Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/15/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Eldar Mansurov: “Atamın ilk tamaşaçısı babam olub”

Bəhram Mansurov

Azərbaycan incəsənəti əsrlər boyu Şərq mədəniyyətinin ən zəngin istiqamətlərindən biri kimi formalaşıb. Xalqın ruhunu, tarixini və mənəvi yaddaşını yaşadan muğam sənəti isə bu zəngin irsin ən qiymətli xəzinələrindən hesab olunur. Nəsildən-nəslə ötürülən muğam ənənəsi təkcə musiqi deyil, həm də bir düşüncə tərzi, bir estetik dünyadır.

Bu böyük sənətin yaşaması və dünya miqyasında tanınması isə onu ürəklə qoruyan, inkişaf etdirən və gələcək nəsillərə çatdıran sənətkarların adı ilə bağlıdır. Azərbaycan tar sənətinin görkəmli nümayəndələrindən olan Bəhram Mansurov məhz belə şəxsiyyətlərdən biridir. O, təkcə mahir tarzən kimi deyil, həm də muğamın canlı ensiklopediyası, milli musiqimizin yorulmaz təbliğatçısı kimi Azərbaycan mədəniyyətində silinməz iz qoyub. İçərişəhərin qədim muğam mühitindən başlayaraq beynəlxalq səhnələrə qədər uzanan sənət yolu Bəhram Mansurovu Azərbaycan musiqi tarixinin ən mühüm simalarından birinə çevirib.

Baki-baku.az unudulmaz tarzənimiz, ustad səmətkar, Xalq artisti Bəhram Mansurovun ömür və sənət yolunu onun oğlu, əsərləri xalq arasında tanınan və sevilən bəstəkar, Xalq artisti Eldar Mansurovla birgə nəzərdən keçirir.

Bəhram Mansurov (tam adı: Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov) 1911-ci il fevralın 12-də Bakının qədim İçərişəhər məhəlləsində, köklü musiqiçi ailəsində dünyaya göz açıb. Onun boya-başa çatdığı Mansurovlar evi dövrünün ən məşhur muğam məclislərindən biri hesab olunurdu. Bu evdə tez-tez muğam gecələri təşkil edilir, Azərbaycanın müxtəlif bölgələrindən xanəndələr, sazəndələr və sənət biliciləri bir araya toplaşırdılar.

Bəhramın babası, musiqişünas Məşədi Məlik bəy muğam sənətinin Bakı və Abşeron mühitində formalaşmasına mühüm töhfələr verib. Həmin məclislərdə dövrün tanınmış ziyalıları və sənət adamları — Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi görkəmli şəxsiyyətlər də iştirak edirdilər. Belə bir sənət atmosferində böyüyən Bəhram Mansurovun musiqiyə maraq göstərməsi təsadüfi deyildi.

O, uşaqlıq illərindən xalq çalğı alətləri ilə əhatə olunmuşdu. Evdə böyüklər olmayanda tarı əlinə alaraq saatlarla məşq edir, alətin sirlərini özü öyrənməyə çalışırdı. Ailəsinin musiqi ənənələri onun sənət yolunun formalaşmasında mühüm rol oynadı. Əmisi Mirzə Mansur uzun illər konservatoriyada fəaliyyət göstərmiş, atası Məşədi Süleyman bəy isə mahir tarzən kimi tanınmışdı.

Bəhram Mansurov ilk təhsilini mədrəsədə alıb, daha sonra rus-tatar məktəbində oxuyub. Azərbaycan sovetləşdikdən sonra, 1921-ci ildə böyük qardaşı Ağa Məliklə birlikdə 10 nömrəli məktəbə qəbul olunub. Orta təhsilini başa vurduqdan sonra müxtəlif məktəblərdə təhsilini davam etdirib. Bunun əsas səbəbi ailələrinin ilin bir hissəsini şəhərdə, digər hissəsini isə bağ evində keçirməsi idi.

1927-ci ildə Mehdi bəy Hacınskinin rəhbərlik etdiyi 33 nömrəli məktəbdə oxuyarkən Abdulla Qarayevin yaratdığı ansamblda məşqlərə qatılırdı. Sonradan Pedaqoji Texnikumda təhsil alan gənc tarzən artıq həmin illərdə böyük istedad sahibi kimi diqqət çəkirdi.

Bəhram Mansurov hələ 12–13 yaşlarında “Rast”, “Çahargah”, “Bayatı-Şiraz”, “Qatar” kimi mürəkkəb muğamları solo şəkildə ifa edirdi. Onun ifa tərzi, texniki ustalığı və muğamı duyma qabiliyyəti sənət cameəsində maraq doğururdu.

1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, daha sonra isə Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərməyə başladı. 1929–1930-cu illərdə Zülfüqar Hacıbəyov və Qriqoriy Mədətov tərəfindən yaradılan Azkonsert Birliyinin orkestrinə dəvət olundu. Burada o, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Hüseynağa Hacıbababəyov və Qurban Pirimov kimi muğam korifeyləri ilə eyni səhnəni bölüşdü.

1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılan ilk notlu xalq çalğı alətləri orkestrinə dəvət olunması isə onun yaradıcılığında mühüm dönüş nöqtəsinə çevrildi. Sonralar Radio Komitəsində birinci dərəcəli tarzən kimi fəaliyyət göstərdi.

Onun yaratdığı trio kamançaçı Qılman Salahov və qaval ifaçısı Xalıq Babayevdən ibarət idi. Bu kollektiv Bakının müxtəlif məkanlarında açıq konsert proqramları ilə çıxış edir, muğam sənətinin təbliğində mühüm rol oynayırdı.

Bəhram Mansurovun həyat və yaradıcılığında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xüsusi yeri olub. O, hələ 1922-ci ildə “Leyli və Məcnun” operasında Sona Hacıyeva, Hüseynqulu Sarabski və Qurban Pirimovun ifalarını dinlədikdən sonra bir gün həmin səhnədə çalışmağı arzulayırdı.

1932-ci ildə bəstəkar Müslüm Maqomayev onu Opera və Balet Teatrına solist-müşayiətçi kimi dəvət etdi. Bundan sonra Bəhram Mansurov uzun illər muğam operalarının əsas simalarından birinə çevrildi və ömrünün sonunadək — düz 54 il həmin teatrda fəaliyyət göstərdi. O, xüsusilə “Leyli və Məcnun” operasının muğam hissələrini Üzeyir Hacıbəyovun ciddi nəzarəti altında ifa edib.

İkinci Dünya müharibəsi illərində də sənətkar fəaliyyətini dayandırmadı. 1941-ci ildə festival üçün Moskvaya yollansa da, müharibənin başladığını Rostovda eşitdi. Bundan sonra təşviqat briqadalarının tərkibində cəbhə bölgələrində və hospitallarda çıxış etməyə başladı. Cabbar Qaryağdıoğlu ilə birlikdə hərbi hissələrdə saysız-hesabsız konsert proqramları təqdim etdi, yaralı əsgərlərin mənəvi ruhunun yüksəldilməsinə töhfə verdi.

1941–1943-cü illərdə Kislovodsk, Jeleznovodsk, Yessentuki, Minvod və digər şəhərlərdə yerləşən hospitallarda çıxış edən sənətkar, 1944-cü ildə İrana ezam olundu. Tehran, Təbriz, Ərdəbil, Rəşt, Marağa və Xoy şəhərlərində sovet hərbçiləri və yerli əhali qarşısında konsert proqramları ilə çıxış etdi.

Bəhram Mansurov yalnız ifaçı kimi deyil, pedaqoq kimi də böyük xidmətlər göstərib. O, 1941-ci ildən Bakı Musiqi Texnikumunda muğam dərsləri deməyə başlayıb və ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. Atası Məşədi Süleyman bəyin və əmisi Mirzə Mansurun təcrübəsinə əsaslanaraq özünəməxsus muğam tədrisi metodikası formalaşdırmışdı. Tələbələrinə muğamların yalnız texniki tərəflərini deyil, həm də onların tarixini və fəlsəfəsini öyrədirdi.

Tarzənin yaradıcılığı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Azərbaycan muğamını ilk dəfə YUNESKO səviyyəsində təmsil edən sənətkar məhz Bəhram Mansurov olub. 1967-ci ildə Bakıya gələn YUNESKO nümayəndələri Alen Daniyelu və Jak Klark müxtəlif ifaçıları dinlədikdən sonra onun ifasını xüsusi qiymətləndirdilər.

Bundan sonra Bəhram Mansurovun ifasında muğam valları və diskləri YUNESKO xətti ilə dünyanın müxtəlif ölkələrində yayımlandı. 1971-ci ildə “Baren Reyter”, 1975-ci ildə isə “Filips” şirkəti tərəfindən qrammofon valları buraxıldı. 1978–1983-cü illərdə onun ifasında Azərbaycan muğamları val və CD formatında lentə alınaraq beynəlxalq auditoriyaya təqdim edildi.

Sənətkar Fransa, Almaniya, İraq, Yaponiya, Hindistan, İtaliya, Hollandiya, Çexoslovakiya və Venesuelada keçirilən beynəlxalq simpoziumlara dəvət alsa da, səhhəti ilə əlaqədar yalnız 1978 və 1983-cü illərdə Səmərqənddə təşkil olunan beynəlxalq muğam simpoziumlarında iştirak edə bilib.

Bəhram Mansurovun Azərbaycan musiqisinə verdiyi töhfələr olduqca böyükdür. Fikrət Əmirov “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını onun ifası əsasında bəstələmiş, bəstəkar Nəriman Məmmədov isə “Çahargah” və “Rast” muğamlarını onun ifasından nota köçürüb.

Bəhram Mansurov XX əsrdə “mizrabi-dəstkəri” adlanan xüsusi ifa texnikasının ən məşhur davamçılarından biri hesab olunurdu. Bu üsulda tar əsasən sol əlin imkanları ilə ifa edilir, mizrabdan isə minimum istifadə olunurdu. Məhz bu özünəməxsus texnika onun ifalarına fərqli ahəng və dərinlik qazandırırdı.

Sənətkarın zəngin arxivi həyat yoldaşı Münəvvər xanım tərəfindən toplanaraq qorunub saxlanılıb. Bu irs bu gün də musiqişünaslar tərəfindən araşdırılır, onun yaradıcılığı haqqında kitablar, monoqrafiyalar və elmi məqalələr nəşr olunur.

Görkəmli tarzən Bəhram Mansurov 1985-ci il mayın 14-də, 74 yaşında Bakıda vəfat edib.

Onun sənət fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Bəhram Mansurov 1956-cı ildə “Azərbaycan SSR əməkdar artisti”, 1978-ci ildə isə “Azərbaycan SSR xalq artisti” fəxri adlarına layiq görülüb. Bundan başqa, “Şərəf nişanı” ordeni, “Əmək veteranı” medalı və Böyük Vətən müharibəsi illərindəki fəaliyyətinə görə müxtəlif medallarla təltif olunub.Bu gün Bəhram Mansurovun adı Azərbaycan tar sənətinin zirvə nümayəndələrindən biri kimi ehtiramla xatırlanır. Musiqişünasların bir çoxu onu Azərbaycan tar məktəbinin patriarxı adlandırır. Onun ifaları isə muğam sənətinin canlı ensiklopediyası kimi bu gün də dəyərini qoruyub saxlayır.

Tarzənin oğlu Eldar Mansurov da atasının sənət yolunu davam etdirərək Azərbaycan musiqisinin tanınmış bəstəkarlarından birinə çevrilib. Digər oğulları Aydın Mansurov xor dirijoru, Elxan Mansurov isə tarzən kimi fəaliyyət göstəriblər.

Həmsöhbətimiz Eldar Mansurovun da qeyd etdiyi kimi, Bəhram Mansurovun tara sevgisi hələ uşaqlıq illərindən başlamışdı. Maraqlısı isə o idi ki, ona bu sənətin ilk sirlərini öyrədən xüsusi bir müəllim olmamışdı. İçindəki bitib-tükənməyən həvəs onu özü-özünə tara yaxınlaşdırmışdı. Evdə heç kim olmayanda asta addımlarla divardan asılmış tarın yanına gedər, aləti ehtiyatla götürər, sonra da qulağında dolaşan havaları barmaqları ilə simlər üzərində canlandırmağa çalışardı.

O, hər gün gizlicə məşq etdikcə barmaqları daha çevik olur, tarın pərdələri üzərində daha sərbəst hərəkət etməyə başlayırdı. Dünən çətin görünən keçidlər bu gün artıq ona asan gəlirdi. Bu kiçik uğurların sevincini isə yalnız özü yaşayırdı. Sanki balaca Bəhram üçün dünya həmin anlarda yalnız tarın səsi və öz ürəyinin döyüntüsündən ibarət idi.

Çalıb qurtardıqdan sonra isə heç nə olmamış kimi tarı yenidən əvvəlki yerinə asardı. Elə diqqətlə qoyardı ki, kənardan baxan heç vaxt ona toxunan olduğunu hiss etməzdi. Amma qəribəsi bu idi ki, atası Məşədi Süleyman bəy hər dəfə axşam evə qayıdıb tarı əlinə alan kimi nəyinsə dəyişdiyini anlayardı. Bir neçə mizrab vurandan sonra qaşlarını çatıb deyərdi: “Mən başa düşmürəm, bu tara kim əl dəyib?”.

Bəhram heyrət içində qalardı. Axı otaqda ondan başqa heç kim olmamışdı. Tarı necə götürmüşdüsə, eləcə də yerinə qoymuşdu. Atası bunu necə hiss edə bilirdi?

Bu gizli sirr uzun müddət davam etsə də, nəhayət bir gün üzə çıxdı.

Yenə axşam idi. Məşədi Süleyman evə həmişəkindən gec gəlmişdi. Süfrə arxasında birlikdə nahar etdilər. Sonra o, adəti üzrə tarı götürüb mizrabı simlərə toxundurdu. Elə ilk səslərdən başını yüngülcə yellədi. Tarın kökünün dəyişdiyini dərhal sezmişdi.

Bir müddət aləti yenidən köklədi. Sonra isə gözlənilmədən tarı oğluna uzadıb sakit səslə dedi: “Al, bir çal görüm necə çalırsan”.

Bəhram çaşdı. Nə deyəcəyini, nə edəcəyini bilmədi. Axı atası onun tar çaldığından xəbərsiz idi. Ona bu sənəti nə özü öyrətmişdi, nə də başqa biri. Balaca Bəhram tərəddüdlə atasının üzünə baxdı.

Məşədi Süleyman isə bu dəfə daha arxayın səslə dedi: “Götür çal, bilirəm tar çalmağı öyrənmisən”.

Bəhramın ürəyi daha sürətli döyünməyə başladı. İndiyədək gizlətdiyi sirrin necə açıldığını anlaya bilmirdi. Atası isə sanki onun fikirlərini oxuyurmuş kimi gülümsəyərək dedi: “Çal Bəhram, çal. Hər axşam tarın kökdən düşməsindən hiss eləyirdim ki, ona əl dəyən olub. İndi çal görüm heç olmasa zəhmətinin bir bəhrəsi var?”.

Həmin vaxt balaca Bəhram utana-utana başlamışdı çalmağa. Barmaqları simlər üzərində gəzməyə başlayanda otağı gözəl bir muğam sədası bürüdü.

Məşədi Süleyman Bəhramın pərdələr üstündə gəzən zərif barmaqlarına çox baxa bilmədi. Üzünü yana çevirib qulaq asırdı. Bir gözü ilə atasına baxan Bəhram anlaya bilmirdi ki, niyə atası ona tərəf baxmır.  İçərişəhərin sakit küçələrindən birində, köhnə evlərin birinin otağıdan tar səsi ucalırdı. Balaca Bəhram çalırdı, atası isə diqqətlə ona qulaq asırdı. Hələ o vaxt bu musiqini yalnız bir nəfər eşidirdi – Məşədi Süleyman.

“Bəhram Mansurovun ilk tamaşaçısı atası, mənim babam Məşədi Süleyman olub”, – Eldar Mansurov vurğuladı.

O vaxt heç kim düşünməzdi ki, həmin otaqda səslənən o sadə ifalar illər sonra başqa ölkələrdə eşidiləcək. O uşaq böyüyəcək, adı Azərbaycanın tanınmış tarzənləri sırasında çəkiləcək, tar isə onun həyatının ayrılmaz hissəsinə çevriləcək. Həmin axşam bunların heç biri yox idi. Sadəcə bir ata vardı, bir də onun qarşısında həyəcanla tar çalan balaca oğlu.

İllər çox tez keçir və aradan təxminən yarım əsr keçəndən sonra başqa bir axşamda Bəhram Mansurovun öz evindən yenə tar səsi gəlir. Bu dəfə çalan özü yox, kiçik oğlu olur. Uşaq asta-asta ifa etdikcə Bəhram müəllim sakitcə dinləyirdi.

Tarın səslənməsini eşidən zaman Bəhram müəllimin üzünün ifadəsi dəyişir, başını yavaşca yana çevirir və gözləri dolur. Həmin an yadına çox uzaq bir axşam düşür – atasının ilk dəfə ona qulaq asdığı axşam. Onda da Məşədi Süleyman bir müddət dinləyəndən sonra hiss etdirməməyə çalışaraq üzünü yana çevirmişdi. Balaca Bəhram bunun səbəbini o vaxt anlamasa da uzun illər sonra hər şeyi başa düşmüşdü. Artıq özü ata idi. Öz oğlunun barmaqları altında tarın necə canlandığını eşidirdi. Bu zaman fərqinə vardı ki, insan bəzən sevincini sözlə yox, sadəcə susmaqla yaşayır.

Bəhram Mansurov həmin axşam kövrəlmişdi, lakin daxilən rahatlıq duyurdu. Hiss edirdi ki, o evdə tarın səsi kəsilməyəcək. Ocaq yenə yaşayacaq.

Bəhram Mansurovun sənəti illər keçsə də yaşayır. O, sadəcə tar ifa etmirdi, hər mizrabda muğamın duyğusunu, nəfəsini dinləyiciyə çatdırırdı. Bu gün də Bəhram müəllimin ifaları dinlənərkən sanki qədim Bakı həyətlərinin nəfəsi, İçərişəhərin daş küçələrinin sükutu və tarın kövrək sədası bir-birinə qarışır.

Ən qiymətlisi isə budur ki, o evdə tarın səsi heç vaxt susmadı. Atadan oğula keçən sənət sevgisi Mansurovlar ailəsində bir ənənəyə, bir tale yoluna çevrildi. Bəhram Mansurovun özü necə atasının baxışlarında sənətə verilən səssiz xeyir-duanı görmüşdüsə, illər sonra eyni duyğunu öz övladlarının ifasında yaşadı.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Sabah" son 9 mövsümdə Azərbaycan Kubokunu ardıcıl iki dəfə qazanan ilk komanda olub.

Ən son

GÜNDƏM

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə

GÜNDƏM

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin