Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/29/2025

Paylaşın

GÜNDƏM

Büllur başmağın səhnə sehrində: klassik nağılın müasir oxunuşu

"Büllur başmaq"

Klassik süjetin müasir tamaşaçı ilə dialoqu

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Şarl Perronun məşhur “Küllücə” nağılı əsasında hazırlanan “Büllur başmaq” tamaşasının premyerası baş tutdu. Teatrın mətbuat xidmətinin rəhbəri Samirə Əşrəfin dəvəti ilə yenidən teatra yollandım. Zala toplaşan uşaqların həyəcanlı baxışları, valideynlərin nostalji təbəssümü bir daha göstərdi ki, əsrlər öncə qələmə alınmış bu nağıl hələ də öz sehrini itirməyib. Tamaşa yalnız klassik süjetin səhnə təqdimatı deyil, həm də uşaqlar üçün mərhəmət, səbir və ümid kimi dəyərlərin bədii ifadəsidir.

"Büllur başmaq"

Dekorasiyadan musiqiyə: səhnə bütövlüyü

Birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova klassik materiala ehtiyatla və eyni zamanda cəsarətlə yanaşıb. O, Şarl Perronun “Küllücə” nağılındakı əsas xətti qorumaqla yanaşı, obrazların emosional dünyasını uşaqlar üçün daha anlaşıqlı və dinamik formada təqdim etməyə çalışıb. Tamaşanın tempi, səhnələrarası keçidlər və plastik həll (xoreoqraf Ceyhun Dadaşov) balaca tamaşaçının diqqətini itirməmək üçün düşünülmüş şəkildə qurulub.

Səhnə tərtibatında quruluşçu rəssam Mustafa Mustafayevin işi xüsusilə diqqət çəkir. Dekorasiyalar nağıl atmosferini qorumaqla yanaşı, müasir teatr estetikası ilə uzlaşdırılıb. Parlaq rənglər, simvolik detallar və işıq həlli tamaşanı vizual baxımdan cəlbedici edir. Ağasəlim Feyzullayevin musiqi tərtibatı isə hadisələrin emosional tonunu gücləndirərək səhnədə baş verənləri tamamlayır, xüsusilə sehrli anlarda musiqi uşaqların təsəvvür dünyasını genişləndirir.

"Büllur başmaq"

Nağıl personajlarının psixoloji çalarları

Aktyor oyunu tamaşanın əsas dayaqlarındandır. Əməkdar artist Gülər Nəbiyevanın səhnədə yaratdığı Pəri obrazı təcrübə və peşəkarlığın nümunəsidir. Öz diliylə desək, par-par parıldayan libası, mehriban gülüşü və səsi onu səhnədə əsl xeyirxah Pəriyə çevirmişdi. Küllücəni canlandıran Asya Atakişiyeva da, sanki elə həmin dövrdə doğulmuş, zərif, amma güclü, sabaha ümidlə baxan bir qızı məharətlə nümayiş etdirirdi. Kral Rəşad Səfərov, general Ədalət Əbdülsəmədin xüsusi və peşəkar oyunu da tamaşaya rəng qatırdı. Onlar öz aralarında mükəmməl bir tandem yaradır, gülməli, amma eyni zamanda dərin qatları olan fikirləri ilə diqqət cəlb edirdilər.   Şahzadəni canlandıran Ümman Budaqov da səhnədə sevgi qəhrəmanını məharətlə tamaşaçıya çatdıra bildi. Hissi, həyəcanı, Küllücəyə olan həsrət və sevgisi səhnədən axıb tamaşaçıya çata bilirdi. Tamaşada mükəmməl obraz yaradan ögey ana – Xalidə Əlməmmədova, ögey bacılar (Klotilda və Matilda ) – Hökümə Rəhimzadə, Xəyalə Qasımovanı qeyd etmək lazımdır. Bu üçlük Küllücəyə zülm edən mütəşəkkil dəstə olsa da, tamaşanın gülüş və əyləncə tərəfə idilər. Ana və bacıların oyunu, həmçinin də dialoq və dinamik hərəkətlərinə sakit baxmaq mümkün deyildi. Bu mənfi obrazların karikaturaya çevrilməməsi, onların davranışlarında müəyyən psixoloji əsasların göstərilməsi tamaşaya analitik dərinlik qatırdı.

"Büllur başmaq"

Rejissor fantaziyası və səhnə tapıntıları

Rejissor Ayla Osmanovanın maraqlı tapıntısı həm də  cənab Bom idi. Bom bu nağılın baş saatsazı idi. Onun nəzarətindən kənar burada əqrəblər bir saniyə də irəli və ya geri gedə bilməzdi. Vaxt zərgər dəqiqliyə ölçülürdü. Əgər Küllücənin faytonu düz saat 12 tamamda balqabağa dönməli idisə, deməli, dönməli idi. Deməli, sirr, sehr həmin vaxtda yox olmalı idi. Nə tələsə bilərdi, nə gecikə!

Tacir – Natiq Fərzəliyev də Külləcəyə canı yanan, onun əzab çəkməsini istəməyən, eyni zamanda da çox koloritli bir obraz idi. Tamaşada tamaşaçını əsərin öz dövrünə aparmaq üçün əla variant idi. Onun səhnədəki tacirlərə uyğun səs-sədası, arabası insanı ab-havaya salmağa kömək edirdi.  

Tamaşada ən maraqlı obrazlardan biri də carçı idi. Onu Yusif Dadaşov ifa edirdi. Hər dəfə kralın əmrini kəndə car çəkməzdən əvvəl diqqəti çəkmək üçün şeypuru qaldırır, amma alətdə ifa edə bilmirdi. Sonra da vəziyyətdən çıxmaq üçün həmin musiqini öz səsi ilə canlandırırdı. Bu da tamaşaçıda gülüş doğururdu. Amma bu detal eyni zamanda insanda ümidsizliyə qapılmamaq, hər vəziyyətdə bir çıxış yolu tapmaq lazım olduğunu vurğulayırdı.

"Büllur başmaq"

Ümidin və inamın büllur simvolu

Və sonda qeyd etmək istərdim ki, Şarl Perronun “Küllücə”si dünya ədəbiyyatında xeyrin şər üzərində qələbəsinin ən tanınmış simvollarından biridir. “Büllur başmaq” tamaşasında bu ideya müasir uşağın dünyagörüşünə uyğun şəkildə təqdim olunur. Burada Küllücə yalnız passiv əzabkeş obraz deyil, daxili gücü və inamı ilə çətinliklərə dözməyi bacaran bir qəhrəmandır. Xeyirxah Pərinin köməyi isə təsadüfi möcüzədən çox, ümidin və yaxşılığa inamın rəmzi kimi yozula bilər.

Premyera günü zalda uşaqların reaksiyası tamaşanın əsas uğur göstəricisi idi. Alqışlar, səhnədə baş verənlərə verilən səmimi reaksiyalar göstərdi ki, “Büllur başmaq” öz auditoriyasını tapmağı bacarıb. Tamaşanın qarşıdan gələn bayram günlərində də nümayiş olunması isə onun repertuar ömrünün uzun olacağından xəbər verir.

"Büllur başmaq"

Uşaqlar üçün nağıl, gələcək üçün dərs

Nəticə etibarilə, “Büllur başmaq” Gənc Tamaşaçılar Teatrının klassik nağılları müasir səhnə dili ilə təqdim etmək istiqamətində atdığı uğurlu addımlardan biridir. Bu tamaşa uşaqlar üçün həm əyləncədir, həm də insanı insan edən dəyərlər haqqında düşünmək üçün bir fürsətdir.

"Büllur başmaq"

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin