Hər il olduğu kimi, bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda yerli sakin və xarici qonaq Yeni il atəşfəşanlığını izləmək üçün Bakının mərkəzinə toplaşıb. Bayram gecəsi atəşfəşanlıq şəhərdə xüsusi bayram ab-havası yaradıb. Bu qədər insanın bir araya gəldiyi tədbirlərdən sonra parkların, meydanların və küçələrin çirklənməsi isə adi və gözlənilən haldır.
Baki-baku.az xəbər verir ki, lakin buna baxmayaraq, bayram gecəsinin ardından paytaxtın təmiz və səliqəli vəziyyətdə olması hər kəsin diqqətini cəlb edib. İnsanların çox olduğu ərazilərdə Bakı şəhərinin kommunal xidmətləri operativ və səmərəli şəkildə fəaliyyət göstərib. Yanvarın 1-i səhər saat 06:00-a qədər artıq şəhərin küçələri, parkları və meydanları tam təmizlənib. Bu nəticə gücləndirilmiş rejimdə çalışan kommunal xidmət əməkdaşlarının böyük zəhmətinin göstəricisidir.
Bakıda keçirilən bayram tədbiri isə şəhərin kommunal təsərrüfat işçilərinin işinin yüksək səviyyədə təşkil olunması ilə yanaşı Prezident İlham Əliyevin siyasəti nəticəsində insanlarımızın həyat və mədəni səviyyəsinin durmadan artmasının əyani sübutudur. Bundan əlavə dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində paytaxtın kommunal strukturlarının maddi texniki bazası hər il gücləndirilir.
Şəhər sakinlərinin və qonaqların bayramı təhlükəsiz və rahat şəkildə qeyd etməsi, ardınca isə Bakının qısa müddətdə əvvəlki səliqəli vəziyyətinə qayıtması paytaxtın müasir və davamlı inkişaf edən şəhər olduğunu bir daha sübut edir.


Qeyd edək ki, Bakının təmiz və nizamlı görünüşü dünyanın bir çox paytaxt şəhərlərində bayram gecəsindən sonra yaranan mənzərə ilə kəskin ziddiyyət təşkil edir. Məsələn, Fransanın paytaxtı Parisdə qalaq-qalaq zibil yığılması artıq adi hala çevrilib. Nyu-York şəhərində isə Yeni il tədbirlərindən sonra küçələrin vəziyyəti daha acınacaqlı idi. Vyetnam paytaxtı Hanoy şəhərində də bayram sonrası situasiya heç də urəkaçan deyildi. Bakı isə bu fonda təmizlik və nizam-intizam nümunəsi kimi seçildi.









