Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müasir standartlara uyğun infrastruktur formalaşdırılıb. 25 çarpayılıq müəssisə tərəfindən əlilliyi olan uşaqlara ambulator və stasionar şəraitdə, müasir avadanlıqlardan istifadə edilməklə və effektiv fizioterapevtik üsullar tətbiq olunmaqla reabilitasiya xidmətləri göstərilir.
Bu fikirləri Baki-baku.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin Təşkili departamentinin əməkdaşı Aygün Abdullayeva deyib.
O bildirib ki, cari ilin birinci rübü ərzində mərkəz tərəfindən 1381 nəfər əlilliyi olan uşağa reabilitasiya xidmətləri göstərilib. Ümumilikdə isə 2025–2026-cı illər ərzində 6900 nəfər sözügedən xidmətlərdən faydalanıb.
“Eyni zamanda, əlilliyi olan uşaqlar Agentliyin Bakı şəhərində fəaliyyət göstərən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Şəmkir rayonunda yerləşən müvafiq reabilitasiya müəssisəsində xidmətlərlə təmin olunurlar.
Agentliyin uşaq reabilitasiya müəssisələri tərəfindən cari ilin yanvar–mart ayları ərzində ümumilikdə 10 min nəfər reabilitasiya xidmətlərinə cəlb edilib”, – deyə A.Abdullayeva vurğulayıb.