Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2025

Paylaşın

HƏR ŞEYDƏN

Dünya ölkələrinin heyvan simvolları

Heyvan simvolları, Heyvan, Simvol

Dünyanın bir çox ölkəsində əsas milli simvol kimi bir heyvan qəbul olunur. Bu, təəccüblü deyil, çünki hələ qədim dövrlərdə müxtəlif xalqların totemləri – tayfaları qoruyan müqəddəs heyvanları var idi. Zaman keçdikcə bu qədim inanclar dəyişsə də, onların xatirəsi mədəniyyətdə və heraldikada qorunub saxlanıldı.

Baki-baku.az sizə dünyanın müxtəlif ölkələrinin simvoluna çevrilmiş heyvanları haqqqında məlumatı təqdim edir:

İrbis

İrbis (Qar bəbiri) Qazaxıstanın ən hörmətli simvollarından biridir. Qazaxların köçəri əcdadları üçün bu dağ yırtıcısı gücü, azadlığı və nəcibliyi təcəssüm etdirirdi. Onun obrazı qədim bəzəklərdə və məşhur skifo-altay “heyvan üslubu”nda işlənmiş oyma naxışlarda tez-tez rast gəlinir.

1997-ci ildə Nursultan Nazarbayev “Strategiya–2030” adlı Müraciətində ibrisi ölkənin rəsmi simvolu etməyi təklif etdi. O, Qazaxıstanın “Mərkəzi Asiyanın bəbiri” güclü və uğurlu bir dövlətə çevrilməsi arzusundan bəhs edirdi.

Bu gün bu heyvan Almatı şəhərinin gerbini bəzəyir və Qazax xalqının müstəqillik və qürur simvolu sayılır.

İrbis, Qar bəbiri, Heyvan, Simvol

Fil

Tailandda fil sadəcə bir heyvan deyil, müqəddəs varlıq sayılır. Qədim zamanlardan bu güclü məməlilər insanlara yardım etmiş — yüklər daşımış, döyüşlərdə iştirak etmiş və hökmdarların sadiq dostu olmuşlar.

Tailandın əsas dini olan buddizmdə fil gücü, müdrikliyi və xeyirxahlığı simvolizə edir. Xüsusilə ağ fil müqəddəs sayılır – Buddanın təcəssümü hesab olunur. Rəvayətə görə, Buddanın anasına onun doğulacağını yuxuda ağ fil xəbər vermişdir.

Əvvəllər ağ filin təsviri dövlət bayrağında yer alırdı, bu gün isə noyabr ayında qeyd olunan “Fil Günü” ölkənin ən sevilən bayramlarından biridir. Həmin gün fillər bəzədilir, naxışlarla rənglənir və meyvələrlə qonaq edilir.

Fil, Heyvan, Simvol

Qalliya xoruzu

Fransada xoruz sadəcə ev quşu deyil, ən tanınmış milli simvollardan biridir. Onun mənşəyi qədim keltlərlə — fransızların əcdadları ilə bağlıdır. Romalılar keltləri “gallar” adlandırırdılar, latınca gallus həm “gall”, həm də “xoruz” deməkdir.

Zaman keçdikcə bu söz oyunu mədəniyyətdə möhkəmləndi və xoruz fransız qüruru, şuxluğu və həyatsevərliyinin rəmzinə çevrildi. Bu gün qall xoruzu tez-tez idman və mədəniyyət emblemlərində istifadə olunur.

Xoruz, Qalliya xoruzu, Heyvan, Simvol

Pələng

Pələng Hindistanın milli heyvanı sayılır. Bu yırtıcı qüdrəti, gözəlliyi və ruh gücünü simvolizə edir. Qədim dövrlərdən pələng krallıq hakimiyyəti ilə əlaqələndirilmiş və Hindistan mədəniyyətinin ayrılmaz hissəsi olmuşdur.

Dünyadakı bütün pələnglərin yarıdan çoxu məhz Hindistanda yaşayır. Xüsusilə benqal pələngi — ən iri və ən çox hörmət edilən növdür. Onlara Nepalda, Banqladeşdə və Butanda da rast gəlinir.

Pələng Hindistan üçün sadəcə vəhşi təbiətin simvolu deyil, həm də cəsarət və milli qürur obrazıdır.

Pələng, Heyvan, Simvol

Şir

Böyük Britaniya qədimdən şir obrazı ilə assosiasiya olunur. Bu heyvan hökmdarlığın və igidliyin rəmzidir. Britaniya monarxlarının gerblərində şir təsvirləri Şirürəkli Riçard dövründən bəri istifadə olunur.

Dövlətin ayrıca gerbi yoxdur — monarxiya gerbindən istifadə edilir və orada şirlər müxtəlif pozalarda və saylarda təsvir edilir. Beləliklə, monarxlar öz nəcibliyini və üstünlüyünü vurğulayırdılar.

Şir obrazı Britaniya milli kimliyinin bir hissəsinə çevrilib və imperiyanın qüdrətini, sarsılmazlığını təcəssüm etdirir.

Şir, Heyvan, Simvol

Pişik

Qədim Misirdə pişik müqəddəs heyvan hesab olunurdu. Misirlilər inanırdılar ki, bu zərif məxluqda sevincin, istiliyin, ailə ocağının və analığın himayədarı olan Bastet ilahəsi təcəssüm edir.

Pişiklərə hörmətlə yanaşılır, qorunurdu: onları öldürmək ölüm cəzası ilə nəticələnirdi. Ölümündən sonra pişiklər mumiyalanır və hörmətlə dəfn olunurdu. Bastet ilahəsinin pişik başlı təsvirlərini bu gün də Misir məbədlərində və muzeylərində görmək olar — qoruma və harmoniya rəmzi kimi.

Pişik, Heyvan, Simvol

Ayı

Almaniyanın əsas simvolu — Berlin şəhərinin gerbində təsvir olunan ayıdır. Hətta paytaxtın adı da onunla əlaqələndirilir (almanca Bär — “ayı”).

XIII əsrdən bəri bu heyvan şəhərin emblemi kimi tanınır, müasir dövrdə isə “United Buddy Bears” beynəlxalq festivalının qəhrəmanıdır — dünyanın müxtəlif ölkələrindən rəssamlar ayı fiqurlarını bəzəyərək xalqlar arasında dostluq və tolerantlığı təcəssüm etdirirlər.

Əvvəllər ayılar Almaniyanın demək olar ki, bütün ərazisində yaşayırdı, lakin ov səbəbindən zamanla yox oldular. İndi onlardan xatirə kimi yalnız gerblərdəki təsvirlər və mədəni ənənələr qalıb.

Ayı, Heyvan, Simvol

Murad Muxtarov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı metrosunun "Ulduz" stansiyasının vestibülündə 28 oktyabr 1995-ci il faciəsi qurbanlarına həsr olunan memorial yaradılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin