Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində narkotik vasitələrin elanı ilə bağlı yazıların artması sakinlər arasında ciddi narahatlıq yaradıb.
Baki-baku.az xəbər verir ki, qəsəbənin Sarayevo küçəsi 7 ünvanında yerləşən 9 mərtəbəli binaya bitişik həyətyanı sahənin daş hasarının üzərində narkotik maddələrin satışı ilə bağlı elan xarakterli yazılar yazılıb.
Sakinlərin sözlərinə görə, bu cür yazılar artıq uzun müddətdir ki, həmin ərazidə qalır və heç bir aidiyyəti qurum tərəfindən silinmir. Məsələnin daha narahatedici tərəfi isə odur ki, oxşar yazılar sözügedən qəsəbədə yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı birmərtəbəli tikilinin divarında da müşahidə olunur.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, bu məsələ ilə bağlı sakinlər tərəfindən hər hansı müraciət olunmayıb və sözügedən məsələ ilə bağlı dərhal müvafiq tədbirlər görüləcək.
Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşları yazıların olduğu divarlarda silinmə işləri aparılıb və qəsəbədə bu kimi halları aşkarlamaq üçün monitorinqlər həyata keçirib.
Qeyd edək ki, belə yazılar təkcə ərazinin estetik görünüşünü korlamır, həm də ictimai təhlükə və gənclər arasında zərərli vərdişlərin təşviqinə zəmin yaradır.
Həmçinin narkotik maddələrin təbliği ilə bağlı yazılar və ya internet bağlantıları vasitəsilə yayılmış kodlar ölkə qanunvericiliyinə əsasən cinayət tərkibli əməldir. Hüquq-mühafizə orqanları da belə halların qarşısının alınması üçün fəaliyyətini davam etdirir və ümid edirik ki, bu cür əməlləri törədənlər aşkarlanaraq qanun qarşısında cavab verəcək.