Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/19/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Səmaya açılan ilk qadın yolu – Leyla Məmmədbəyova

Leyla Məmmədbəyova

Tarixdə “ilk” olmaq həmişə asan olmayıb. Bəlkə də, heç vaxt asan olmayıb. İlk addımı atanlar təkcə şöhrət qazanmayıblar – qorxu, təzyiq, qadağa və risklə də üz-üzə qalıblar. Cəsarət tələb edən bu yolu seçən qadınlardan biri də Şərqin ilk təyyarəçi qadını, Azərbaycanın aviasiya tarixində silinməz iz qoyan Leyla Məmmədbəyova idi.

Qanlı küçələrdən başlayan həyat yolu

Leyla Ələsgər qızı Məmmədbəyova 1909-cu il sentyabrın 17-də Bakıda dünyaya gəldi. Uşaqlığı Azərbaycan tarixinin ən faciəli dövrlərindən birinə təsadüf etdi. 1918-ci ilin martında erməni daşnaklarının və bolşeviklərin törətdiyi qırğınlar Leylanın yaddaşına silinməz izlər saldı. Hələ doqquz yaşında ikən ailəsi ilə birlikdə Bakını gizlicə tərk edib Həştərxana köçməyə məcbur oldular.

Balaca Leyla qan içində qalmış küçələrdən keçərkən atasına sığınırdı. O zaman bilmirdi ki, bu qorxulu mənzərələr onu sındırmayacaq, əksinə, gələcəkdə cəsur bir qadına çevirəcək.

Leyla Məmmədbəyova

“Kiçik inqilabçı” Leyla

Atası Ələsgər Zeynalov dövrünün fəal inqilabçılarından idi, Nəriman Nərimanovla yaxın dostluq edirdi. Həştərxanda eyni evdə yaşamaları, Leylanın uşaqlıq xatirələrinə maraqlı epizodlar əlavə etmişdi. Hətta bir dəfə Leyla sinə ağrısından şikayət edəndə atasının onu “Nəriman əmi”nin yanına göndərməsi ailə xatirəsi kimi yadda qalmışdı.

Hələ on yaşı tamam olmamış Leyla artıq inqilabçıların etibarlı köməkçisinə çevrilmişdi. Uşaq olduğu üçün jandarmların diqqətini çəkmirdi və ona məktublar, gizli sənədlər etibar olunurdu. Beləcə, Leyla Məmmədbəyova hələ uşaq yaşlarından qorxmazlığı ilə seçilirdi.

Erkən itkilər, erkən məsuliyyət

1920-ci ildə ailə Bakıya qayıtdı. Leyla 12–13 yaşlarında anasını itirdi. Anasızlıq onu daha da tez böyütdü. Atasının və əmilərinin xüsusi qayğısı ilə əhatə olunsa da, həyatın məsuliyyəti çiyinlərinə erkən düşdü.

1922-ci ildə, hələ on dörd yaşı tamam olmamış, Kürdəxanıdan olan gənc Bəhram Məmmədbəyovla ailə qurdu. Bu evlilik Leylanın taleyində dönüş nöqtəsi oldu. Çünki həyat yoldaşı onun oxumasına, işləməsinə, cəmiyyət içində aktiv olmasına dəstək verirdi. Bu, həmin dövr üçün nadir bir yanaşma idi.

Leyla Məmmədbəyova

Tək qadın, tək yol

Leyla Bakı Təyyarəçilər Məktəbinə qəbul olunanda, məktəbə cəmi 22 nəfər seçilmişdi. Onların arasında yeganə qadın Leyla Məmmədbəyova idi. Kişi hərbi formasını geyinib həyat yoldaşının yanına gedəndə Bəhram Məmmədbəyov onu əvvəlcə tanımamış, sonra isə gülərək demişdi:“Afərin sənə, uç!”

1931-ci ildə Leyla “U-1” təyyarəsində ilk uçuşunu həyata keçirdi. Həmin gün onun həyatında yeni bir dövr başladı. Uçuş uğurla başa çatdı, alqışlar gəldi, amma risklər də artdı.

Səmaya ana qəlbi ilə qalxan qadın

Leyla çox gənc yaşında ana oldu. İlk övladını 16 yaşında dünyaya gətirdi. Buna baxmayaraq, aviasiya təhsilindən imtina etmədi. 1932-ci ildə Moskvaya göndərildi. Kiçik uşağını Bakıda qoymaq onun üçün ağır idi, lakin geri çəkilmədi.

Moskvada “U-2” təyyarəsini idarə etməyi öyrəndi, məşhur pilotlarla tanış oldu. Orada ona dedilər ki, təyyarəçi qadın hörük gəzdirə bilməz. Leyla gözəlliyinin bir parçası olan saçları ilə vidalaşdı. Həyat yoldaşının buna görə qanı qaralsa da, ona baxıb yalnız bir cümlə dedi: “Pis deyil.”

Paraşütlə səmaya meydan oxuyan qadın

1933-cü il martın 17-də Moskvanın Tuşino aerodromunda Leyla Məmmədbəyova “PT-1” paraşütü ilə “U-2” təyyarəsindən tullandı. O vaxta qədər SSRİ-də cəmi 84 paraşütçü vardı və onlardan yalnız biri qadın idi. Leyla Sovet İttifaqında ikinci qadın paraşütçü, Cənubi Qafqazda isə ilk oldu.

Bu qərar ailədə də narahatlıq yaratmışdı. Həyat yoldaşı qorxusunu gizlətmirdi, amma Leyla geri çəkilmədi. Çünki onun üçün səmadan imtina etmək mümkün deyildi.

Leyla Məmmədbəyova

Qələbələr, ordenlər və sınaqlar

1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında Leyla Məmmədbəyova birinci oldu. 1935-ci ildə SSRİ MİK-in sədri Mixail Kalinin ona “Şərəf nişanı” ordenini təqdim etdi.

Repressiya illəri ailədən də yan keçmədi. 1937-ci ildə həyat yoldaşının partiya bileti alınanda ailə ağır günlər yaşadı. Lakin bu təhlükəli mərhələni də sağ-salamat geridə qoydular.

Müharibə cəbhəsində olmasa da, cəbhə üçün

1941-ci ildə müharibə başlayanda Leyla artıq aviasiya mayoru idi və dörd uşaq anasıydı. Cəbhəyə getməsinə icazə verilmədi. Amma o, müharibədən kənarda qalmadı. Öz təşəbbüsü ilə Planer-Paraşüt Klubunun açılmasına nail oldu.

Müharibə illərində onun hazırladığı yüzlərlə desant və minlərlə paraşütçü cəbhəyə yollandı. Tələbələrindən ikisi Sovet İttifaqı Qəhrəmanı oldu. Azərbaycanın ilk hərbi təyyarəçi qadını Züleyxa Seyidməmmədova da məhz Leyladan ilham aldı.

Leyla Məmmədbəyova

Səmadan ayrılıq və səssiz vida

1949-cu ildə Leyla Məmmədbəyovanın son uçuşu baş tutdu. Sağlamlığı artıq səmaya qalxmağa imkan vermirdi. Sonralar DOSAAF-da rəhbər vəzifələrdə çalışdı, 1961-ci ildə təqaüdə çıxdı.

Altı övlad böyütdü, “Analıq medalı” ilə təltif olundu. Ömrünün son illəri maddi baxımdan çətin keçsə də, ümidini, inamını heç vaxt itirmədi.

1989-cu ilin iyulunda dünyasını dəyişdi. Sentyabrda 80 yaşı tamam olacaqdı. İkinci Fəxri xiyabanda dəfn olundu.

Tarixdə qalan ad

Leyla Məmmədbəyova bu gün də Azərbaycanın, Cənubi Qafqazın və Yaxın Şərqin ilk qadın təyyarəçisi kimi xatırlanır. O, bununla qadınlara yol açdı, qorxuları məğlub etdi və tarixə cəsarətin adını yazdı.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun

Ən son

GÜNDƏM

Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş

GÜNDƏM

Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin