Şimali Qafqazı Səfəvilərin “Dəmir Qapısına” çevirən sərkərdə – II
Şah Abbas
Milli dövlətçilik tariximizdə mühüm mərhələ olan Səfəvilər İmperiyasının daha çox Osmanlı və digər türk-müsəlman dövlətləri üzərinə yeriməsiylə bağlı fiklər səsləndirən, özünü “tarixçi hesab edən bir çox alimlər” tarixi həqiqətləri unudaraq Sunja qalasının fəthi ilə bağlı tarixi həqiqətin üstündən sükutla keçirlər. Baxmayaraq ki, Sunja qalasının fəthi təkcə Səfəvilər İmperiyasının Çar Rusiyası üzərində qələbəsi deyildi. Bu qələbə bir türk-müsəlman dövlətinin qüdrətinin, əzəmətinin simgəsi, bəlgəsi idi. Karnal döyüşündən, Hindistanın fəthindən nigaran olan, Yekaterina İmperiyanın qurucusu Nadir şah Əfşara məktub yazaraq qüvvələrini birləşdirib Osmanlı üzərinə yürüş etməyi təklif edir. Təklifdən qəzəblənən Nadir şah Əfşar qüdrəti, əzəməti ilə rus Çarına xəbər yollayır: “Bizə heç bir kafirin köməyi gərək deyil! Mən bir addım atıb Hindistanı tutdum, lazım gəlsə, bir addım da atıb Dünyanızı Qaraldaram!”
Milli dövlətçilik tariximizə Şah İsmayıl Səfəvinin atının ayağı dəydiyi torpaqları bir bayraq Səfəvi İmperiyasına birləşdirən, Hörmüz boğazını fəth edən, Osmanlı İmperiyasının İsfahanda Böyük Elçiliyini açan ilk Səfəvi hökümdarı kimi tarixdə qalan Şah Abbasın Sunja qalasının fəthi Çar Rusiyasının gələcəkdə Qafqazı və Türküstanı iradəsinə tabe etdirməklə sözün həqiqi mənasında dünyasını qaraldan Nadir şah Əfşarın böyük fituhatlarından soraqçı idi…

Şah Abbas 24 illik siyasi fəaliyyəti dönəmində bir çox uğurlarla yanaşı, həm də Rusiyaya qarşı müharibə aparması ilə tarixə həkk olundu
Bu faktları sadalamaqda məqsədimiz Səfəvilərin ancaq Osmanlı üzərinə yürüşlər etdiyini düşünüb təbliğ edənlərə tarixi faktların dili ilə cavab verməkdi. Səfəvilər İmperiyasının qonşu dövləti Osmanlı İmperiyası idi. Yaxın məsafədə digər xristian dövləti olmadığından sərhədlərini genişləndirmək istəyən bir ölkə şübhəsiz ki, məqsədə çatmaq üçün qonşu dövlətlərə hücum taktikasını gerçəkləşdirə bilərdi. Kədərli hal odur ki, Hörmüz boğazını Portuqal donanmasından xilas, Sunja qalasını fəth edən Şah Abbasın dövlətçilik tarixindəki xidmətlərini unudanlar onun əzəmətini inkar etməklə Səfəvilər iqtidarının qüdrətini danmış, inkar etmiş olurlar. Dəfələrlə qeyri-müsəlman dövlətlərin üzərinə yeriyən Səfəvilərin haqqı-sayını unudanlar indi təqdim etdiyimiz tarixi faktların üstündən sükutla keçirlər. Faktlara istinad edərək qeyd edə bilərik ki, “Hələ 1514-cü il Çaldıran döyüşündən sonrakı dövrdə Səfəvilər İmperiyasının qurucusu Şah İsmayıl Xətai bir neçə dəfə xristian dövləti olan Gürcüstan üzərinə yürüşlər etmiş, həmçinin dövlətə təhdid yaradan Kəngərt, yəni indi ki Fars körfəzindəki Portuqal donanmasını ərazidən çıxarmaq üçün mübarizə aparmışdır sonrakı Səfəvi hökumdarları da davamlı şəkildə Portuqallarla savaşmışlar. I Şah Abbas Portuqalları açıq döyüşdə məğlub edərək sərhədlərindən və körfəzdən çıxarmışdır. 1642-ci ildə Səfəvilər İmperiyasında taxta çıxan 10 yaşlı Şah Abbas 24 illik siyasi fəaliyyəti dönəmində bir çox uğurlarla yanaşı, həm də Rusiyaya qarşı müharibə aparması ilə adını tarixə həkk etmişdir.

Çar Rusiyasının qalanı bərpa edib möhkəmləndirməsi iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb oldu
Tarixi mənbələrdən bəlli olur ki, 1648-ci ildə Qəndaharın geri alınmasından sonra II Şah Abbas Çar Rusiyasının güneyə doğru genişlənmək planlarını diqqətlə izləyir və buna imkan verməmək üçün ciddi addımlar atmaq qərarına gəlir. “Bu dövrdə ruslar Şimali Qafqazda Səfəvi İmperiyasından gələn tacirlərə müntəzəm basqınlar edir, Xəzər dənizində isə rus quldurları gəmilərə göz açmağa imkan vermirdilər.
Bununla yanaşı Çar Rusiyası Terek çayının şimalındakı ərazilərdə yeni qalalar inşa edərək orada hərbi hissələrini yerləşdirməyə çalışırdı. Hadisələrin gedişi, rusların Terek çayı sahilində, Səfəvilər İmperiyasının hüdudlarına yaxın ərazidə Sunja qalasını bərpa edib möhkəmləndirməsi iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb olur, beləliklə 19 yaşlı II Şah Abbas Rusiyaya savaş açmaq qərarına gəlir.”

Səfəvilər Sunja qalasını fəth etməklə rusların Şimal Qafqazla bağlı planlarını on illərlə geri saldı
Şah Abbasın öncə rusların qüvvəsini öyrənmək məqsədi ilə “bölgəyə göndərdiyi azsaylı Qızılbaş qoşun dəstələri 1651-ci ilin noyabrında qalaya hücum edərək uğur qazana bilməsələr də, o, daha ciddi savaş hazırlıqları görərək dövlətin şimal hüdudlarında yaşayan bölgələrdən orduya əskər cəlb etmək qərarına gəldi. Bu məqsədlə Şimali Qafqazın müsəlman xalqlarının Səfəvi İmperiyasının dəstəyi ilə 20 minlik Səfəvi ordusu təşkil edildi. II Şah Abbasın əmri ilə Qumıq bəyi Şamxal Sürxay bəy Səfəvi ordudunun sərkərdəsi təyin olundu.
II Şah Abbas Şimal Qafqazı Səfəvilərin alınmaz qalasına- “Dəmir Qapısına” çevirdi
Bütün hazırlıqlardan sonra Səfəvi ordusu 1653-cü il martın 7-də Sunja qalasını yenidən mühasirəyə aldı. Möhkəmləndirilmiş və toplarla təchiz edilmiş Sunja qalasında rusların çoxsaylı hərbi qüvvələri mövqe üstünlüyünə malik olsa da, baş verən döyüşdə Səfəvi ordusunun qarşısında duruş gətirə bilmədi. Günlərlə davam edən döyüşdə Çar Rusiyasının hərbi qüvvəsi ağır itkilər verib, çıxılmaz vəziyyətə düşdü. Vəziyyəti nəzərə alan ruslar ətraf bölgələrdən Sunja qalasına kömək üçün əlavə qüvvələr göndərməyə cəhd etsə də, Səfəvi ordusunun hərbi-taktiki gedişləri onların bu cəhdlərini də puça çıxardı. Səfəvi əsgərlərinin davamlı hücumları qarşısında təslim olan rusların 200–300 nəfərlik son bölüyü 1653-cü il martın 25-də Sunja qalasını tərk etmək məcburiyyətində qaldı. Beləliklə, Sunja qalası üzərinə Səfəvilər İmperiyası bayrağı sancıldı. II Şah Abbas Şimal Qafqazı burada tarixi torpaqlarında yaşıyan türklərin, çeçenlərin, inquşların, bulqarların, saxurların, avarların, rutulların və digər müsəlman xalqlarının dəstəyi ilə Səfəvilərin alınmaz qalasına- Dəmir Qapısına çevirdi. Bununla o, rusların Qafqazla bağlı planlarını on illərlə geri saldı. “Qafqazı parçala, hökm sür! İstanbulu fərh et!” nidası ilə Xəzər hövzəsini ələ keçirən, Azərbaycanın sinəsinə Dərbənd, Təbriz, İrəvan, “Gülüstan”, “Türkmənçay” dağlarını çəkdirən I Pyotrun dədələrini və varislərini tarix qarşısında gözükölgəli etdi.
Tarix həqiqəti sevir. Bu faktlar sübut edir ki, dövlətçilik tariximizdə mühüm məqama və mövqeyə sahib olan Səfəvilər İmperiyasının qüdrətini, əzəmətini dərk etmək üçün mütləq həqiqətlərin qorunduğu kitabxana və arxiv hücrələrinə baş vurmaq gərəkdir. Yalnız o zaman milli kimlik tariximizi cəsarət və ləyaqətlə yazan Sərkərdə-xaqanlarımızı anlamaq, dərk etmək, onların varlığı ilə qürur duymaq, öyünmək mümkün olacaq!
Şərəf Cəlilli