Bakının ən müqəddəs və simvolik məkanlarından biri olan Fəxri xiyaban ətrafında abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib.
Baki-baku.az xəbər verir ki, paytaxtın estetik görünüşünün yaxşılaşdırılması, həmçinin ziyarətçilər üçün daha baxımlı mühitin yaradılması məqsədilə ərazidə yeni güllər əkilib, kompozisiyalar əlavə olunub.
Görülən işlər çərçivəsində xiyabanın giriş hissəsində və ətraf ərazilərdə köhnəlmiş və estetik baxımdan əvvəlki görünüşünü itirmiş güllər tamamilə dəyişdirilib. Bununla yanaşı, əraziyə yeni gül kompozisiyaları əlavə olunaraq ümumi landşaft dizaynına daha müasir və cəlbedici görnüş verilib.
Məlumata görə, abadlıq işləri zamanı ümumilikdə 1700 kvadratmetr sahədə qazon örtüyü yenilənib. Bu isə ərazinin həm vizual görünüşünü, həm də ekoloji keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, müxtəlif növ və rənglərdə olmaqla 4000-ə yaxın gül əkilib ki, bu da əraziyə xüsusi ahəng və rəngarənglik qatıb.
Layihə çərçivəsində həyata keçirilən bütün işlər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən icra olunub. Qurumun əməkdaşları tərəfindən görülən bu tədbirlər paytaxtın mərkəzi hissəsində yerləşən mühüm məkanın daha baxımlı və zövqlü vəziyyətə gətirilməsinə xidmət edir.
Qeyd edək ki, belə yaşıllaşdırma və abadlıq işləri yalnız şəhərin estetik görünüşünü yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda ekoloji tarazlığın qorunmasına, havanın keyfiyyətinin yaxşılaşdırılmasına və şəhər sakinlərinin istirahəti üçün daha rahat mühitin formalaşdırılmasına mühüm töhfə verir.




