Martın 10-u Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur. Bu gün Azərbaycan teatr sənətinin zəngin tarixi və mədəni irsinin əlamətdar hadisələrindən biri kimi böyük əhəmiyyət kəsb edir. 2026-cı ildə bu gün milli teatrın yaranmasının 153-cü ildönümüdür.
Azərbaycan teatr sənətinin inkişafı qədim ənənələrə əsaslanır. Xalq arasında meydan tamaşaları, kukla teatrları (məsələn, “Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli səhnələr (“Şəbih”) geniş yayılmışdır. Hətta XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, İrəvanda gördüyü üçhissəli tamaşanı “Şərqin operası” adlandırmışdır.
Milli teatrın əsası 1873-cü il martın 10-da qoyulub. Bakı Real məktəbinin teatr həvəskarları truppası Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasını tamaşaya qoymuş və bu hadisə ilə Azərbaycanda milli teatr fəaliyyətinə start verilmişdir. Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirovun böyük rolu olmuşdur.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin xidmətləri əvəzsizdir. O, Bakı şəhərində ilk teatr binasının inşasına rəhbərlik etmiş və qısa müddət ərzində səhnəni Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi sənətkarlarla zənginləşdirmişdir. Teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da mühüm rolu olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətinə yeni nəfəs gətirmişdir. Dövlət dəstəyi və müdaxiləsi sayəsində teatr repertuarı Azərbaycan tarixi və milli azadlıq mübarizəsi mövzularına genişlənmişdir. Bu dövrdə yaradılan Azərbaycan Dövlət Teatrı peşəkar teatrın dövlət statusu qazanması demək idi. Teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açılmışdır.
Sovet dövründə isə Azərbaycan teatrı daha da inkişaf etmiş, həm ideoloji əsərlər, həm də xalqın gündəlik həyatı və tarixi mövzularını əhatə edən tamaşalar repertuarda yer almışdır.
Bu gün teatrsevərlər üçün 10 mart həm tarixi əhəmiyyətə, həm də sənətə sevginin təcəssümü kimi qiymətlidir. Milli Teatr Günündə televiziya kanalları teatrların fəaliyyəti, tamaşalar və Azərbaycan səhnəsinə ömürlərini həsr edən sənətkarların fikirlərini təqdim edəcək. Azərbaycan tamaşaçıları isə bir gün ərzində əsl teatr atmosferi ilə dolu gün yaşayacaqlar.
Xanım Aydın