Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/15/2026

Paylaşın

TARİXİMİZ

Atəşgah: Odun ilahiləşdiyi məkan, zamanların qovuşduğu müqəddəs abidə

Abşeron yarımadasının sərt küləkləri arasında, Suraxanı kəndi yaxınlığında ucalan Atəşgah od məbədi minilliklər boyu insanın təbiətlə, xüsusilə də odla qurduğu münasibətin simvoludur. Görünür, tarix təkcə daşlarda, salnamələrdə yox, həm də alovun üzərində yazılır, alovla yaddaşlara həkk olunur. Abşeronun küləklə yoğrulmuş səssizliyində, yerin sinəsindən qopan odun minilliklər boyu insanı düşündürdüyü, qorxutduğu və inandırdığı Atəşgahda dinlər bir-birinə toxunur, mif tarixə, tarix isə inanca çevrilir. Bu məbəd insanın oda baxaraq öz varlığını dərk etdiyi, ruhunu sınağa çəkdiyi və Tanrıya yaxınlaşmağa çalışdığı əsrlərin canlı şahididir.

Atəşgah Bakıdan təxminən 30 kilometr aralıda yerləşir və müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər, siqhlər və parslar tərəfindən ibadət yeri kimi istifadə olunub. XVII–XVIII əsrlərdə təbii qaz çıxışlarının olduğu sönməz alovlar üzərində inşa edilən bu məbədin adı təsadüfi deyil: “Atəşgah” – “od evi”, “alov yeri” deməkdir.

Əbədi alovlar ölkəsi: mifdən tarixə

Abşeron yarımadası qədim dövrlərdən bəri yerin təkindən çıxan yanar qazlarla tanınırdı. Orta əsr mənbələrində Bakı və ətraf ərazilər “sönməz alovlar məkanı” kimi təsvir edilir. Bizans tarixçisi Panili Prisk hələ V əsrdə “sualtı qayalardan alov qalxması”ndan bəhs edir. Tədqiqatçıların fikrincə, bu qeydlər əbədi Bakı odlarına aiddir.

VII–X əsrlərdə yaşamış tarixçilər də Abşeronda yanan qaz çıxışlarını qeyd edirdilər. Pirallahı adasında, Şubanı dağında, Bakı buxtasında və Qız qalası yaxınlığında belə alovların olduğu məlumdur. Bu səbəbdən Abşeron təkcə coğrafi yox, mənəvi bir mərkəzə çevrilmişdi.

İnsanlar bu alovları qorxu ilə deyil, heyranlıqla izləyirdilər. Çünki onların təsəvvüründə od yaradan gücün yer üzündəki təzahürü idi.

Zərdüştilik və Atəşgahın ilkin qatları

Zərdüştilik dünyanın ən qədim dinlərindən biridir və tədqiqatçıların böyük hissəsi bu dinin Azərbaycan ərazisində formalaşdığını qəbul edir. E.ə. X–IX əsrlərdə zərdüştilik artıq bu torpaqlarda hakim inanc idi.

Zərdüştilikdə oda ibadət olunmurdu – od Tanrının nuru və həqiqətin rəmzi sayılırdı. Buna görə də alovun yandığı yerlər müqəddəs hesab edilirdi və bu ərazilərdə alov məbədləri inşa edilirdi.

Sasanilər dövründə (III–VII əsrlər) Cənubi Qafqazda zərdüştilik daha da yayılır. Mobed Kartirin kitabəsində onun Albaniyaya qədər alov məbədləri tikdirdiyi qeyd olunur. Müxtəlif tarixçilərin əsərlərində Atəşi-Bağavan, Baqavan, Yeddiquyulu məbəd kimi toponimlərdən bəhs edilir. Tədqiqatçıların fikrincə, bu adlar Bakı və Abşeron ərazisindəki qədim atəşpərəstlik mərkəzləri ilə bağlıdır.

Hətta xalq arasında bu günə qədər belə bir rəvayət yaşayır ki, İçərişəhərdəki Cümə məscidi qədim atəşpərəstlik məbədinin yerində tikilib. XIX əsr səyyahlarının təsvirlərinə görə, məscidin içində daha qədim dövrə aid dörd tağ mövcud idi.

XVII–XVIII əsrlər: Atəşgahın yenidən doğuluşu

XV–XVI əsrlərdən etibarən Şirvan ilə Hindistan arasında ticarət yolları canlanır. Hindistandan gələn tacirlər, asketlər və zəvvarlar Suraxanıdakı sönməz alovları müqəddəs sayaraq buraya axışırlar.

Məhz bu dövrdə – 1713-cü ildə Atəşgahın bu gün bildiyimiz memarlıq kompleksi formalaşır. Qədim atəşpərəstlik qalıqları üzərində yeni məbəd inşa edilir. XVII–XVIII əsrlərdə Atəşgah artıq əsasən hinduist və siqh ibadətgahı kimi fəaliyyət göstərir, lakin zərdüştilər (parslar və gebrlər) də buranı ziyarət etməyə davam edirlər.

Avropa səyyahları – Engelbert Kempfer, Şarden, Qmelin, Hanvey, Aleksandr Düma və başqaları Atəşgah haqqında maraqlı qeydlər aparıblar. Onlar burada hindli zəvvarları, pars kahinlərini və alova səcdə edən asketləri görmüşdülər.

Memarlıq: karvansara ilə məbədin sintezi

Atəşgahın memarlığı unikal xarakter daşıyır. Kompleks beşguşəli müdafiə divarları, iri giriş portalı və mərkəzdə yerləşən dördguşəli alov altarından ibarətdir. Altar dörd sütun üzərində ucalan, üstü günbəzli və dörd tərəfi açıq “cahartağ” formasındadır ki, bu da Sasanilər dövrünün od məbədlərinə xasdır.

Ətrafda zəvvarlar və rahiblər üçün hücrələr, ibadət zalları və karvansara mövcuddur. Girişin üzərində isə Şirvan-Abşeron memarlıq məktəbinə xas balaxana yerləşir.

Bu memarlıq Atəşgahı həm məbəd, həm də səyyahlar üçün sığınacaq halına gətirmişdi.

Rahiblərin ağır sınaqları və alovun hökmü

Atəşgahda yaşayan rahiblər cəmiyyətdən uzaq, asketik həyat sürürdülər. Onlar bədənlərini müxtəlif işgəncələrlə sınağa çəkir, ağır zəncirlər daşıyır, yandırıcı maddələr üzərində uzanırdılar. Məqsəd bədəni yox etmək, ruhu saflaşdırmaq idi.

Məbədin yaxınlığında yerləşən dərin quyu isə vəfat etmiş dindarların cəsədlərinin yandırıldığı yer olub. Rahiblər inanırdılar ki, ölüm son deyil – ruh yenidən dünyaya qayıdır və bu dönüş insanın topladığı karmadan asılıdır.

Alovun sönməsi və Atəşgahın yeni taleyi

XIX əsrin ortalarından etibarən Abşeronda neft və qaz sənayesinin inkişafı təbii alovların tədricən sönməsinə səbəb oldu. 1855-ci ildə məbəd yaxınlığında zavod tikildi, 1887-ci ildə Rusiya imperatoru III Aleksandr buranı ziyarət edir və zəifləmiş alovları o da gormuşdü.  6 yanvar 1902-ci ildə Atəşgahın son təbii alovu da söndü.

1925-ci ildən sonra məbəd uzun müddət tərk edilmiş vəziyyətdə qaldı. Yalnız 1975-ci ildə aparılan əsaslı restavrasiyadan sonra Atəşgah yenidən ziyarətçilərə açıldı. 2007-ci ildə isə əlavə bərpa işləri görüldü.

Bu gün Atəşgah nəyi təmsil edir?

Bu gün Atəşgah Azərbaycan üçün mədəni və dini tolerantlığın simvolu, tarix üçün canlı arxiv, zərdüştilər və parslar üçün müqəddəs xatirə yeri, dünya üçün isə odla formalaşmış nadir sivilizasiya nümunəsidir.

1998-ci ildə Atəşgah UNESCO-nun Ümumdünya irsi siyahısına namizəd kimi daxil edilib. Hazırda o, Dövlət Tarix-Memarlıq Qoruğu statusu daşıyır və hər il on minlərlə insan bu sönmüş, amma yaddaşlarda hələ də yanan alovu görməyə gəlir.

Atəşgahın əsrlər boyu özü-özlüyündə bir müqəddəs və mübarək məkan olaraq yaşaması və yaşayacağı ilə Azərbaycanın odlar diyarı, od nəfəsli, od ürəkli, od xislətli olmasını özündə ehtiva edir…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Səbail rayonu ərazisində yaşıllıq ərazinin məhv edilməsi ilə bağlı fakt aşkarlanıb.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

XX əsr Azərbaycan incəsənəti miqyaslı layihələr, ideoloji obrazlar və proqram xarakterli bədii konsepsiyalarla bağlı çoxsaylı

TARIXI ŞƏXSİYYƏTLƏR

XX əsr Azərbaycan incəsənəti miqyaslı layihələr, ideoloji obrazlar və proqram xarakterli bədii konsepsiyalarla bağlı çoxsaylı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin