Zooloji Parkda heyvanların morfologiyası, bioloji xüsusiyyətləri, ekologiyası, mühafizəsi və reintorduksiyası ilə yanaşı, bitki aləminin qorunması, yaşıllıqların artırılması istiqamətində də maarifləndirici tədbirlər həyata keçirilməkdədir.
“Yaşıl izlər” layihəsinin əsas məqsədi flora müxtəlifliyinin qorunması, vegetasiya mərhələləri və aqrotexniki baxımdan düzgün qulluq qaydaları haqqında biliklərin aşılanmasıdır. Eyni zamanda layihə çərçivəsində uşaqlarda təbiətə qarşı məsuliyyətli yanaşmanın və ekoloji mədəniyyətin formalaşdırılması hədəflənmişdir.
Gənc skautlar Zooloji Parkın ərazisində müxtəlif dekorativ kol bitkilərinin əkilməsi prosesində iştirak edərək, bitkilərin suvarılması və onlara qulluq işləri ilə yaxından tanış olublar. Uşaqlara torpaq örtüyünün hazırlanması, bitkilərin düzgün əkilməsi, suvarma rejiminin təmin edilməsi, eləcə də ziyanverici orqanizmlərdən mühafizə üsulları haqqında nəzəri və praktiki məlumatlar verilmişdir. Daha sonra gənclər “Balaca dostlar” proqramı və “Kiçik sərgi” də iştirak edərək müxtəlif heyvanların bədən quruluşu, onların ətraf mühitə necə uyğunlaşdıqları, təbii yaşayış mühitlərində necə hərəkət etdikləri və qida rasionları haqqında maraqlı məlumatlar əldə ediblər.
Bu cür fəaliyyətlər uşaqlarda ekoloji düşüncə tərzinin formalaşmasına, əmək vərdişlərinin inkişafına və ətraf mühitə qarşı həssas münasibətin yaranmasına töhfə verir.















