Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/17/2025

Paylaşın

HƏR ŞEYDƏN

Niyə doğum günümüz bizi ilin digər günlərindən daha çox kədərləndirir?

Doğum günümüz, Doğum günü

Bu məqaləni oxuyarkən dinləməyinizi tövsiyə etdiyim mahnı: “It’s My Party” – Lesley Gore

Doğum günləri uşaq vaxtı həyatın ən parlaq günləri kimi görünürdü, hətta bütün ilin ən gözəl günü kimiydi. Şamlar, tortlar, hədiyyələr və diqqət… Onda dünya sanki bizim ətrafımızda fırlanırdı. Amma illər keçdikcə, özünü təqvimdəki o tanış günə yaxınlaşarkən qəribə bir boşluqda tapırsan. Həyəcanın yerini izahı çətin acı-şirin hisslər tutur. Sanki bu gün xüsusi bir sevinc içində olmalı idin, lakin tam əksini hiss edirsən. Psixoloqlar bu hissi “birthday depression”, yəni “doğum günü kədəri” kimi adlandırırlar.

Doğum günlərinin insanı kədərləndirməsinin bir çox səbəbi var. Bu kədərin ən əsas səbəblərinən biri öz-özümüzə verdiyimiz hesabatla bağlıdır. Hər yaş günü, bizə istər-istəməz son bir ili düşündürür. “Mən bu yaşa çatanda harada olmalıydım?”, “Hədəflərimə çatmışammı?” kimi suallar beynimizdə fırlanır. Əgər şəxsi həyat, karyera inkişafı, evlilik, uşaqlar, ev sahibi olmaq, möhtəşəm bir iş təklifi və ya digər böyük planlarınız reallaşmayıbsa, ad gününüzə qarşı həvəsin azalmağı tam başa düşüləndir. Bu “xüsusi” gün, müqayisə üçün böyük bir fürsətdir və çox vaxt bu müqayisə nəticəsində özümüzü pis hiss edirik.

Bir digər səbəb qeyri-real gözləntilərdir. Bunda sosial medianın rolu böyükdür. Hər kəsin böyük ad günü şənliklərindən şəkillərini paylaşdığı bir mühitdə, adi keçən və ya heç qeyd olunmayan ad günü təklik hissini artırır. Sosial media bizə sanki ad günlərimizi həmişə dəbdəbəli qeyd etməli və ya gün boyu bizi əhatə edən sevdiyimiz insanlarla olmalı olduğumuzu göstərir. Əgər bu il (və ya heç vaxt) sənin ad günün belə keçməyibsə, müqayisədə özünü pis hiss etməyin çox təbiidir. Sosial media mükəmməl ad günü standartını o qədər yüksəldib ki, real həyatdakı bir çox şey çatışmazlıq kimi görünməyə başlayıb.

Lakin ən böyük səbəblərdən biri, əlbəttə ki, yaşlanma qorxusudur. Bu, təkcə rəqəmlə bağlı deyil. Həyatın sürətini, itirilən şansları, gecikmiş arzuları xatırladır. Çünki ad günləri zamanın keçdiyinin ən bariz əlamətidir. Bu günlər insanlara qocalmağın qaçınılmazlığını və həyatın qısa olduğunu xatırladır. Bu, bəzi insanlarda ekzistensial (varlıq, mövcudluq) narahatlıqları və bəzən də sağlamlıqları ilə bağlı təşviş hissini oyadır. Üstəlik, sevdiklərimizin də yaşlandığını və sonsuza qədər yanımızda olmayacaqları düşüncəsi ağlımızdan çıxmır. Keçən ilin stresli, yorucu keçməsi və ya bu vaxta qədər itirdiyimiz sevdiklərimizin düşüncəsi də bu kədəri ikiqat artırır.

Bir çox insan üçün doğum günləri həm də keçmiş travmaların qapısını açır. Uşaq vaxtı yaxşı keçməyən doğum günləri, ailə dramları, həmin tarixlə üst-üstə düşən itkilər… Bütün bu basdırılmış duyğular yenidən üzə çıxa bilir.

Bəs bu kədərlə necə baş etmək olar?

Bilirik ki, ad günümüzdə öz üzərimizə bu qədər getməməliyik, amma bunu sözlə demək çox asandır. Əgər ad gününüzdə xoşbəxt hiss etmirsinizsə, psixoloqlar öncə özünüzə “Özümə bu duyğunu yaşamağa icazə verirəm” deməyi tövsiyə edirlər. Hisslərinizi qəbul edin. Bu hisslərin öhdəsindən gəlmək üçün ilk addım onları tam şəkildə hiss etməyə icazə verməkdir.

İkinci vacib addım özünə qarşı mərhəmətli olmaq, həmin günlə bağlı gözləntiləri aşağı salmaq, yaxın biriylə danışmaq və ya sadəcə rahat hiss etdiyin şəkildə qeyd etməkdir. Özünüzü yaxın bir dost kimi düşünün və bu kədərli anda ona necə davranardınızsa, özünüzə də elə davranın. Nailiyyətlərinizi gözdən keçirin, kiçik irəliləyişlərinizi belə qeyd edin.

Unutmayın, bu, sizin gününüzdür və onu necə keçirmək istədiyinizə yalnız siz qərar verməlisiniz, ona görə də sizi sevindirəcək şeyləri edin. Sakit bir gün, sadə bir gəzinti, ailənlə masa arxasında söhbət, yaxın dostlarınla kafedə oturmaq ya da tamamilə fərqli bir şey etməyi seçə bilərsən. Lakin, əgər bu kədər ad günündən sonra da davam edirsə və həyatına çox təsir edirsə, bir terapevtlə danışmaq bu hisslərin köklərinə enməyə və onlarla daha effektiv mübarizə aparmağa kömək edə bilər.

Doğum günlərinin bizi kədərləndirməsinin əsas səbəbi bir il daha böyüdüyümüzün fərqinə varmağımızdır. Bu kədər bəzən ağır gələ bilər, amma o həm də insan olduğumuzu xatırladan normal bir hissdir.

Aylin Kərimova

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması qərarı qəbul olundu.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin