Bakı haqqında danışanda hər kəsin göz önünə fərqli mənzərə gəlir: kiminsə yadına dənizkənarı bulvar düşür, kiminsə İçərişəhərin dar küçələri, kiminsə isə gecələrin sarı işığında parlayan Alov qüllələri… Amma köhnə Bakını xatırlayanlar üçün bir səslə hamısı birləşir – o sakit, bir az titrək, bir az da nostalji dolu səsdir: “Fayton! Fayton!”
Bu səs bir zamanlar şəhərin döyüntüsü idi. Faytonlar özündə insanları bir ünvandan başqa bir ünvana aparmaqla həm də Bakı mədəniyyətində yeni bir səhifə açmışdı.
Neft qoxulu şəhərə gələn zəriflik
XIX əsrin sonlarında Bakı neft bumu ilə nəfəs alırdı. Şəhərə hər gün yeni sərvətlər, yeni insanlar, yeni xarakter və obrazlar gəlirdi. O vaxt Avropanın küçələrini bəzəyən zərif, çevik və sürətli faytonlar Bakıya da gəlib çatdı. Çünki bu, günün tələbi idi.
Onlar həm rahatlığı, həm də təmtərağı ilə dövrün simvoluna çevrildi. Dördnala çapan atların nal səsi, daş döşəmələrdə yaranan ritmik taqqıltı, arabanın fənərlərində yanan şam işığı – bütün bunlar Bakının o dövrünə poetik bir ahəng qatırdı.
Hətta deyirlər ki, axşamlar faytonların işığı İçərişəhərin divarlarında oynayanda, bu mənzərəni seyr edən adamlar “Bakı, sanki Avropadır” deyərmiş.

Faytonçular – köhnə Bakının köhnə sakinləri
Faytonçular o dövrün “küçə filosofları” idilər. Onların çoxu İçərişəhərdə doğulmuşdu, atı, arabası, Xəzri ilə, Gilavar ilə dostluğu vardı. Günlərlə şəhər boyu sərnişin daşıyar, axşamlar “Parapetdə” nərd oynayaraq, çay içə-içə günün hadisələrini danışardılar. Bəziləri bu işin lap peşəkarına çevrilmiş, bəziləri isə daha çox diqqət cəlb etmək və müştəri qazanmaq üçün faytonlarına xüsusi bəzək vurur, içini daha rahat, daha dəbdəbəli etməyə çalışırmış. O cür faytonlarda qırmızı məxmər oturacaq, laklı tutacaq, əsl dəridən tavan olurdu. Hətta saçaqlar da vururdular ki, fayton tərpəndikcə onlar da sağa-sola yellənir, səfərə bir ayrı maraq qatardı.
Şəhərin ritmində – toylar, eşqlər və macəralar
Faytonlar şəhərin sevincinə də, kədərinə də şahidlik edirdi.
Toy günlərində onlarla fayton korteji şəhərin küçələrindən keçərdi. Birincidə bəy və gəlin, ardınca musiqiçilər, qohumlar, axırda cehiz dolu arabalar gedərdi. Daş döşəmədə atların nal səsi, arabada yellənən cer-cehizin cırıltısı, zurna-balaban səsi aləmə yayılar, şəhərin gündəlik həyatında bir ahəng, bir harmoniya yaradardı.
Amma o faytonlar bəzən romantikanın deyil, faciələrin də şahidi olurdu. O vaxtkı qəzetlərdə bəzən faytonlarda kimlərinsə qaçırılması, quldurların varlı sərnişinləri izləməsi, cinayətkarların hadisə yerindən qaçması barədə xəbərlər yazırdılar. Bütün bunlara baxmayaraq, fayton Bakının yaddaşında həmişə zəriflik, şəhərlik və nostalji ilə bağlı qaldı.

Küçələrə qayıdış – altmışıncı illərin möcüzəsi
1960-cı illərin sonunda, uzun illər unudulduqdan sonra faytonlar yenidən Bakının küçələrinə qayıtdı. İnsanlar eyvanlara çıxır, uşaqlar həyətdə sevinclə qışqırır, yaşlılar isə sanki keçmişi yenidən görürmüş kimi baxırdılar. O fasilə müddətində sanki zaman dayanmışdı, indi isə fayton Bakının yaddaşını yenidən oyatmışdı.
“…Minən deyir, sür Bulvara”
Günümüzdə bu səsi eşitmək çətindir. Bakı artıq avtomobillərin, siqnalların, reklam lövhələrinin səs-küyü içindədir. Amma bəzən, bulvarın sakit guşəsində bir fayton peyda olur. O səssizcə gedir, təkərləri sanki daş küçələrə bir sirr pıçıldayır.
Turistlər gülümsəyir, fotoaparatlar işıq saçır, amma heç biri o hissi tam dərk edə bilmir. Bu şəhərin köhnə nəfəsini, o “fayton musiqisini” yalnız köhnə – uşaqlığı Bakıda keçmiş, o anları yaşamış sakinlər anlayır, kövrələrək xatırlayır.
Çünki o səs şəhərin yaddaşında, küləyin pıçıltısında, İçərişəhərin dar keçidlərində hələ də yaşayır. Mahnılarda dilə gəlir: “Faytonçuyam, atım qara! Özüm cavan, bəxtim qara. Minən deyir, sür Bulvara, ay duy-duy-duy!”
Fayton – Bakı camaatının, Bakı yaddaşının ayrılmaz nostalji hissidir. O hiss ki, daim şəhərlər birgə yaşayacaq…

Xanım Aydın