Bakıda görkəmli Azərbaycan şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi-musiqili gecə təşkil edilib.
Baki-baku.az xəbər verir ki, tədbir Səməd Vurğunun Ev-muzeyində “Gənc Şairlər” ədəbi layihəsi tərəfindən təşkil olunub.
Muzeyin direktoru Vurğun Vəkilov qonaqları Novruz bayramı münasibətilə təbrik edib və şairin yubileyinin genişmiqyaslı şəkildə qeyd olunmasını diqqətə çatdırıb.
Daha sonra söz “Gənc Şairlər” layihəsinin rəhbəri Lalə Həsənovaya verilib. O vurğulayıb ki, iştirakçılar dörd dildə – Azərbaycan, rus, ingilis və fransız dillərində proqram hazırlayıb, Səməd Vurğunun əsərlərini müxtəlif interpretasiyalarda təqdim ediblər: “Biz şairin yaradıcılığını çoxdilli formatda göstərməyə və onun universallığını ifadə etməyə çalışdıq”.
L.Həsənova muzey rəhbərliyinə layihəyə dəstəyə görə təşəkkürünü bildirib.
Gecə çərçivəsində layihənin gənc iştirakçıları çıxış edərək ədəbi və bədii nömrələr təqdim ediblər.
Proqramın musiqi hissəsini Tofiq Quliyevin “Gölün sahilində” əsəri ilə İradə Hasilovanın və Arif Məlikovun “Prelüdiya”sını ifa edən İmran Şıxiyevin çıxışları bəzəyib.
Gecənin sonunda iştirakçılar təşəkkür sertifikatları, layihənin rəhbəri Lalə Həsənova isə təşəkkürnamə ilə təltif olunub.