Bu gün – 12 yanvar Azərbaycan mədəniyyət tarixində qızıl hərflərlə yazılmış bir günün ildönümüdür. Məhz bu tarixdə, 1908-ci ilin soyuq bir qış axşamında, Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında cəmi 22 yaşlı Üzeyir bəy Hacıbəylinin bəstələdiyi “Leyli və Məcnun” operası ilk dəfə səhnədə nümayiş olundu. Bununla da təkcə Azərbaycanda deyil, bütün Şərq və İslam dünyasında opera sənətinin əsası qoyuldu.

“Leyli və Məcnun” o dövr üçün bir mədəniyyət hadisəsi, bir tarixi dönüş nöqtəsi, Şərq musiqi təfəkkürünün Avropa opera forması ilə ilk böyük sintezi idi. Üzeyir Hacıbəyli muğamın əsrlərlə formalaşmış şifahi ənənəsini klassik opera dramaturgiyasına tabe etdirərək tamamilə yeni bir janr – muğam-operanı yaratdı. Bu addım Azərbaycan professional musiqisinin gələcək inkişaf yolunu müəyyənləşdirdi.

Əsərin mənbəyi XVI əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması idi. Füzulinin dərin lirizmi, insan ruhunun iztirablarını və pak məhəbbətin əbədiliyini ifadə edən fəlsəfəsi Üzeyir bəyin musiqisində yeni bir nəfəs qazandı. Bəstəkarın öz sözləri ilə desək, onun vəzifəsi Füzulinin sözlərinə forma və məzmunca zəngin muğamlar seçmək və hadisələrin dramatik planını qurmaq idi. Lakin bu “sadə” görünən yanaşma əslində musiqi tarixində inqilabi bir addım idi.
“Leyli və Məcnun”da muğam artıq adi muğam, adi ifa deyil, dramaturgiyanın aparıcı qüvvəsinə çevrilir. Qəhrəmanların daxili dünyası, onların iztirabı, ümidi, üsyanı və məhəbbəti muğamların dili ilə açılır. “Segah”, “Şahnaz”, “Bayatı-Şiraz”, “Şüştər”, “Bayatı-Kürd” – hər biri obrazların taleyi ilə birgə yaşayır, hadisələri irəli aparır.
Bu opera həm də ictimai məna daşıyırdı. Üzeyir Hacıbəylinin yaratdığı Leyli obrazı Füzulinin Leylisindən fərqli olaraq, açıq şəkildə öz sevgisini etiraf edir. Bu etiraf feodal-patriarxal cəmiyyətin qaydalarına bir etiraz, Azərbaycan qadınının azadlıq arzusunun musiqi ilə ifadəsi idi.

İlk tamaşanın səhnə həyatı da çətinliklərlə dolu idi. Qadınların səhnəyə çıxmasına icazə verilmədiyi üçün Leyli rolunu kişi aktyorlar ifa edirdi. Buna baxmayaraq, opera xalq tərəfindən böyük sevgi ilə qarşılandı və qısa müddətdə Azərbaycanın hüdudlarını aşaraq Zaqafqaziya, Orta Asiya, İran və digər bölgələrdə nümayiş olundu.
Bir əsrdən artıqdır ki, “Leyli və Məcnun” yaşayır. Nəsillər dəyişir, Leylilər və Məcnunlar bir-birini əvəz edir, amma bu məhəbbət dastanı səhnədə öz təravətini itirmir. UNESCO-nun 2008-ci ildə operanın 100 illiyini xüsusi tarixlər siyahısına daxil etməsi də əsərin bəşəri dəyərinin təsdiqi oldu.

Bu gün “Leyli və Məcnun”a baxarkən biz yalnız bir sevgi faciəsini deyil, Azərbaycanın taleyini, ruhunu, mədəni müqavimətini də görürük. Bir zamanlar Şuşası işğal altında qalan, Üzeyir bəyin ev muzeyi dağıdılan, heykəlləri güllələnən bir xalq bu gün artıq azad olunmuş torpaqlarda öz mədəni irsini yenidən dirçəldir. Şuşa azaddır, Azərbaycan bayrağı yenidən mədəniyyətimizin beşiyi olan bu şəhərdə dalğalanır.
Bu gün “Leyli və Məcnun” artıq təkcə keçmişin yadigarı deyil. O, bərpa olunan suverenliyin, dirçələn milli ruhun, müasir Azərbaycan mədəniyyətinin canlı simvoludur. İşğaldan azad edilmiş torpaqlarda, yenidən qurulan səhnələrdə bu operanın səslənməsi Üzeyir bəyin ruhuna, Azərbaycan xalqının mədəni iradəsinə ən böyük ehtiramdır.
Bu gün – 12 yanvar biz “Leyli və Məcnun”un ilk dəfə nümayiş olunduğu günü xatırlayarkən anlayırıq ki, bu opera zamanları, sərhədləri və sınaqları aşaraq Azərbaycanın əbədi səsi kimi yaşayır və yaşayacaq.

Xanım Aydın