Bakının Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 7 ünvanında yerləşən keçiddə yaranmış problem aradan qaldırılıb.
Baki-baku.az xəbər verir ki, hündür nəqliyyat vasitəsinin keçidi zamanı zədələnən konstruksiya bir müddət sakinlərin narahatlığına səbəb olmuşdu.
Sakinlərin sözlərinə görə, keçidin zədələnmiş hissəsi gündəlik intensiv istifadə olunan ərazidə yerləşirdi. Həm yaxınlıqdakı parka üz tutan vətəndaşlar, həm də digər piyadalar bu keçidin altından keçirdilər. Ən böyük narahatlıq isə konstruksiyadan qopan hissələrin avtomobillərə və ya piyadalara zərər vurma ehtimalı idi.
Məsələ operativ şəkildə nəzarətə götürülüb və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülüb. Keçidin zədələnmiş hissəsi təmir olunub, konstruksiyanın dayanıqlığı yoxlanılıb və təhlükəsizlik baxımından əlavə möhkəmləndirmə işləri aparılıb.
Hazırda ərazidə hərəkət tam təhlükəsiz şəkildə təmin olunur. Həm piyadalar, həm də nəqliyyat vasitələri üçün risk yaradan amillər aradan qaldırılıb.
