Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yol infrastrukturu ilə bağlı yaranmış problem öz həllini tapıb.
Baki-baku.az xəbər verir ki, bir neçə gün əvvəl Sarayevo küçəsində aparılan qazıntı işlərindən sonra yolun sol hissəsində yaranan çökəklik sürücülərin narazılığına səbəb olmuşdu. Normativ tələblərə uyğun örtülməyən hissə nəqliyyatın hərəkətində çətinlik yaradır, sürücüləri sürət həddini minimuma endirməyə və bəzən yalnız sağ zolaqla hərəkət etməyə məcbur edirdi.
Məsələ ilə bağlı aidiyyəti quruma ünvanlanan müraciətdən sonra problem qısa müddətdə aradan qaldırılıb. Yolun zədələnmiş hissəsi yenidən və normativ tələblərə uyğun şəkildə bərpa olunub, asfalt örtüyü tam şəkildə yenilənib və səth hamarlanaraq təhlükəsiz hərəkət üçün uyğun vəziyyətə gətirilib.
Hazırda Sarayevo küçəsində nəqliyyatın hərəkəti əvvəlki qaydada və maneəsiz şəkildə təmin olunub, geriyədönmə əməliyyatları və digər manevrlər artıq çətinlik yaratmır.