Şərq cəmiyyətində qadın üçün səhnəyə çıxmaq cəsarət tələb edir. Bəstəkar Şəfiqə Axundova səhnəyə öz taleyini çıxardı. O, həm ilk qadın opera müəllifi oldu, həm də tənhalığını musiqiyə çevirən bir sənətkar kimi yadda qaldı. Onun notları sevincdən çox nisgillə, alqışdan çox sükutla yoğrulub. Çünki bu musiqinin arxasında təkcə bəstəkar yox, həm də ömrü boyu tənhalığı seçmiş bir qadın dayanırdı.
1924-cü ildə qədim Şəkidə – ziyalı Axundovlar ailəsində doğulan Şəfiqə Axundova uşaqlıqdan musiqi ilə nəfəs alırdı. Atası Qulam Axundov dövrünün savadlı, nüfuzlu şəxslərindən idi. Ancaq onun sənət yolunda ən böyük dayağı bacısı Zümrüd Axundova oldu. Zümrüd xanımın evində yığışan ziyalı mühiti, o evdə ucalan royal sədaları Şəfiqənin taleyini erkən müəyyənləşdirdi. Elə həmin evlərin birindən Üzeyir Hacıbəyova aparan yol açıldı.

Üzeyir bəyin diqqəti, qayğısı və xeyir-duası Şəfiqə Axundovanın sənət yolunun əsas sütununa çevrildi. Onun bir parça çörəyi tələbəsinə uzadaraq “sənin rəngin xoşuma gəlmir, bunu ye” deməsi, əslində, təkcə müəllim qayğısı yox, böyük bir məktəbin mənəvi fəlsəfəsi idi. Bu məktəbdən keçən Şəfiqə Axundova sonradan Şərq musiqi tarixində bir ilkə imza atacaqdı.
1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şəfiqə Axundova Şərqdə opera yazan ilk qadın bəstəkar kimi tarixə düşdü. Bu opera təkcə musiqi hadisəsi deyildi. Bu, Şərq cəmiyyətində qadının yaradıcılıq haqqının səhnəyə çıxması idi. “Gəlin qayası”nda milli musiqi intonasiyaları ilə klassik opera forması arasında incə bir tarazlıq qurulmuşdu. Burada qadın taleyi, sədaqət, fədakarlıq və susqun ağrı aparıcı xətt kimi duyulurdu. Təsadüfi deyil ki, bu opera Şəfiqə Axundovanın öz daxili dünyasının da simvolu sayılır.

Onun şəxsi həyatı isə musiqisi qədər ağır idi. Qısa sürən evlilik, bircə övlad – Taleh… və sonra yenə tənha bir qadın. Şəfiqə Axundova ailə ilə sənəti eyni tərəzidə ölçməyin mümkünsüzlüyünü açıq deyirdi: “Tam mənası ilə sənət üçün gərək tənha olasan”. O, bu tənhalığı seçdi. Amma bu seçim ona ən ağır zərbəni – oğlunun faciəli taleyini yaşatdı. Taleh Hacıyevin ruhi xəstəliyi, erkən ölümü, bu xəbərin anasından gizlədilməsi Şəfiqə Axundovanın həyatında susaraq yaşanan ən böyük faciə idi.
Şəfiqə Axundovanın ağrını musiqiyə çevirdiyi əsərlərdən biri “Həsrətində”dir. Bu əsər sadə melodik quruluşa malik olsa da, dərin emosional qat daşıyır. Burada melodiyanın hər dönüşü gözləmə, hər pauzası susqun yalvarış kimidir. “Həsrətində” nə dramatik çığırtıdır, nə də açıq fəryad – bu, içə çəkilən bir ahdır. Musiqi sanki dinləyicini tələsdirmir, onu həsrətin içində saxlayır. Şəfiqə Axundova bu əsərdə melodiyanı deyil, duyğunu önə çəkir. Elə buna görə də “Həsrətində” dinlənilmir, hiss olunur.

Onun yüzlərlə mahnısı – “Lay-lay”, “Mehriban olaq”, “Gözlərimin işığı sənsən”, “Hardasan sevgilim” – xalqın yaddaşına çevrildi. “Mehriban olaq” isə bir çağırış idi: insanlara, cəmiyyətə, bir-birinə qarşı mərhəmət çağırışı. Bəlkə də bu, onun öz taleyinə ünvanlanmış bir arzu idi.
Şəfiqə Axundova ömrünün son günlərində “Məni ölməyə qoymayın, mən yaşamaq istəyirəm” deyirdi. Amma taleyin ironiyasına bax ki, o, oğlunun vəfat etdiyi gündə – beş il sonra özü də dünyadan köçdü. Sanki bu ana həsrəti yalnız o tarixdə tamamlandı.
Bu gün Şəfiqə Axundova Şərqdə ilk qadın opera müəllifi, musiqidə tənhalığın, sədaqətin və səssiz ağrının simvoludur. Onun əsərləri sübut edir ki, bəzən ən güclü səslər ən sakit ürəklərdən çıxır.
Xanım Aydın