Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunan, “Zəfərindən Güc Al” devizi altında keçirilən, Bakı şəhər rayonlarını əhatə edən Abad məhəllələrarası mini futbol turnirinə yekun vurulub.
Baki-baku.az xəbər verir ki, 2013–2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və iki mərhələdən — rayon və şəhər mərhələlərindən ibarət olan turnirin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılmasıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində paytaxtın qəsəbə və yaşayış məntəqələrində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında təşkil olunan yarışlar olimpiya sistemi üzrə keçirilib. Turnirdə ümumilikdə 1266 yeniyetmə idmançı iştirak edib, 123 komanda qalib adını qazanmaq uğrunda mübarizə aparıb.
Turnirin rayon mərhələsi oktyabrın 24-nə kimi yekunlaşıb, daha sonra qalib komandalar Bakı şəhər mərhələsində qüvvələrini sınayıblar. AFFA-nın təcrübəli hakimləri tərəfindən idarə olunan oyunlara oktyabrın 31-də final qarşılaşması ilə yekun vurulub.
Finaldan öncə tanınmış müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova vətənpərvər ruhlu mahnıları ilə tədbirə xüsusi rəng qatıb, iştirakçılara Zəfər əhval-ruhiyyəsini yaşadıblar.
Finalda Yasamal və Sabunçu rayonlarının komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı keçən oyunda Yasamal komandası 7:5 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
AFFA-nın hakimi Bəxtiyar Osmanov turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:
“Şanlı Zəfərin 5 illiyi münasibətilə keçirilən bu turnir çox möhtəşəm tədbir kimi yaddaşımda qaldı. Uşaqlar böyük həvəs və intizam nümayiş etdirdilər. Ümid edirəm ki, bu yarış onların həyatında unudulmaz təcrübə olacaq. Hiss olunur ki, gələcəyin istedadlı futbolçuları məhz bu meydanlardan yetişəcək.”

İkinci yerin sahibi olan Sabunçu komandasının baş məşqçisi Fəri Danişyan-Abuzər də komandasının nəticəsindən məmnun qaldığını bildirib:
“İlk dəfə iştirak etdiyimiz turnirdə ikinci yeri tutmaq böyük nailiyyətdir. Uşaqlar sona qədər mübarizə apardılar, xarakter göstərdilər. Bu yarışlar həm də uşaqlar arasında dostluq və komanda ruhunun formalaşmasına kömək edir. Təşkilatçılara minnətdaram ki, bizə belə bir imkan yaratdılar”.

Qalib komandanın baş məşqçisi Ramin Süleymanov isə turnirin gənclər üçün əhəmiyyətindən danışıb və Zəfər ruhunun bu cür tədbirlərdə yaşadılmasının vacibliyini vurğulayıb:
“Bu gün burada təkcə bir futbol oyunu deyil, həm də Vətən sevgisinin, birliyin və qələbə ruhunun nümayişini gördük. Uşaqlar təkcə qalibiyyət üçün deyil, həm də şəhidlərimizin xatirəsini uca tutmaq üçün oynadılar. Mən bütün oyunçularımla qürur duyuram. Onlar meydanda həm intizam, həm də fədakarlıq göstərdilər. Belə tədbirlər gənclərin tərbiyəsində mühüm rol oynayır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Bu Zəfər ruhunu yaşadan hər kəsə, xüsusilə təşkilatçılara təşəkkür edirəm”.

Turnirin qalib kapitanı Adil Şabanov isə komandasının uğurunu bütün Yasamal sakinlərinə həsr etdiyini bildirib:
“Bu qələbə bizim üçün çox dəyərlidir. Turnirin hər mərhələsində böyük mübarizə apardıq, lakin ən önəmlisi bir ailə kimi bir-birimizə inandıq. Hər oyunda bir-birimizə dəstək olduq və nəticədə Zəfər sevincini yaşadıq. Bu uğur bizim üçün həm motivasiyadır, həm də məsuliyyət. Çünki biz gələcəkdə daha böyük uğurlara imza atmaq istəyirik”.

Turnirin sonunda qalib və mükafatçılar Fəxri Fərmanlar və qiymətli hədiyyələrlə təltif ediliblər. Tədbir iştirakçıların xatirə şəkli ilə başa çatıb.














