Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/09/2026

Paylaşın

HƏR ŞEYDƏN

Köhnə Bakı uşaqlarının küçə oyunları: Nostalji dolu həyət mədəniyyəti

Küçə oyunları, Köhnə Bakı, Oyun

Bakının köhnə həyətləri, İçərişəhərin dar küçələri və Sovet dövrünün beşmərtəbə evlərinin arxasındakı boşluqlar bir vaxtlar uşaqların əsl krallığı idi. Səhər tezdən “Gəl oynayaq!” səsi ilə başlayan günlər axşama qədər davam edirdi. Kompüter, telefon, tablet yox idi. Əvəzində təbaşir, rezin bant, beş daş, köhnə şüşələr və qaçışdan başqa heç nə lazım deyildi. Bu oyunlar sadəcə əyləncə deyildi. Onlar dostluq qurur, rəqabət öyrədir, yıxılıb qalxmağı, komanda olmağı tərbiyə edirdi. İndi o nəsillər böyüyüb, amma hər dəfə həmin oyunların adlarını eşidəndə üzümüzə təbəssüm qayıdır.

Küçə oyunları, Köhnə Bakı, Oyun, "Rezin"

“Rezin” – qızların əsl kralı

Ən məşhur qız oyunu idi. İki nəfər ayaqlarına uzun rezin bantı keçirib (köhnə velosiped kamerasından kəsilən elastik) gərirdi. Üçüncü (bəzən dördüncü) uşaq isə ritmik addımlarla xüsusi qaydalara uğyun 10 formada bantın içində hoppanırdı. Səhv edən yerini dəyişirdi. Bakının həyətlərində rezin oynayan qızların səsi ən çox eşidilən səs idi. Onlar saatlarla oynayır, oğlanlar isə yan keçib “qız oyunu” deyə lağa qoyurdular… Amma özləri də gizlincə qoşulmaq istəyirdilər.

Küçə oyunları, Köhnə Bakı, Oyun, “Klas-klas”, “Beşdaş”

“Klas-klas” və “beşdaş”

Döşəməyə təbaşirlə kvadratlar cızılır, içərilərinə nömrələr yazılır. Daş atılır, bir ayaqla hoppanaraq daşı götürmək lazımdır. Səhv edən növbəni itirir. “Beşdaş” isə ayrı oyun idi. Beş kiçik daşla oynanırdı. Bir daşı havaya atıb digərlərini yerdən qapmaq, sonda isə göyə atılan daşı tutmaq tutmaq lazım idi. Əllərin çevikliyi inkişaf edirdi.

Küçə oyunları, Köhnə Bakı, Oyun, “Gizlənqaç”, “Yeddi şüşə”

“Gizlənqaç” və “yeddi şüşə”

“Gizlənqaç” ən universal oyunlardan biridir. Bir nəfər “sayır”, qalanlar gizlənir. Tapıb, “gördüm!” deyə qaçıb “ev”ə toxunmaq lazımdır.

“Yeddi şüşə” oyununda yeddi eyni ölçülü şüşəni üst-üstə düzür, uzaqdan topla yıxmağa çalışırdılar. Dəqiqlik və güc tələb edirdi. Şüşələri tamamilə dağıdan şəxs komandası ilə qaçır, digərləri isə şüşələri üst-üstə yığdıqdan sonra qaçan komandanı topla vurmağa çalışırlar.

Küçə oyunları, Köhnə Bakı, Oyun, “Ortada qaldı”, “Çilingağac”

“Ortada qaldı” və “çilingağac”

“Ortada qaldı” oyununda isə bir və ya bir neçə nəfər üzbəüz dayanan iki nəfərin arasında dayanır. İki nəfər topu ataraq ortada dayananları vurmalıdır.

“Çilingağac” isə daha çox oğlan oyunu idi. Kiçik ağac çubuğu (çiling) böyük çubuqla (ağac) vurub uzağa göndərirsən. Kim daha uzağa göndərirsə, qalib gəlir.

Köhnə Bakıda bu oyunlar üçün material tapmaq asan idi.

Küçə oyunları, Köhnə Bakı, Oyun, “Ənzəli”, “Bənövşə bəndədüşə”

“Ənzəli” və “bənövşə bəndədüşə”

Yazqabağı və bayram ərəfələrində həyətlərdə ən çox oynanan oyunlardan biri də “ənzəli” idi. Bir uşaq belini əyir, qalanlar üç-dörd metr aralıdan sıraya düzülüb onun belindən atlayırdılar. Hər atlamada xüsusi sayğacla ritmik sözlər deyirdilər: “Birdə “ənzəli”, ikidə “bir Xan əkbəri” Üçdə…

“Bənövşə bəndədüşə” isə daha çox komanda qurmaq və dost seçmək oyunu idi. İki nəfər başçı olur, qalan uşaqlar iki tərəfə bölünürdü. Uşaqlar dairəyə düzülüb əl-ələ tutaraq oxuyurdular: “Bənövşə, bəndə düşə, Sizdən bizə kim düşə?” Başçılar növbə ilə dostlarının adını çəkib “düşürürdülər” — yəni qarşı tərəfə keçirirdilər. Sonda hansı komanda daha çox uşaq toplayıbsa, qalib gəlirdi. Bu oyun həm mahnı, həm dostluq, həm də rəqabət hissi verirdi.

Bu oyunlar sadəcə fiziki deyildi. Onlar həyət mədəniyyəti yaradırdı. Yıxılaraq diz qanasa da heç kim evə qaçmırdı, “davam et!” deyirdilər. İmmünitet, dostluq, yaradıcılıq – hamısı pulsuz, açıq havada formalaşırdı.

İndi isə avtomobillər həyətləri tutub, valideynlər “təhlükəsizlik” naminə uşaqları evə bağlayıb. Oyunları ekranlar əvəz edib. Amma 90-cı illərin və 2000-lərin əvvəlində böyüyən nəsil üçün bu oyunlar hələ də ən gözəl xatirədir. Köhnə Bakı uşaqları küçədə böyüyürdü. Bu oyunlar Bakının ruhunun bir parçasıdır.

Elvin Camalov

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Zığ SDL" MMC-ni dövlət qeydiyyatına alıb

Ən son

GÜNDƏM

Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir.

GÜNDƏM

Bakıda aprelin 10-da havanın əsasən yağmursuz, rayonlarda isə yağıntılı olacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin