Bakının Nəsimi rayonu, Süleyman Rüstəm və Ənvər Qasımzadə küçələrinin kəsişməsində aparılan tikinti işləri ərazidə ciddi narahatlığa səbəb olub.
Baki-baku.az xəbər verir ki, tikinti sahəsi hasara alınsa da, ağır texnikanın əraziyə daxil olması zamanı piyada səkisindən istifadə etməsi sakinlərin gediş-gəlişini xeyli çətinləşdirib.
Xüsusilə yağışlı havalarda yaranan palçıqlı mühit insanların hərəkətini mümkünsüz edir, ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olur.
Sakinlər bildirir ki, texnika səkidən keçərək yaşıllıq əraziyə daxil olur və səkiləri dağıdaraq, ətrafı palçıq içində qoyaraq tikinti sahəsinə gedir.
Bundan əlavə, tikinti prosesinin mövcud ağaclar üçün də təhlükə yaratdığı bildirilir.
Qeyd olunur ki, ərazi mənzil-kommunal təsərrüfatı birliklərinin əməkdaşları tərəfindən dəfələrlə təmizlənsə də, tikinti şirkətinin əvvəlki qaydada fəaliyyətini davam etdirməsi problemi yenidən aktuallaşdırır.
Sakinlər tikinti işlərinin piyada təhlükəsizliyi və yaşıllığın qorunması tələblərinə uyğun aparılmasını tələb edirlər.






