Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/21/2025

Paylaşın

TARİXİMİZ

Diri Baba: Qayanın sinəsində yazılmış mistik dua

Diri Baba, Diri Baba türbəsi

Diri Baba türbəsi Azərbaycan memarlığının ən özünəməxsus nümunələrindən biridir. Qobustanın sıldırım qaya massivinin içində inşa olunmuş bu türbə, həm memarlıq baxımından unikal həlləri, həm də ilahi-aura ilə zəngin mistik atmosferi ilə seçilir. Məqalədə türbənin tarixi, memarlıq xüsusiyyətləri, adın mənşəyi, rəvayət qatları və abidənin müasir dövrdə qorunması haqqında geniş şərh verilir. Bütün bunları görmək üçün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yollandıq həmin ünvana.

İlahi sükutun məkanı

Azərbaycanın qədim torpaqlarından biri olan Qobustan həm qayaüstü rəsmləri, həm də mistik yaddaşı ilə tanınır. Bu sükutlu torpağın qoynunda, sanki qayanın ürəyinə yazılmış bir dua kimi Diri Baba türbəsi yüksəlir. Abidə memarlıq quruluşu ilə təbiətlə birləşir, onun ruhani enerjisi ilə isə ziyarətçilərin qəlbinə toxunur. Bu məkan haqqında deyilənlər yalnız tarixi faktlarla məhdudlaşmır, burada keçmiş, sufilik, mifik düşüncə, səyyah qeydləri və daşın yaddaşı eyni anda danışır. Hər bir ziyarətçi üçün türbə həm maddi, həm də metafizik bir təcrübəyə çevrilir.

Diri Baba, Diri Baba türbəsi

Tarixi zaman çərçivəsi

Türbəni bəzəyən yazı kəməri abidənin tikilmə tarixini dəqiqliklə bildirir:

Hicri 805-ci il (1402-ci il) – Şirvanşah Şeyx İbrahimin əmri ilə inşa edilib. Bu dövrdə Şirvanşahlar ölkənin siyasi və mədəni həyatında mühüm rol oynayır, memarlıq isə özünün ən parlaq mərhələsini yaşayırdı.

Əsrlər boyunca türbə çoxsaylı səyyahların diqqətini çəkib. Onlar arasında XVII əsrdə Adam Oleari, niderland səyyahı Kornelius Devrin, məşhur türk səyyahı Övliya Çələbi, XIX əsrdə rusiyalı alim B. Dorn kimi şəxslər abidəni tədqiq və təsvir ediblər. Onların qeydləri türbənin həm memarlıq bütövlüyünü, həm də mistik cazibəsini təsdiqləyirdi.

Diri Baba, Diri Baba türbəsi

Memarlıq analizi: Qayanın içində doğulan tikili

Diri Baba türbəsi qaya massivinin içərisinə yonularaq tikildiyi üçün memarlıqda “təbiət-memarlıq inteqrasiyası”nın ən gözəl nümunələrindən hesab edilir. Binanın yalnız cənub tərəfdə fasadı vard; digər istiqamətlər tam şəkildə qaya ilə iç-içədir.

Türbə iki mərtəbədən ibarətdir:

Birinci mərtəbə: dəhliz və xidmətçi otağı.

İkinci mərtəbə: geniş günbəzli salon – abidənin memarlıq kulminasiyası.

Bu salon memarlıq həcmlərinin düzgün nisbətləri, işıq açılımları və qaya içi mağaraya aparan şimal çıxışı ilə xüsusi kompozisiya yaradır.

Diri Baba, Diri Baba türbəsi

Günbəz və tromplar

İkinci mərtəbədə yerləşən salonun günbəzi sferik formadadır. Günbəzi daşıyan tromplar Şirvan memarlıq məktəbinin klassik nümunəsi olmaqla, daş üzərində oyulmuş nəbati ornamentlərlə zəngindir. Naxışların incəliyi Şirvanşahlar saray kompleksinin dekorativ elementləri ilə səviyyəlidir.

Təbiət və memarlığın simbiozu

Bu abidə memarlığın yalnız konstruktiv və estetik nailiyyəti deyil, həm də təbiətin diktə etdiyi formaların yaradıcı şəkildə mənimsənilməsidir. Qayanın çətin relyefi burada bir maneə deyil, memarlığın əsas kompozisiya hissəsidir. Beləliklə, türbə ətraf məkanla elə birləşir ki, sanki qayanın öz ruhu tikiliyə çevrilib.

Diri Baba, Diri Baba türbəsi

Mistik qat: Adın mənşəyi və rəvayətlər

“Diri Baba” kim idi?

Tarixi mənbələrdə burada dəfn olunan şəxsin kimliyi dəqiq göstərilmir. Lakin rəvayətə görə, bu məkan bir sufi şeyxinə məxsusdur. Şeyx ömrünün son günlərini ibadət içində keçirmiş və müridləri onun ölümündən günlərlə xəbərsiz qalıblar. Bu, insanların “Şeyx öldükdən sonra belə sanki diri qalıb” deməsinə səbəb olub və abidənin adı da buradan yaranıb. İçəridə onun dünyasını dəyişdiyi hücrədə Qurani-Kərim kitabı saxlanılır. Oranın da xüsusi mistik ab-havası gözdən, ürəkdən yayınmır.

Diri Baba, Diri Baba türbəsi

Övliya Çələbinin qeydləri

Övliya Çələbi türbəni belə təsvir edirdi: “Müqəddəs şəxsin bədəni çürüməmiş, yun xirqə içində tər-təzə qalmışdı; başı qaya küncünə dayanmış halda səccadə üstündə otururdu”.

Bu təsvir türbənin rəvayət qatını daha da gücləndirir və onun sufı dünyagörüşü ilə bağlılığını təsdiqləyir.

Məkanın enerjisi

Ziyarətçilər çox vaxt burada “qeyri-adi sakitlik”, “ruhani ağırlıq”, “qayanın nəfəsi” kimi duyğular yaşadıqlarını bildirirlər. Bu hiss türbənin mistik adının həm tarixi, həm də psixoloji əsasını yaradır.

Ruh, daş və memarlığın əbədi harmoniyası

Diri Baba türbəsi tarixi-arxeoloji tikili olmaqla yanaşı, Azərbaycan memarlığının təbiətə dərindən bağlı ən nadir nümunələrindən biri, ruhani dəyər daşıyan bir məbədgahdır. Qayanın sərtliyini günbəzin zərifliyi ilə birləşdirən bu abidə, elmi baxışla yanaşıldıqda memarlığın təbiətə uyğun yaradıcılıq prinsipinin möhtəşəm nümunəsi; mistik baxışla yanaşıldıqda isə insanla ilahi arasında vasitəçi bir məkandır.

Bu türbə əsrlərin sükutunu, duasını, elm-irfanını özündə danışır.  Ayrılanda mənim də dilimdən bir dua havaya qarışıb türbənin başına dolandı: “Tanrı, ölkəmizi qorusun!”

Diri Baba, Diri Baba türbəsi

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin