Bakı şəhərində ağacların nömrələnməsi və inventarlaşdırılması işləri davam etdirilir.
Baki-baku.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaşıllıqların mühafizəsinin təmin edilməsi, onlara müdaxilə hallarının qarşısının alınması, yaşıllıqların elektron reyestrinin formalaşdırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhərində ağacların qeydiyyatı və nömrələnməsi işləri davam etdirilir, o cümlədən pilot layihə çərçivəsində bir müddət əvvəl ağaclara vurulmuş identifikasiya lövhələri ölkə üzrə vahid standartlara uyğun yeni inventar lövhələr ilə əvəz olunur.
Ölkə üzrə vahid nömrələnmə və inventarlaşdırma standartına keçid məqsədilə şəhər ərazisindəki ağaclara yeni standartlara uyğun inventar lövhələr vurulur.
Qeyd edək ki, identifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin “Yaşıllıqların reyestri” alt sisteminə inteqrasiya edilir və www.agac.az saytında yerləşdirilir.