Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/07/2025

Paylaşın

TARİXİMİZ

“Velosiped təkərindən mil düzəltdim, jilet toxudum” – Sevda Xəlilovanın sapla yazdığı hekayə

Elə uşaqlıqdan sap, parça, rəng Sevda Xəlilovanın həyatının bir parçası olub.

Deyir ki, o vaxtlar nə mil tapmaq olurdu, nə də uyğun sap. Amma arzusu o qədər güclü idi ki, əlindəki heç nədən gözəllik yaratmağı öyrəndi. 

Baki-baku.az-ın qonağı toxucu Sevda Xəlilovadır.

“Velosiped təkərinin dəmirindən mil düzəltdim”

– Necə başladı toxuma sevginiz?

– Lap balaca idim, amma toxumağa dəli bir marağım vardı. Sadəcə, imkan yox idi. Nə mil var idi, nə sap. Gözüm hər yerdə idi – düşünürdüm, görəsən, nədən mil düzəldə bilərəm, nədən sap kimi istifadə edə bilərəm?

İndi baxıram, hər şey əlinin altındadır – YouTube-da dərslər, sosial şəbəkələrdə yüzlərlə səhifə. Amma 90-cı illərdə belə şeylər yox idi. Evdarlıq jurnallarında bəzən toxuma sxemləri çıxırdı, amma onları başa düşmək olmurdu. Mən isə hazır geyimlərə baxa-baxa, düşünə-düşünə özüm öyrənirdim.

Bir gün pioner evində xalçaçılıq dərnəyi gördüm və elə bildim, xəzinə tapmışam. O dərnək mənim üçün bir məktəb oldu. O gündən sonra toxuma artıq sadəcə maraq yox, həyat tərzimə çevrildi.

“Xəstəxanada sistem şnurlarından makrame öyrəndim”

– Makrameyə necə başladınız?

– Xəstəxanada. (gülür) Xəstəxana palataları çox sıxıcı gəlirdi, darıxırdıq. Qızlarla tibb bacılarından xahiş edirdik ki, sistemin şnurlarını bizə versinlər. Onlardan makrame toxumağı öyrəndim. Hər düyün, hə ilmə bir sakitlik gətirirdi. O vaxtdan bəri sap və ilmə mənim terapiyamdır.

“İlk jiletimi kapron iplə toxudum”

– İlk toxuduğunuz məmulat yadınızdadır?

– Bəli, saçaqlı bir jilet idi. Amma sap yox idi. Balakəndə tütünü asmaq üçün istifadə edilən kapron ipləri vardı – elə onlardan toxudum. Millərim də yox idi. Velosiped təkərinin milinə oxşayan dəmiri çıxarıb, bir ucunu çəkiclə döyəclədim, mil düzəltdim. Və o jileti satdım. Satıb mikser aldım! Çünki tort bişirmək istəyirdim. (gülür)

“Rəngin ruhu olur”

– Rənglər sizin üçün nə deməkdir?

– Mənim üçün rəng təkcə estetika deyil, bir haldır. Əlvan rəngləri çox sevirəm. Qara rəngdən həmişə qaçırdım, amma indi onu da sevməyə başlamışam. Sapı görəndə artıq gözümün önündə ondan hansı geyimi toxuyacağım canlanır. Hər rəngin öz ruhu, öz havası var.

“Kursumuz həm məktəbdir, həm sanatoriya”

– Gözəl bir toxuculuq kursunun rəhbərisiniz. Bu ideya necə yarandı?

– Sifarişlər çoxaldı, artıq tək çatdıra bilmirdim. Hər kəs öyrənmək istəyirdi. Beləcə, düşündüm və kurs açdım. Artıq yeddi ildir fəaliyyət göstəririk.

Tələbələrimiz 7 yaşından 70 yaşına qədərdir. Bəzən uşağı gətirən ana özü də maraqlanır və qoşulur. Bizim üçün bura sadəcə iş yeri deyil – həm də bir sanatoriyadır. Həm işləyirik, həm danışırıq, həm də ürəyimizi boşaldırıq. Burada toxuyub rahatlanmamaq mümkün deyil.

“Tünzalə və Röya üçün geyim hazırlamışıq”

– Tanınmışlardan kimlər sizə müraciət edib?

– Xalq artisti Tünzalə Ağayeva üçün geyim hazırlamışıq. Hazırda Röya Ayxan üçün çox maraqlı bir model üzərində işləyirik. Başqa məşhur simalar da sifariş verir. Onlarla işləmək həm çətindir, həm maraqlı. Çünki daha fərqli, qeyri-adi ideyalar istəyirlər. Amma onların məmnunluğu hər zəhməti dəyərli edir.

“Əslində toxuculuq kişi sənətidir”

– Kişi tələbələriniz olurmu?

– Olur, həm də çox maraqlanırlar. Və deyim ki, bəzən onlarda daha yaxşı alınır. Çünki tarixən toxuculuq kişi sənəti olub. Çin və Hindistanda bu işlə ilk kişilər məşğul olub. Sonradan qadın sənətinə çevrilib. Amma indi yenidən hər kəs üçün açıq bir sahədir.

“Audiokitabla toxumaq – ikiqat zövq”

– Toxuyanda nə edirsiniz?

– Adətən audiokitaba qulaq asıram. Sanki eyni anda iki iş görürəm: həm toxuyuram, həm oxuyuram. Bu, çox gözəl bir balans yaradır.

“Bir cərrah əməliyyatdan sonra gəlib toxuyur”

– Ən maraqlı tələbəniz kim olub?

– Bir cərrah xanım var. Hər ağır əməliyyatdan sonra bura gəlir, bizimlə toxuyur. Deyir ki, “barmaqlarımı işlədə-işlədə beynim dincəlir”. Həkimlər də tez-tez deyir ki, toxuma terapiyadır.

“Ən bahalı sifarişim 1400 manat olub”

– 1400 manata geyim toxumuşam. Amma əsas qazanc pul deyil. Ən böyük qazanc odur ki, bir insan sənə “sənin toxuduğun geyimi geyinmək mənim üçün xoşbəxtlikdir” desin.

Söhbətləşdi: Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında Bakı Kitab Mərkəzində keçirilən "Zəfər sevinci" adlı ədəbi-musiqili gecədən

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri

GÜNDƏM

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin