Azərbaycanın şimal-qərb qapısı sayılan Şəki dağların qoynunda, ipək yolunun yaddaşında, əsrlərin toxuduğu bir naxış kimi dayanır. Bu şəhər təbiətin səxavəti, tarixın dərinliyi və xalq yaradıcılığının sonsuz rəng çalarları ilə insanı özünə cəlb edir. Hər daşında bir sirr, hər küçəsində bir nağıl gizlənən Şəki bu gün həm tarixin, həm də müasir turizmin diqqət mərkəzindədir. Elə buna görə də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin bölgəyə səfəri təşkil olundu. Səfərin məqsədi bu qədim şəhərin turizm imkanlarını daha yaxından tanıtmaq, görülən işlər və yeni layihələrdən ictimaiyyəti xəbərdar etmək idi. Biz də Baki-baku.az olaraq, mediaturla Şəkini yenidən kəşf etməyə yollandıq.


“BioGarden”: təbiət qoynunda aqroturizmin nəfəsi
Mediaturun ilk dayanacağı Şəkinin Öyrət kəndində yerləşən “BioGarden” Aqroekoloji Turizm Məkanı oldu. Səkkiz hektarlıq ərazini əhatə edən bu yaşıl dünya jurnalistləri, sanki başqa məkana aparırdı. Burada üç mindən çox meyvə ağacının yaratdığı məkan həm təbiətsevərlər, həm də sağlam həyat ardınca gələn turistlər üçün cəlbedici bir mərkəzdir. Bağda arıçılıq təsərrüfatının da mövcudluğu buraya təbii həyat dövrünün daha bir zəngin qatını əlavə edir. Bundan başqa balıqlar, quşlar, meyvə ağacları, qızılgüllər insanın ruhunu təzələyir. Qeyd etmək lazımdır ki, bağda yediyimiz meyvələrin dadı tam başqadır – eynən uşaqlıq xatirələrimizdə qalanlar kimi dadlı və ətirlidir.



2020-ci ildən fəaliyyət göstərən “BioGarden” təkcə turizm deyil, həm də aqrobio müxtəlifliyin qorunması, ekologiyanın inkişafı və milli mətbəxin təbii məhsullarla təqdimatı yönündə mühüm işlər görür. Burda turistlər təbiətin içində dinclik tapmaqla yanaşı, kənd təsərrüfatı işlərini yaxından müşahidə etmək imkanı qazanırlar.


“Azəripək”: Şəkinin əsrlərdir davam edən ipəkçilk salnaməsi
Şəki ipəyinin şöhrəti minilləri arxada qoysa da, bu ənənə bu gün də yaşayır. “Azəripək” MMC-yə səfər zamanı baramadan xam ipək əldə edilməsindən tutmuş boya-bəzək, burucu, xalça və toxuculuq sexlərinə qədər bütün mərhələlərlə tanış olduq. Müəssisə hazırda yüksək keyfiyyətli, 100 faiz təbii ipək məhsulları istehsal edir və bu məhsullar dünyanın müxtəlif ölkələrinə ixrac olunur.
Şəkidə ipəkçilik şəhərin kimliyinin ayrılmaz parçasıdır. Bu divarlar, səs-küylü toxucuların işgüzar səsləri, boyaq qazanlarının qaynayan rəngləri hələ də qədim ipək yolunun nəfəsini qoruyub saxlayır. Ümumiyyətlə, Şəki, sanki ipəklə sinonimdir.



Kəlağayı dünyası: “Süsən” müəssisəsi və qədim naxışların dili
Səfərin ən rəngli məkanlarından biri Sevinc Bayramovaya məxsus “Süsən” kəlağayı istehsalat müəssisəsi oldu. Burada jurnalistlərə kəlağayıların çeşidi, onların həm yerli, həm də xarici bazardakı tələbatı barədə məlumat verildi. Təbii ipəkdən hazırlanan, min illik naxış dilini daşıyan bu kəlağayılar Şəki sənətkarlığının zərif simvoludur.
Müəssisənin kiçik muzeyi isə sanki zamanın içində bir tuneldi. Buradakı 150-300 illik kəlağayılar, saralmış, lakin nəfəsini itirməmiş milli naxışlar Azərbaycan qadınının zərifliyini, Şəki ustalarının incəliyini bu günə daşıyır.


Sənətkarlarla görüş: Şəkinin ruhu öz ustalarının əl işində yaşayır
Şəki yalnız tarixi ilə deyil, sənətkarları ilə də tanınır. Burada yerli ustalarla görüşdük, onların iş prosesini izlədik. Dulusçu Əhəd Məmmədovun emalatxanasında ustanın torpaqla rəqsini izləmək xüsusi hiss idi, sanki onun barmaqları torpaqdan yeni bir hekayə yazırdı. Dulusçuluq da ipəkçilik kimi Şəkidə nəsildən-nəslə ötürülən bir yaddaşdır.
Şəki halvası: şəhərin dadı, xalqın xatirəsi
Şəkiyə səfər halvasız mümkün deyil. Halvaçı Xosrov Qafarov Şəki halvasının hazırlanma prosesini göstərərək, bu şirniyyatın nə üçün bu qədər məşhur olduğunu bir daha təsdiqlədi. İpək kimi incə qatlar, qozun ətri, özünəməxsus şəkər büllurları ilə Şəki halvası bu şəhərin dadlı imzasıdır. Şəki halvasından danışıb, Tel halvadan söz açmamaq olmaz. Onun hazırlanması daha çətin və xüsusi güc tələb edən bir proses imiş. Bu halvanı ərsəyə gəlməsi üçün eyni zamanda 6-7 kişinin qol gücünə ehtiyac var. Amma Şəkinin şirniyyat havası təkcə bunlarla bitmir. Noğulu, nabatı, südlü halvası, qozlu-fındıqlı çeşid-çeşid şirniyyatları var Şəkinin.



Xan Sarayı və “Yuxarı Baş”: tarixlə üz-üzə
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna üz tutduq. Burada Şəki Xan Sarayı öz zərifliyi və möhtəşəmliyi ilə hər kəsə təsir etdi. Şəbəkə sənətinin əfsanəvi nümunələri, divar rəsmləri, qədim memarlığın simvolu olan bu saray Şəkinin dünya mədəniyyət xəzinəsindəki yerini bir daha ortaya qoyur.



Qoruqda aparılan bərpa və yenidənqurma işləri, xüsusilə Dairəvi Məbəddə görülən işlər şəhərin tarixinə olan hörmətin, mirasın qorunmasına verilən dəyərin göstəricisidir.


Şəki turizminin gələcəyi
Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərlə görüşdə bölgənin turizm potensialı, aqroturizm və ekoturizmin inkişaf istiqamətləri barədə geniş məlumat verdi. O vurğuladı ki, Şəki və ətraf rayonlar – Oğuz, Qax, Zaqatala, Balakən Azərbaycanın ən cəlbedici turizm xəttini təşkil edir.
Məlikov həmçinin qeyd etdi ki, turizm müəssisələrində qiymətlərin formalaşmasına Agentliyin müdaxilə mexanizmi yoxdur və bu, bazar iqtisadiyyatının təbii nəticəsidir.
İpək kimi yumşaq…
Şəki mediaturu bir daha sübut etdi ki, bu şəhər yaşayan, nəfəs alan, canlı muzeydir. Burada hər bir detal tarixin qoxusunu daşıyır, hər sənətkar bir ənənənin davamıdır, hər dad, hər rəng bir xalqa məxsus kimliyi gələcəyə çatdırır.
Şəki bu gün də ipək kimi yumşaq, dağlar kimi möhkəm, halvası kimi şirin, sənətkar əlləri kimi zərifdir.
Sanki səni çağırır: “Gələrsən, görərsən…”
Xanım Aydın