Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin Zəfər yürüşü keçirilib.
Baki-baku.az-ın xəbərinə görə, əvvəlcə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Daha sonra hərbçilərin yürüşünə start verilib və “Müzəffər Ali Baş Komandan!”, “Zəfərin mübarək, Azərbaycan!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır!” və başqa şüarlar səsləndirilib.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş Qəzənfər Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətlərini əhatə edib.
Qeyd edək ki, hazırda bundan əlavə Bakıda Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli, eləcə də “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti istiqamətlərində də yürüşlər keçirilib.
