Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/30/2026

Paylaşın

TARİXİMİZ

Azərbaycan xalçaçılıq sənətinin səssiz dastanı: “Şeyx Səfi” xalçası

Azərbaycan torpağı minillər boyu sözünü təkcə qılıncla yox, ilmə-ilmə toxunan xalçalarla da deyib. Bu torpaqlarda xalça adi bir məişət əşyası olmayıb, o, evin bərəkəti, ocağın yaddaşı, xalqın taleyini danışan rəngarəng, naxışlı dastan olub. Ana laylası kimi yumşaq, döyüş nəğməsi kimi qüdrətli bu sənət əsrlər boyu Azərbaycan ruhunu ipə köçürüb, rəngə çevirib, dünyaya təqdim edib.

Azərbaycan xalçaçılıq sənəti yüksək bədii-texniki keyfiyyəti, zəngin ornament dili və dərin fəlsəfəsi ilə dünya mədəniyyətində özünəməxsus yer tutur. Bu sənətin zirvəsində isə bir ad dayanır – zamanın, taleyin və siyasətin sınaqlarından keçmiş, amma əzəmətini itirməmiş “Şeyx Səfi” xalçası.

Dünya şöhrətli “Şeyx Səfi” xalçasının tarixi

Xalqımızın dünya incəsənəti xəzinəsinə bəxş etdiyi bu unikal sənət nümunəsi 1539-cu ildə, Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Təbrizdə toxunub. Ümumi sahəsi 56,12 kvadratmetr olan bu xalça mütəxəssislər tərəfindən haqlı olaraq sənət möcüzəsi kimi qiymətləndirilir. Kompozisiya baxımından “ləçəktürünc” quruluşuna malik olan xalça Təbriz xalçaçılıq məktəbinin şah əsəri sayılır.

Azərbaycanda bu nadir sənət incisi “Şeyx Səfi” xalçası adı ilə tanınır. Bu adı ona Azərbaycan xalça elminin banisi Lətif Kərimov verib. Alim xalçanın Şeyx Səfiəddin İshaqın Ərdəbildəki məscid-türbəsinə vəqf edilməsi faktını əsas götürərək bu adlandırmanı elmi dövriyyəyə gətirib. Xalça uzun illər Şeyx Səfi kompleksini bəzəyib, məkanın ruhuna çevrilib.

Londondakı “Viktoriya və Albert” Muzeyində isə xalça “Ərdəbil xalçası” adı ilə nümayiş etdirilir.

İlmələrdə gizlənən kainat

Eni 5,34 metr, uzunluğu 10,51 metr olan xalçanın bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir və zəngin rəng çalarları bütöv bir vəhdət yaradır. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairəvi düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı və sarı rəngli 16 kiçik dairəvi qübbə Günəş şüalarını simvolizə edir. Yuxarı və aşağı hissədə təsvir olunan qırmızı və şəkəri rəngli qəndillər ilahi nuru xatırladır. Ətrafdakı saysız-hesabsız əlvan naxışlar isə kainatdakı ulduzların rəmzi kimi oxunur. Bu xalçaya baxmaq kifayət etmir, onu oxumaq, düşünmək, hiss etmək lazımdır. Çünki o, əsl sənət əsəridir.

Biganəlikdən muzey zirvəsinə

Xalçanın taleyi də özü qədər dramatikdir. 1891–1893-cü illərdə Ərdəbildə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş Şeyx Səfi kompleksinin bərpası üçün vəsait tapılmadığından, məcburən məscidin bir cüt xalısı satışa çıxarılır. Onlardan biri məhz “Şeyx Səfi” xalçası idi.

Xalça əvvəlcə İngiltərənin xalça ticarəti ilə məşğul olan “Vincent Robinson & Co.” (digər mənbələrdə “Ziqler”) şirkəti tərəfindən alınır və 1892-ci ildə Londonda satışa çıxarılır. O dövr üçün olduqca yüksək qiymət qoyulan bu nadir əsərin İngiltərədə qalması üçün “Viktoriya və Albert” Muzeyinin dizayneri Vilyam Morrisin təşəbbüsü ilə londonlular arasında ianə kampaniyası keçirilir. 1893-cü ildə 2000 funt-sterlinq toplanır və xalça muzeyin ən qiymətli eksponatlarından birinə çevrilir.

Beləliklə, bir xalqın müqəddəs məkanını bəzəyən sənət əsəri yad diyarda muzey vitrinində həyatına davam edir.

Şüşə altında qorunan qürur

Bu gün xalça “Viktoriya və Albert” Muzeyində xüsusi şüşə örtük altında saxlanılır. Rənglərin solmaması üçün işıq yalnız hər saatda 10 dəqiqə yandırılır. Dörd əsrdən artıq yaşı olan bu sənət nümunəsinin hələ də öz gözəlliyini qoruması insanı heyrətə gətirir və eyni zamanda qürur hissi oyadır.

Muzeydə “Şeyx Səfi” xalçası ilə yanaşı, Şah İsmayılın oğlu Şah Təhmasibə aid qızılla örtülmüş qılınc, Səfəvilərə məxsus miniatürlər və saxsı qablar da saxlanılır. Təəssüf ki, bu eksponatlar İran nümunələri adı altında təqdim olunur.

Bakıda nəfəs alan nüsxə

Sevindirici haldır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalçanın dəqiq təkrar nüsxəsi hazırlanıb və bu gün Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir. Beləliklə, “Şeyx Səfi” xalçasının surəti Vətəndə yaşayır.

Bir ünvana sığmayan ruh

“Şeyx Səfi” xalçası sadəcə bir xalça deyil. O, Azərbaycan tarixinin ilmələrə yazılmış səhifəsi, itkilərimizin ağrısı, sənətimizin əbədiyyətə ünvanlanan möhürüdür. Harada nümayiş olunmasından asılı olmayaraq, bu xalça Azərbaycan ruhu ilə toxunub və o ruh heç bir muzey divarına sığmır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, qarşılaşma "Enfild" stadionunda keçirilir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin