Hər il aprelin 2-si dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Bu əlamətdar gün uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, onların ədəbiyyata marağının artırılması və kitab mədəniyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu günün təsis olunması təsadüfi deyil. 1967-ci ildən qeyd edilən Beynəlxalq Uşaq Kitabı Günü məşhur danimarkalı nağıl ustası Hans Kristian Andersenin doğum günü ilə əlaqələndirilib. Uşaq ədəbiyyatının inkişafına misilsiz töhfələr vermiş yazıçının yaradıcılığı bu gün də milyonlarla uşağın sevimli oxu dünyasını formalaşdırır. Məhz onun irsinin əhəmiyyətini nəzərə alaraq bu təşəbbüsü irəli sürən isə alman yazıçısı Jella Lepman olub.

Beynəlxalq Uşaq Kitabı Gününün əsas məqsədi cəmiyyətin diqqətini uşaq ədəbiyyatına yönəltmək, kitab oxumağın əhəmiyyətini vurğulamaq və uşaqları mütaliəyə təşviq etməkdir. Çünki kitablar uşaqlar üçün sadəcə informasiya mənbəyi deyil, həm də yeni dünyaların qapısını açan sehrli vasitədir.
Əslində uşaq ədəbiyyatının tarixi çox qədim dövrlərə gedib çıxır. 1477-ci ildə qədim yunan müəllifi Aesopun təmsillərinin kitab şəklində nəşri bu sahənin ilkin nümunələrindən sayılır. Daha sonra 1658-ci ildə çex pedaqoqu Yan Komenski uşaqlar üçün rəsmlərlə zəngin kitab nəşr etdirərək tədris prosesində yeni mərhələnin əsasını qoydu.

XVIII əsrdən etibarən uşaqlar üçün ayrıca ədəbiyyatın formalaşması sürətləndi. Daniel Defoenin “Robinzon Kruzo”su və Jonatan Sviftin “Qulliverin səyahəti” kimi əsərləri əvvəlcə böyüklər üçün yazılsa da, sonradan uşaqların oxu dünyasının ayrılmaz hissəsinə çevrildi. Eyni zamanda Şərq nağılları – “Min bir gecə”, “Ələddin”, “Əlibaba və qırx quldur”, “Sindibadın səyahətləri” – uşaqların təxəyyülünü zənginləşdirən klassik nümunələr kimi bu gün də aktuallığını qoruyur. Qrimm qardaşlarının nağılları isə dünya uşaq ədəbiyyatının ən məşhur incilərindən sayılır.

XIX əsr bir çox tədqiqatçılar tərəfindən uşaq ədəbiyyatının “qızıl dövrü” kimi qiymətləndirilir. Bu dövrdə yazılan əsərlər bu gün də aktuallığını itirməyib. Azərbaycanda isə XIX–XX əsrlər uşaq ədəbiyyatının inkişafı ilə yadda qalıb və bu ənənə müasir dövrdə də davam etdirilir.
Kitab oxumaq uşaqların təxəyyülünü genişləndirir, onların dil bacarıqlarını inkişaf etdirir, analitik düşüncə qabiliyyətini gücləndirir. Uşaqlar kitablar vasitəsilə fərqli mədəniyyətləri tanıyır, empatiya hissini inkişaf etdirir və dünyaya daha geniş baxış bucağı qazanırlar.

Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən əsas mədəniyyət ocaqlarından biri də F.Köçərli adına Respublika Uşaq Kitabxanasıdır. Bu kitabxana uzun illərdir ki, uşaqların mütaliəyə cəlb olunması, onların intellektual və yaradıcı inkişafının dəstəklənməsi sahəsində mühüm rol oynayır. Kitabxanada mütəmadi olaraq kitab təqdimatları, oxu saatları, ədəbi-bədii tədbirlər, sərgilər və müxtəlif maarifləndirici layihələr həyata keçirilir.

Kitabxananın fəaliyyəti yalnız ənənəvi xidmətlərlə məhdudlaşmır. Müasir dövrün tələblərinə uyğun olaraq burada rəqəmsal layihələr, onlayn oxu proqramları və uşaqlar üçün interaktiv tədbirlər də təşkil olunur. Bu isə kitabxananın fəaliyyətini daha da genişləndirərək onu uşaqlar üçün cəlbedici mədəniyyət məkanına çevirir.
Bu uğurlu fəaliyyətin arxasında isə kitabxananın direktoru Şəhla Qəmbərovanın böyük zəhməti dayanır. Onun təşəbbüskarlığı və fədakar fəaliyyəti sayəsində kitabxana daim yenilənir, yeni layihələr həyata keçirilir və uşaqlar arasında kitab sevgisinin təbliği istiqamətində mühüm addımlar atılır. Şəhla Qəmbərova uşaq ədəbiyyatının inkişafı və mütaliə mədəniyyətinin formalaşdırılması sahəsində xüsusi xidmətləri ilə seçilir.

Bu gün dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Uşaq Kitabı Günü silsilə tədbirlərlə qeyd olunur. Kitab sərgiləri təşkil edilir, oxu günləri keçirilir, müəlliflərlə görüşlər baş tutur, uşaqların yaradıcılığına dəstək verən müsabiqələr keçirilir. Məktəblər və kitabxanalar bu günü xüsusi proqramlarla qeyd edərək uşaqları kitab oxumağa həvəsləndirirlər.
Beynəlxalq Uşaq Kitabı Günü bizə bir daha xatırladır ki, kitab sevgisi uşaqlıqdan formalaşır. Uşaqlara oxuma vərdişi aşılamaq isə onların gələcəkdə daha savadlı, yaradıcı və geniş dünyagörüşlü fərdlər kimi yetişməsinə mühüm töhfə verir.
Xanım Aydın