Mayın 25-də Qərbi Azərbaycan İcmasında yazıçı-publisist Varis Yolçiyevin “İrəvanda xan qalmadı” adlı sənədli romanının akademik formatda təqdimat-müzakirəsi keçirilib.
Baki-baku.az xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, alimlər, ziyalılar, gənclər və media nümayəndələri iştirak ediblər.
Çıxışçılar Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, QAİ İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, QAİ İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, QAİ Ziyalılar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının fəalları Kənan Heydərli və Zəhra Allahverdiyeva əsər haqqında fikirlərini bildirib, müzakirələr aparıblar.
Sonda əsərin müəllifi Varis Yolçiyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, “İrəvanda xan qalmadı” romanını yazmaqda əsas məqsədi İrəvan xanlığının tarixini, həmin dövrün ictimai-siyasi hadisələrini və milli-mədəni mühitini geniş oxucu auditoriyasına çatdırmaq olub. O vurğulayıb ki, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi hər bir ziyalının mənəvi borcudur.
Qeyd edək ki, Varis Yolçiyevin non-fiction janrında qələmə aldığı “İrəvanda xan qalmadı” romanı Azərbaycan ədəbiyyatında indiyədək irihəcmli əsərlərdə geniş şəkildə işıqlandırılmayan bir mövzuya — XIX əsrin əvvəllərində Şimali Azərbaycan torpaqlarının çar Rusiyası tərəfindən işğalına həsr olunub.


