Gülüm…
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?
Sevirəm qəlb ilə canım kimi cananımı mən,
Ölərəm, ya yetərəm sən kimi canana, gülüm.
Sənə dost olmağıma cümlə şəhər düşmən olub,
Məni əfv eylə, baxıb bir belə düşmənə, gülüm.
Harda görsəm səni, zülfundən öpüb yalvararam,
Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm!
Sənsizəm, səndən uzaq kimsəni düşsün demərəm,
Yetməyir əl sənə, yox səbir də hicranə gülüm.
Sənsiz…
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk?
Bilirəm sən də dedin: “Yox yarə hacət sənsiz”
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz bir heçəm, afət, sənsiz!
Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox,
Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb, olmadı rahat sənsiz!
Görünür…
Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.
Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
İki dünyaya dəyər, eylə ki, hicran görünür.
Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?
Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Şadlığından alışıb yandı Nizami, dedi ki:
“Gözüm aydın, gözümə surəti canan görünür”.
Gəlmiş idi..
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.
Dedi: “Getmək dəmidir, söylə, nə istəyirsən yar?”
Bir öpüş istədim ondan…Yeri var gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
“Ey Nizami!” – dedi… Birdən ayılıb gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.