşahidələrinə əsasən, WUF günlərində Bakıda xüsusilə 5 ulduzlu hotellərdə doluluq çox yüksək olub, təxminən 96–100 % səviyyəsinə çatıb. 4 ulduzlu və yaxşı lokasiyada yerləşən digər hotellərdə də doluluq yüksək və təxminən 85–90 % ətrafında müşahidə edilib. “Bu, onu göstərdi ki, böyük beynəlxalq tədbirlər zamanı ilk seçim daha çox 5 və 4 ulduzlu hotellər olur. Səbəb isə sadədir. Rəsmi nümayəndə heyətləri, beynəlxalq təşkilatlar və korporativ qonaqlar təhlükəsizlik, protokol, transfer, konfrans infrastrukturu və xidmət standartlarına daha çox önəm verirlər. Bununla yanaşı, 3 ulduzlu hotellər, apartamentlər və servis mənzillər də tamamilə kənarda qalmadı. Onlara əsasən müstəqil ekspertlər, QHT nümayəndələri, akademik çevrələr, media və gənc iştirakçılar üstünlük verdi. WUF13 üçün rəsmi yerləşdirmə platformasında 1–5 ulduzlu hotellər və kirayə mənzillər üzrə seçimlərin təqdim edilməsi də göstərdi ki, Bakı artıq müxtəlif büdcə seqmentlərinə xidmət göstərə bilən yerləşdirmə bazarına malikdir”.
S. Dübəndi diqqətə çatdırıb ki, ötən mövsümlə müqayisədə bu yay Bakıda əsas irəliləyiş beynəlxalq tanıtım effektidir:
“COP29-dan sonra WUF13 də Bakını yenidən böyük qlobal tədbirlər xəritəsinə çıxardı. Bu, birbaşa turist sayına dərhal partlayıcı təsir göstərməyə bilər, amma şəhərin MICE turizmi, yəni konfrans, forum və işgüzar səfərlər bazarında mövqeyini gücləndirir. Bu istiqamət Bakı üçün strateji üstünlükdür”.
Bakı yay turizminə ümumilikdə hazırdır, amma burada iki məsələni açıq demək lazımdır: “İnfrastruktur, hotel bazası, restoran sektoru, şəhər turları, tədbir məkanları və xidmət təcrübəsi baxımından paytaxt kifayət qədər hazırlıqlıdır. Lakin yay mövsümündə rəqabət artıq təkcə “gözəl şəhər” olmaqla qazanılmır. Qiymət–keyfiyyət balansı, peşəkar xidmət, çoxdilli personal, nəqliyyat rahatlığı və ailəvi turistlər üçün paketləşmiş təkliflər daha vacib olur”.
