Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/27/2025

Paylaşın

HƏR ŞEYDƏN

Tütəkçinin izi ilə: Orta əsrlərin ən sirli hekayəsi haradan yarandı

Tütəkçinin izi ilə, Tütək, Tütəkçi

Hamelnli sirli tütəkçi haqqında hekayə demək olar ki, hər kəsə tanışdır: varlı bir alman şəhərinə qəribə bir musiqiçi gəlir, sehrli fleytasını çalaraq şəhəri siçan basqınından xilas edir. Lakin sakinlər ona gördüyü işə görə pul verməkdən imtina etdikdə, o geri qayıdır və eyni melodiyanın müşayiəti ilə Hamelndən yüzdən çox uşağı aparır. Uşaqlar isə izsiz yoxa çıxır.

Baki-baku.az sizə orta əsrlərin ən müəmmalı əfsanələrindən birini xatırladır.

Əfsanənin ilkin versiyası tamamilə başqa cürdür. Ən erkən yazılı mənbə 1375-ci ilə aiddir və orada siçanlar haqqında bircə kəlmə də yoxdur. Hamelnin şəhər salnaməsində belə yazılır: “1284-cü ildə, 26 iyunda, Müqəddəslər İoann və Pavl günündə, əlvan geyimli bir adam şəhərdən 130 yerli uşağı çıxarıb Koppyen dağına tərəf apardı və onlar orada yoxa çıxdılar”.

Tütək, Tütəkçi

Hadisə elə böyük sarsıntı yaratmışdı ki, sakinlər vaxtı belə “uşaqlarımızın getdiyi gündən” etibarən hesablamağa başlamışdılar. Yerli kilsənin vitrajlarında XIV əsrə qədər uşaqları aparan fleytaçı təsvir olunmuşdu, lakin vitraj bu günə qədər gəlib çatmayıb, yalnız onun təsvirləri mövcuddur.

Əsrlər keçdi. XX əsrin əvvəlində Hamelndə köhnə bələdiyyə binası yenidən qurularkən, tikinti işçiləri qədim evlərdən birinə aid taxta bir tiri aşkar etdilər. Tirin üzərində bu sözlər oyulmuşdu: “1284-cü ildə, 26 iyunda, əlvan geyimli bir adam 130 hamelnli uşağı apardı və onlar dağda həlak oldular.”
Bu yazının surəti bu gün də Bungelozenştrasse, əfsanəyə görə, tütəkçinin uşaqları apardığı “sükut küçəsi” üzərindəki evlərdən birini bəzəyir. Bu küçədə hələ də musiqi çalmaq və rəqs etmək qadağandır.

Orta əsrlərdə qrup halında yoxa çıxan uşaqlar haqqında hekayələr nadir deyildi, lakin Hameln hekayəsi konkret tarixləri olan və bu qədər çox sübutla qorunub qalan yeganə rəvayətdir.

XVI əsrə doğru rəvayət yeni detallar qazanmağa başlayır. 1560-cı illərdən sonra yazılmış fon Zimmern qraflarının salnaməsində artıq bizə tanış olan “tam” versiya meydana çıxır, amma hadisənin dəqiq tarixi itirilir və “bir neçə əsr əvvəl” kimi qeyd olunur. Digər mənbələr isə hadisəni 1484 və ya 1376-cı illərə aid edir.

Əgər sirli düdükçünün həqiqətən mövcud olduğunu fərz etsək, onun obrazı qədim german mifologiyasının dərin qatlarına gedib çıxır. Qədim germanlarda ölən insanların ruhlarının çox vaxt siçan və siçovullarla əlaqələndirildiyinə inanılırdı — bu heyvanların guya ölüm tanrısının ardınca getdiyi düşünülürdü. “Bələdçi” motivi isə antik mifologiyada da mövcuddur: musiqiçi kimi tanınan Apollonun “Sminfey” – “siçanları məhv edən” ləqəbi var idi.

Əlvan geyimli fleytaçı haqqında əfsanə əsrlər boyu yaşayaraq dünya mədəniyyətinin bir hissəsinə çevrilib. Bu hekayə ABBA, Jethro Tull, Queen, Led Zeppelin, Megadeth, Rammstein və bir çox digər qrupların mahnılarında səslənir.

Tütək, Tütəkçi

Murad Muxtarov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıdakı ilk qocalar evinin tarixi və tənha qocalığı məğlub etməyə imkan verməyən insan haqqında
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin