Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2025

Paylaşın

TARİXİMİZ

“Nizaminin portreti” – ruhun və zəkanın rənglərlə dili

Портрет Низами

Azərbaycan rəssamlıq sənətinin qızıl səhifələrindən birini Qəzənfər Xalıqovun yaratdığı “Nizami Gəncəvinin portreti” təşkil edir. 1940-cı ildə çəkilmiş bu əsər, böyük şairin bədii surətini canlandırmaqla yanaşı, bütöv bir mədəniyyətin ideallarını özündə daşıyır. Rəsm bu gün Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunur, ikinci nüsxəsi isə Gəncənin Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.

Bir obrazın yaranma tarixi

1939-cu ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə onun portretinin yaradılması üçün xüsusi müsabiqə elan edilir. Həmin dövrdə Nizaminin tarixi görünüşü barədə heç bir təsvir və ya təsdiqlənmiş portret yox idi. Bu səbəbdən rəssamlar, ədəbiyyatşünaslar və tarixçilər birlikdə şairin obrazını yenidən “yaratmaq” missiyasını üzərlərinə götürürlər.

Qəzənfər Xalıqov müsabiqənin ilk mərhələsində iştirak etməsə də, öz daxili hissi ilə, Nizaminin mənəvi ucalığını duyaraq, onun obrazını yaratmaq fikrinə düşür. Bu işdə rəssama üç böyük şəxsiyyət – şərqşünas Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı məsləhətləri ilə dəstək olurlar. Onlar tarixi mənbələrə, şairin əsərlərindəki özünüdərk motivlərinə və dövrün geyim üslubuna əsaslanaraq Nizaminin təxmini görkəmini təsvir edirlər. Hətta deyilənlərə görə, Üzeyir Hacıbəyovun “Siz dediyiniz parametrlərdə Ağcəbədidən bir axund tanıyıram” deməsi, portretin modelinin seçilməsində həlledici məqam olur. Həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən götürülən geyimlərdə görən rəssamın təxəyyülündə konkret bir Nizami Gəncəvi obrazı yaranır. Və Xalıqov şairin portretini yaradaraq, müsabiqənin qalibi olur.

Beləcə, tarix, ədəbiyyat və rəssamlıq bir nöqtədə qovuşur və nəticədə Nizami Gəncəvinin bədii obrazı doğulur.

Qəzənfər Xalıqov

Portretin bədii dili

Qəzənfər Xalıqovun “Nizaminin portreti” təsviri sənət nümunəsi olduğu qədər də, fikir və ruh portretidir. Rəssam burada Nizamini dizində kitab tutmuş şəkildə təsvir edir. Bu detal, şairin həyat fəlsəfəsini, onun düşüncə aləminin sonsuzluğunu rəmzləşdirir.

Rəssamın istifadə etdiyi tünd rəng koloritinə baxmayaraq, portretdəki işıq tonları Nizaminin simasındakı zəka və nəcabəti vurğulayır. Üz cizgiləri sakit, lakin dərin düşüncəyə qərq olmuş bir insanın daxili aləmini açır. Baş geyimi və geyim xətləri obrazın tarixi dövrünü xatırladır, eyni zamanda Nizaminin mənəvi əzəmətini ifadə edir.

Sənətşünas N.M.Miklaşevskaya bu portret barədə yazırdı: “Tünd rəng koloritinə baxmayaraq, nəcib üz quruluşu və xarakterik baş geyimi, həmçinin ciddi geyim xəttləri ilə insanı cəlb edir”.

Bu portretin dəyəri təkcə realizmində deyil, bədii təxəyyülün elm və tarixlə qovuşmasında gizlənir. Xalıqov Nizamini yalnız bir insan kimi deyil, bir ideya daşıyıcısı, hikmət, ədalət və gözəllik axtarışlarının simvolu kimi təqdim edir.

Əbədiyyətə çevrilmiş baxış

1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu əsər birinciliyə layiq görülür. Rəssamın sevgisi ilə Nizaminin tarixi siması sanki yenidən doğulur. O vaxtdan bu portret Azərbaycan incəsənətində şairin “rəsmi siması” kimi qəbul edilir.

Bu rəsmdə Nizami yalnız keçmişin dahilərindən biri deyil, bu günə qədər yaşayan bir fikir abidəsi kimi görünür. Qəzənfər Xalıqovun fırçası onun ruhunu canlandırır, sanki Nizami baxışlarını uzaqlara, gələcək nəsillərə dikib, “sözün və düşüncənin əbədiliyinə” inanır.

Süni zəka dövründə Nizaminin portreti necə olardı?

Nizami Gəncəvinin portreti əgər indiki dövrdə yaradılmalı olsaydı, yəqin ki, rəssamların, tarixçilərin və ədəbiyyatşünasların fikirləri süni intellekt proqramına yüklənər, müxtəlif modellər əsasında “ideal Nizami” obrazı saniyələr içində formalaşdırılardı. Texnologiya bunu asanlaşdırardı: yüzlərlə tarixi təsvir, mətn və tədqiqat analiz edilər, nəticədə “dəqiq” və “müasir” bir sima ortaya çıxardı.

Amma bəlkə də belə bir portretdə Qəzənfər Xalıqovun çəkdiyi Nizami ruhu olmazdı. Çünki Xalıqovun portreti faktlar əsasında insan hissinin və bədii təxəyyülün məhsuludur. O, rəssamın daxili dünyasında formalaşmış bir Nizamidir – düşüncənin, duyğunun və ruhun birləşdiyi obrazdır.

Süni intellekt insan bilgilərini bir araya gətirə bilər, amma daxili duyumu, bədii təəssüratı və yaradıcılıq ilhamını eyni dərəcədə ötürə bilməz. Bəlkə də elə buna görə Qəzənfər Xalıqovun fırçasından doğan Nizami, bu gün də tamaşaçını sadəcə baxmağa yox, düşünməyə, hiss etməyə çağırır.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin