Sakit okeanının geniş, sonsuz mavi səssizliyində elə bir məkan var ki, onu görənlər suyun varlığını belə unudur.
Baki-baku.az xəbər verir ki, bu yer alimlər arasında “itmiş sular krallığı” adlandırılır. Burada okean o qədər şəffafdır ki, işıq sanki heç bir maneə ilə qarşılaşmadan kilometrlərlə dərinliyə enir. Adətən dəniz sularında işıq cəmi bir neçə on metrdən sonra udulur, lakin bu gizli bölgədə şəffaflıq elə yüksəkdir ki, işıq 70-80, bəzən 100 metrə qədər sərbəst hərəkət edə bilir.
Bu, Yer üzündə çox nadir rast gəlinən bir təbiət hadisəsidir.
Alimlərin fikrincə, bu qeyri-adi şəffaflığın səbəbi suyun kimyəvi və bioloji baxımdan demək olar ki, “boş” olmasındadır. Burada nə plankton, nə mikroorqanizmlər, nə də üzvi çirkləndiricilər var. Yəni su tərkibində həyatın ən xırda izləri belə yoxdur. Məhz buna görə də bu bölgə “itmiş sular krallığı” adını alıb.
Tədqiqatçılar bildirirlər ki, bu fenomen əsasən Sakit okeanın mərkəzi tropik hissəsində, ekvatora yaxın dərin sular arasında müşahidə olunur. Cərəyanlar bu bölgəyə yeni qida maddələri gətirmədiyi üçün su uzun illər təmiz və sabit qalır. Havanın rütubəti və temperaturu da az dəyişdiyindən, burada bioloji həyatın inkişafı üçün demək olar ki, heç bir şərait yoxdur.
Alimlər “itmiş sular krallığı”nı, həm də Yer kürəsinin keçmişinə açılan bir pəncərə kimi görürlər. Çünki bu sular həyatın hələ yaranmadığı, planetin gənc dövrlərini xatırladır. Ola bilər ki, bu şəffaf dərinliklər bizə təkcə okeanın deyil, həm də dünyanın başlanğıc sirrini anlamağa kömək etsin.