Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/24/2025

Paylaşın

GÜNDƏM

Bakıdakı hotellərin köhnəlmiş istiqaməti lövhələri hansı problemlərə səbəb olur? – ARAŞDIRMA

Hotellərin köhnəlmiş istiqaməti lövhələri, Hotel

Böyük şəhərlərdə naviqasiya sistemləri, xüsusilə də beynəlxalq tədbirlərə ev sahibliyi edən paytaxtlarda, istifadəçi təcrübəsinin ən əsas elementlərindən biridir. Bakı şəhərində isə bu sistemin vacib hissəsini təşkil edən istiqamət lövhələri uzun illərdir yenilənmədiyi üçün həm sakinlər, həm də turistlər üçün çaşqınlıq yaradan mənbəyə çevrilib. İllər əvvəl Avroviziya, Bakı 2015 və digər iri tədbirlər ərəfəsində quraşdırılan bu nişanələr həmin dövrdə şəhər üçün müsbət addım hesab edilsə də, zaman keçdikcə onların funksional aktuallığı ciddi şəkildə azalıb.

Mövzu ilə bağlı Baki-baku.az-a açıqlama verən navy.gate şirkətinin direktoru İlkin Cavadov bildirib ki, paytaxtın əsas küçə və prospektlərində yerləşən bu lövhələrin böyük qismi artıq reallığı əks etdirmir.

“Şəhərin mehmanxanalar şəbəkəsi və kommersiya strukturları son on ildə əhəmiyyətli dərəcədə dəyişib. Bəzi hotellərin adları yenilənib, bəziləri isə fəaliyyətini tamamilə dayandırıb. Bu səbəbdən, istiqamət işarələri istifadəçini yönləndirmək əvəzinə yanlış informasiya təqdim edir.

Tədbir məqsədilə quraşdırılan işarələrin taleyi adətən iki istiqamətdən birinə aparır: ya tədbirdən sonra sökülür, ya da şəhərin daimi navigasiya sisteminə inteqrasiya edilərək, mütəmadi şəkildə yenilənməlidir”.

Şirkət direktoru diqqətə çatdırıb ki, mövcud problemlər təkcə hotellərin adlarının və istiqamətlərinin köhnəlməsi ilə, məhdudlaşmır:

“İstifadəçi-yönümlü dizayn prinsiplərinə uyğunlaşdırma ilə bu lövhələrin effektivliyini xeyli artırmaq mümkündür. Misal olaraq, bir sıra məqamlara diqqət yetirmək olar. Bunlara daha oxunaqlı və sadə şriftlərin (sans-serif) tətbiqi, hotellərin adlarının yalnız brend yazılışına uyğun və brend adlarının tərcümə edilməməsi səbəbindən bir dildə verilməsi, lövhələrin ölçülərinin, fon rənglərinin eyniləşdirilməsi, məsafə məlumatlarının bəzilərdə deyil, bütün işarələrdə qeyd olunması, hansı hotellərin və obyektlərin işarələrə daxil ediləcəyini müəyyən edən aydın meyarların hazırlanması daxildir”.

İ. Cavadov qeyd edib ki, bu kimi prinsiplər adətən quraşdırma prosesindən əvvəl naviqasiya və işarələnmə layihələndirilməsi üzrə ixtisaslaşan şirkət tərəfindən hazırlanan xüsusi təlimat kitabçasında öz əksini tapır. Nəticə etibarilə, istehsal edən və quraşdıran təşkilatlar təlimat kitabçasına istinad edir və bütün işarələrə vahid yanaşma tətbiq edilir.

“İstiqamət işarələrinin beynəlxalq təcrübəyə uyğun yenidən qurulması Bakının inkişaf edən mobillik tələblərinə daha yaxşı cavab verə bilər və şəhərin ziyarətçilər üçün daha intuitiv, müasir və rahat bir məkan kimi mövqeyini gücləndirə bilər.

Düşünürəm ki, gələn il Bakı şəhərində keçiriləcək WUF13 Azerbaijan tədbiri fonunda bu köhnəlmiş lövhələrin yenilənməsi, sistemli yanaşma ilə modernləşdirilməsi şəhər üçün həm funksional, həm də vizual baxımdan yeni və dəyərli irs nümünələrindən biri ola bilər”.

O, vurğulayıb ki, avtomobillər ilə hərəkət edənlər son illərdə daha çox rəqəmsal naviqasiya vasitələrindən istifadə edir:

“Lakin, piyadalar üçün məlumat lövhələrinin mövcudluğu daim aktualdır. Şəxsi müşahidələrimə görə, şəhərdə və eyni zamanda digər ictimai yerlərdə piyadalar üçün məlumat lövhələrinin və istiqamətverici işarələrin artırılmasına ciddi ehtiyac var. Düşünürəm ki quraşdırılan hər bir işarənin hansısa qurum və ya təşkilat üzrə balans mənsubiyyəti mövcuddur. Təbii ki, hotel adının dəyişdirilməsi hallarında hotel özü də müraciət etməlidir, çünki, bu, bilavasitə onun maraqları üçün vacibdir, lakin hər bir halda cavabdeh qurum tərəfindən də işarələrin aktuallığı daim yoxlanılmalıdır”.

Bakının naviqasiya sisteminin yenilənməsi artıq estetik məsələ deyil. Bu, şəhərin mobillik strategiyasının və istifadəçi təcrübəsinin vacib hissəsinə çevrilib. Köhnəlmiş lövhələrin yenilənməsi və vahid standartların tətbiqi ilə Bakı həm yerli sakinlər, həm də turistlər üçün daha rahat və daha intuitiv şəhər mühiti təqdim edə bilər”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin