Bu gün Azərbaycanda Ağdam Şəhəri Günü qeyd edilir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə noyabrın 20-si hər il Ağdam Şəhəri Günü kimi təsis edilib.
Baki-baku.az xatırladır ki, bu tarixin seçilməsi Ağdamın Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi günlə bağlıdır. Məhz noyabrın 20-də şəhərin işğaldan xilas olunmasından beş il ötür.
Ağdam 23 iyul 1993-cü ildə işğal olunmuş, rayonun 77 faizdən çox ərazisi, o cümlədən bir şəhər və 80 kənd düşmənin nəzarətinə keçmişdi. İşğal illərində yüzlərlə yaşayış və sosial obyekt – məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, dini abidələr tamamilə dağıdılmış, tarixi-mədəni irsə ağır ziyan vurulmuşdu. Ağdam döyüşlərində 6 min qəhrəman övladımız şəhid olmuş, onların 16-sı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə nəticəsində Ağdam bir güllə belə atılmadan azad edildi. 2020-ci il 9–10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Ermənistan qoşunları noyabrın 20-dək rayonu tərk etdi.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdama səfər edərək şəhər mərkəzində Azərbaycan bayrağını ucaltdılar.
Hazırda Ağdamda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, yeni infrastruktur qurulur, kəndlərə həyat qayıdır və sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı davam edir.
Beləliklə, Ağdamın işğaldan azad edilməsinin 5 ili tamam olur və bu əlamətdar gün ölkə üzrə xüsusi qürurla qeyd edilir.