Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilib, bir çox yerlərdə yığılan sular artıq təmizlənsə də bəzi ərazilərdə bu iş davam etdirilir.
Baki-baku.az xəbər verir ki, subasma hallarının ən çox müşahidə edildiyi ərazilər əsasən uzun illər öncə gecəqondu tikilən evlərin olduğu yerlərdir. Bu tikililərdə kanalizasiya xətlərinin olmaması suyun yığılmasına və gec çəkilməsinə səbəb olur.
Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb.
Hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir.
Bundan əlavə, təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.



