Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/16/2026

Paylaşın

TARİXİMİZ

Bakı – Külək və od şəhərinin ad sirri

Bakı

Min illərdir Xəzərin sahilində küləklə odun, daşla dənizin qovuşduğu bir şəhər var – Bakı. Bu şəhər təkcə qalaları, nefti və dar küçələri ilə deyil, adı ilə də sirr daşıyır. Zaman dəyişdikcə, imperiyalar gəlib-getdikcə Bakının adı da müxtəlif səslərlə çağırılıb: Baqavan, Atəşi-Baqavan, Badkubə, Baku, Bakı… Kimi onu “küləklər şəhəri” adlandırıb, kimi “odun yurdu”, kimi isə Tanrıya yaxın bir məkan kimi görüb. Hər adın arxasında bir dövrün izi, bir inancın nəfəsi, bir xalqın yaddaşı dayanır. Bu yazı Bakının adının izinə düşür – küləyin səsində, alovun işığında və qədim divarların görünməyən yaddaşında gizlənən hekayəni danışmaq üçün.

Bakı şəhərinin ən qədim adı V–VIII əsr mənbələrində Baqavan, Atli (Atşi) Baqavan və Atşi (Atəşi) – Baquan formalarında çəkilir. Bir sıra tədqiqatçıların fikrincə, bu adlar Bakı şəhərinə aiddir. “Baqavan” toponimi bir çox hind-avropa dillərində “tanrı”, “günəş” mənasını verən “baqa” kökündən ibarətdir. XIX əsrin əvvəllərində şərqşünas M.J.Sen-Marten V–VII əsr mənbələrində adı çəkilən Baqavanın Bakının qədim adı olduğunu göstərib. “Badkubə” sözü fars dilində “bad” – külək, “kubidan” felindən yaranmış “kubə” – vurmaq mənasını ifadə edir və “küləyin vurduğu yer” kimi izah olunur. Bu ad Bakının məruz qaldığı güclü şimal küləkləri ilə əlaqədar yaranıb. Lakin bu izah xalq etimologiyasıdır və sözün qədim yazılış formasını təhrif edir. XVI əsrdə bu adın Badkuyə və ya Badku kimi qısaldılmış formalarına da rast gəlinir. Şəhərin müasir adı isə XIII əsrdən etibarən Qərbi Avropa səyyahlarının əsərlərində qeyd olunmağa başlanır.

“İslam Ensiklopediyası” (türk mənbəsi) “Bakı” toponiminin mənşəyini türkcə “Bəy-köy” söz birləşməsi ilə əlaqələndirir ki, bu da “baş şəhər”, “əsas şəhər” mənasını verir. İngilis arxeoloqu Uilyam Flinders Petri isə e.ə. II minilliyə aid Misir “Ölülər kitabı”nda rast gəlinən “doğub qalxan günəşin dağı Bahou (Bakhay)” ifadəsinin Bakı ilə əlaqədar olduğunu iddia edir. Bəzi tədqiqatçılar Bakını qədim mənbələrdə çəkilən “Qaytara”, “Albana”, “Baruka” toponimləri ilə bağlayırlar. Belə ki, eramızın V–VIII əsrlərinə aid mənbələrdə müasir Bakının yerləşdiyi ərazi “Baqavan”, “Atəşi Baquvan” adları ilə xatırlanır.

Eramızın IX əsrindən başlayaraq ərəb mənbələrində ilk dəfə “Bakı”, “Bakux”, “Bakuyə”, “Bakuyə” toponimlərinə rast gəlinir. Daha sonralar Avropa mənbələrində şəhərin adı “Baqa”, “Baki”, “Baxii”, rus mənbələrində isə “Baka” kimi qeyd olunur. “Baka” toponimini Afanasi Nikitin də xatırlayır: “Dərbəndə getdi, Dərbənddən Bakaya yollandı; orada sönməz od yanırdı, sonra isə dənizi keçdi”.

Bakı şəhərinin adını qoruyub saxlayan ən qiymətli sənədlərdən biri də İçərişəhər ərazisində yerləşən məscidlərin divarlarında olan kitabələrdir. Qız qalasının yaxınlığında yerləşən Cümə məscidinin minarəsinin bünövrəsində divara həkk olunan kitabə Elxanilər dövlətinin hökmdarı Məhəmməd Olcaytunun (1304–1316) yarlığının mətnini əks etdirir. Burada “Bakı” sözü “Bakuyə” formasında verilib. XIV–XV əsrlərdə Bakıda Elxanilər, Cəlairilər və Şirvanşahlar tərəfindən kəsilmiş sikkələrdə də şəhərin adı “Bakuyə” şəklində yazılıb. Rus mənbələrində isə Bakı “Baka” kimi qeyd olunur.

Həmçinin güman edilir ki, “Bakı” adının mənşəyi qədim fars dilindəki “Bxaqu” — “od tanrısı” sözü ilə bağlıdır. Tarixçi, professor Sara Aşurbəyli də hesab edirdi ki, bu söz kökləri Zərdüştiliyə gedib çıxır, lakin bir sıra qədim dillərdə “günəş”, “tanrı” mənasını verən “baqa” sözündən yaranıb.

Qafqazşünas alim K.Patkanovun versiyasına görə, “Bakı” adı lak dilində “təpə” mənasını verən “bak” sözündən yaranıb. Axı Bakı təpələr üzərində yerləşir. Tarixçi Əli Hüseynzadə də bu fikirlə razılaşaraq bildirirdi ki, “Bakı” sözü XI əsrdə Mahmud Kaşğarinin məşhur türk lüğətində “təpə” mənasında qeyd olunub.

İllər, zamanlar dəyişir, onlarla yanaşı Bakının da adı müxtəlif formalar alır. Və nəhayət, azərbaycanlılar, o cümlədən Abşeron sakinləri bu küləklər və od şəhərlərini “Bakı” adlandırırlar. Şəhərin müasir yazılışı olan “Bakı” qədim formasına tam uyğun gəlir və uzun, mürəkkəb inkişaf yolu keçərək xalq etimologiyasının təsiri altında Baqavan, Atşi-Baqavan, Atşi-Baquan, Baku, Bakuh, Bakuyə, Badkubə, Badku, Baku və nəhayət Bakı formalarını alıb. “Baqi” sözü ərəb dilində “əbədi”, “sonsuz”, “qalıcı”, “çürüməz”, “əbədi mahiyyət” mənalarını verir, türk dilində isə “toxunulmaz” və ya “müqəddəs” anlamında işlədilir. Avesta və qədim İran dillərində “baqa” və ya “baq” sözü Tanrı mənasını ifadə edir. “Baqa” sözü rus dilinə “boq” (бог) formasında keçib. Müasir Bakı toponimində biz onun qədim “Tanrının şəhəri, Tanrının məkanı” mənasını görürük ki, bu da neft və qazın yanan fontanları ilə bağlıdır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Junior ŞHK Liqası məktəblilər arasında yumor mədəniyyətini inkişaf etdirməyə davam edir və istedadlı gənclərin aşkarlanmasına və dəstəklənməsinə kömək

Ən son

HƏR ŞEYDƏN

Arılar fasiləsiz əmək rejimində yaşayırlar: nektar toplayır, bitkiləri tozlandırır, şanalar qurur və hər bir fərdin

HƏR ŞEYDƏN

Arılar fasiləsiz əmək rejimində yaşayırlar: nektar toplayır, bitkiləri tozlandırır, şanalar qurur və hər bir fərdin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin