Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı altbölməsində XX əsr Azərbaycan ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan yeni virtual kolleksiya yaradılıb.
Kitabxanadan Baki-baku.az-a bildirilib ki, kolleksiyada Mir Cəlal Paşayevin çoxşaxəli ədəbi və elmi fəaliyyətini əks etdirən materiallar təqdim olunur.
Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan ədibin yaradıcılığı milli ədəbiyyatın inkişafında, onun məzmun və ideya baxımından zənginləşməsində xüsusi yer tutur. Yazıçının əsərlərində xalq yaradıcılığı ilə klassik ədəbi irsin qabaqcıl ənənələrinin vəhdəti yeni bədii keyfiyyətdə ifadə olunub.
Mir Cəlal Paşayev ictimai tariximizin və xalq taleyinin mühüm məqamlarını bədii təhlil süzgəcindən keçirən, həyat və zaman haqqında oxucu ilə səmimi və düşündürücü dialoq quran sənətkar kimi tanınır. Onun roman və hekayələri insan xarakterlərinin dərin psixoloji təhlili, milli-mənəvi dəyərlərə bağlılıq və dövrün ictimai mənzərəsinin dolğun əks etdirilməsi ilə seçilir.
Yazıçının elmi yaradıcılığı da Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm yer tutur. Mir Cəlal Paşayev klassik ədəbi irsin, xüsusilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin sənət dünyasının tədqiqinə mühüm töhfələr verib, milli ədəbi düşüncənin əsas istiqamətlərini elmi əsaslarla şərh edib. Onun elmi və pedaqoji fəaliyyəti Azərbaycan maarifçiliyinin və ədəbiyyatşünaslıq məktəbinin formalaşmasında əhəmiyyətli rol oynayıb.
Kolleksiyada ədibin bədii əsərləri ilə yanaşı, ədəbi-tənqidi, publisistik və elmi yazılarını əhatə edən materiallar yer alır. Bu materiallar Mir Cəlal Paşayevin yaradıcılıq diapazonunun genişliyini, onun həm yazıçı, həm alim, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətini əhatəli şəkildə təqdim edir.
Eyni zamanda, Prezident kitabxanası tərəfindən Mir Cəlal Paşayevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx hazırlanıb. Videoçarxı kitabxananın “YouTube” kanalında izləmək mümkündür.
Kolleksiya geniş oxucu auditoriyası üçün faydalı mənbə olmaqla, milli ədəbi irsin öyrənilməsi və araşdırılması baxımından əlavə imkanlar yaradır.