Dünya ədəbiyyatının ən nüfuzlu mükafatlarından sayılan International Booker Prize (“Buker”) üzrə 2026-cı ilin qısa siyahısı açıqlanıb.
Layihənin rəsmi məlumatına əsasən, builki final mərhələsinə altı əsər və onların müəllifləri vəsiqə qazanıblar. Siyahıda Mari Ndyayın “Cadugər”, Ana Paula Mayanın “Yer üzündə olduğu kimi”, Daniel Kelmanın “Rejissor”, Rene Karabaşın “Qalan o”, Şida Bazyarın “Tehranda sakit gecələr” və Yan Şuan-tszının “Tayvan səyahətnaməsi” əsərləri yer alıb.
Mükafatın qalibi mayın 19-da Tate Modern qalereyasında keçiriləcək rəsmi mərasim zamanı elan olunacaq.
Qeyd edək ki, builki mükafat “Bukhman Philanthropies” fondunun dəstəyi ilə təqdim edilir. Ümumi mükafat fondu 50 min funt sterlinq təşkil edir və qaydalara əsasən bu məbləğ qalib əsərin müəllifi ilə tərcüməçisi arasında bərabər bölünür.
Bundan əlavə, final siyahısına düşən hər bir iştirakçı da diqqətdən kənarda qalmır. Belə ki, qısa siyahıda yer alan əsərlərin müəllifləri və tərcüməçiləri üçün ayrıca 5 min funt sterlinq məbləğində mükafat nəzərdə tutulub.