Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2025

Paylaşın

GÜNDƏM

Mesajlaşma dövrünün unudulan adəti – Açıqca yazmaq

Bir zamanlar açıqcalar həyatın özü qədər təbii idi. Poçtalyonun əlindəki zərflər, kiçik kartlar, bayram öncəsi poçt şöbələrindəki növbələr… Hər kəsin kiməsə göndərəcəyi bir açıqcası, kimdənsə gözlədiyi bir təbriki vardı. O dövrdə açıqcalar adi, sadə bir “kağız parçası” deyildi, gözəl və səmimi hisslərin, diqqətin, sevginin daşıyıcısı idi.

Açıqca göndərmək bir mərasim idi

Sovet dövründə açıqca almaq və göndərmək adi bir iş deyildi, sanki kiçik bir bayram idi. İnsanlar poçta gedib yüzlərlə açıqcanın arasından bəyəndiklərini seçərdilər. Kimisi çiçəkli olanı xoşlayardı, kimisi qış mənzərələri ilə bəzədilmişləri, kimisi isə sadə “Təbrik edirəm!” yazılan açıqcaları. Bu seçim həm də təbrikin məğzinə uyğun olardı.

Açıqca seçmək bir növ insan münasibətinin güzgüsü idi – kimə hansı açıqcanı göndərirsənsə, sanki o insana necə baxdığını da göstərirdin.

Sonra başlayırdı ən maraqlı mərhələ – yazmaq. Qələm, səliqəli xətt, bir neçə səmimi cümlə… Bəzən bir “Arzu edirəm ki, həyatın xoşbəxtliklə dolu olsun” cümləsi, bir bəzəkli imza və bir tarix. O tarix indi bir çox insanların albomlarında, köhnə məktublar arasında illərin xatirəsinə çevrilib. Lap köhnə illəri, keçən zamanları xatırlamaq, yenidən yaşamaq üçün insanlar həmin açıqcaları açır, yenidən oxuyur və nostalji hisslərə dalırlar. Bəzən bu, sevinc, bəzən də itirilmiş zaman və insanlara görə kədər gətirir.

Hər açıqca bir sənət əsəri idi

O vaxtkı açıqcaların bədii dəyəri indi bəlkə də çox az insan tərəfindən dərk olunur. Onların üzərindəki şəkillər təsadüfi deyildi. Peşəkar rəssamlar və dizaynerlər çalışırdılar ki, hər açıqca bayramın ovqatını ifadə etsin.

“8 Mart” açıqcaları gül ətirli bahar kimi idi, “Yeni il” kartlarında qar dənələri parıldayır, “Müəllimlər Günü” açıqcalarında kitablar, dəftər, qələm və s. təsvir olunurdu. Bu açıqcalar həm göz zövqü, həm mənəvi dəyərlər, həm də zamana münasibət daşıyırdı. Və ən maraqlısı budur ki, hər biri yüksək zövqlə hazırlanır, insana isti, doğma hisslər bəxş edirdi.

Maddi dəyəri az, mənəvi çəkisi çox idi

Bir açıqca ucuz idi – bəzən bir-iki qəpik. Amma o kiçik qiymətə sığmayan dərin bir duyğu vardı içində. Kiməsə açıqca göndərmək, “Səni xatırladım”, “Sən mənim üçün dəyərlisən” deməyin ən səmimi yoluydu.

İndi texnologiya sürətlə dəyişib, mesajlar saniyələr içində gedib gəlir. Amma bir ekran parıltısı heç vaxt o kağızın qoxusunu, o əlyazmanın səmimiyyətini, o poçt möhürünün izini əvəz edə bilməz.

İndi açıqcaların yerini nə aldı?

Bəlkə indi bir qədər oxşar bir adət qalıb – hədiyyələrin üzərinə ilişdirilən kiçik kartlar. Onların üzərində “Təbrik edirəm!” və ya “Sevgi ilə” kimi qısa sözlər yazılır. Amma bu artıq rəsmi bir jestdir, o emosional istilikdən, o səmimi enerjidən məhrumdur. Keçmiş açıqcalar isə bir münasibətin ürəkdən gələn səsi idi. Onlar bəzən sevgi məktubu kimi oxunurdu, bəzən dostluğun sübutu, bəzən də uzaqdan gələn bir salam idi.

Bəlkə yenidən?

Bəlkə də açıqca göndərmək ənənəsini tam itirməməliyik. Bəzən bir dostumuza, valideynimizə, sevdiyimizə sadəcə bir cümləlik açıqca yazmaqla onlara bir parça sevinc, bir az nostalji bəxş edə bilərik.

Çünki bəzən bir kağız parçası, bir emoji-dən daha çox danışır.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Qubadlının işğaldan azad edilməsinin 5 ili tamam olur.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də ədəbiyyatşünas, pedaqoq, akademik, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də ədəbiyyatşünas, pedaqoq, akademik, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin