Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/13/2025

Paylaşın

ETNOQRAFIYA

Azərbaycan şirniyyatlarının incisi – Quba paxlavası

Azərbaycanın zəngin və dadlı mətbəxi təkcə yeməkləri ilə deyil, şirniyyatları ilə də dünyada məşhurdur. Milli mətbəximizdə, əsasən undan hazırlanan 30-dan çox müxtəlif şirniyyat növü var ki, hər biri öz dadı, hazırlanma üsulu və bölgəsinə görə fərqlənir. Bu şirniyyatlar içərisində Quba paxlavası isə həm hazırlanma texnikası, həm də dadına görə özünəməxsus və seçilən təamlardan biridir.

Paxlavasız bayram süfrəsi olmaz

Quba paxlavası xüsusilə Novruz bayramı ərəfəsində böyük tələbat görür. Paxlava, Azərbaycan mədəniyyətində bayram süfrələrinin bəzəyi, xoş arzuların simvolu, qız evindən oğlan evinə bayramlıq aparılan əsas şirniyyatlardan biridir. Bu günlərdə Qubada sifarişlərin artması ilə yanaşı, toy mərasimləri və ailə tədbirləri üçün də Quba paxlavası xüsusi olaraq hazırlanır.

Əl əməyi, göz nuru

Quba paxlavasının hazırlanması asan proses deyil. On beş ildən artıqdır ki, bu sənətlə məşğul olan paxlavaçı Məmməd Talıbov bu işin səbir, diqqət və fiziki güc tələb etdiyini vurğulayır. Qubada bu sənətlə əsasən kişilər məşğul olur – çünki uzun saatlar isti soba ətrafında işləmək hər kəsin işi deyil.

Ənənəyə görə, xəmir yalnız un və sudan hazırlanır. Xəmir yoğrulduqdan sonra “ərişdə” adlanan nazik qatlar kəsilir və təxminən 50 qat ərişdə mis siniyə, lay-lay üyüdülmüş qoz ləpəsi ilə düzülür. Sonra bu qatlar romb formasında doğranır, üzərinə zəfəranlı boya çəkilir və qozla bəzədilir. Şirniyyat 20-30 dəqiqə sabit temperaturda bişirildikdən sonra qaynar şəkər şərbəti ilə tamamlanır.

Keyfiyyət hər şeydən önəmlidir

Məmməd Talıbov bildirir ki, son illərdə bəzi paxlavaçılar xərcə qənaət etmək üçün qoz əvəzinə fındıq və ya yerfındığı istifadə edirlər və ya qatların sayını azaldırlar. Bu isə Quba paxlavasının dad və keyfiyyətinə mənfi təsir göstərir. O, alıcılara yalnız etibarlı və təcrübəli ustalardan şirniyyat almağı tövsiyə edir ki, bu qədim təamın əsl dadı unudulmasın.

Paxlava – qonaqpərvərliyin simvolu

Quba paxlavası yalnız bayram süfrələrinin deyil, gündəlik çay saatlarının da bəzəyidir. Qubalılar evlərinə qonaq gələndə bu şirniyyatı təklif edir, özləri də qonaq getdikdə paxlava aparmağı bir adət kimi saxlayırlar. Hətta xaricdə yaşayan azərbaycanlılar da bayram günlərində Quba paxlavası sifariş edirlər, bu da onun təkcə yerli yox, həm də milli dəyərə çevrildiyini göstərir.

Quba paxlavası – bölgənin rəmzinə çevrilən dad

Bu gün Quba şəhərində demək olar ki, hər küçədə paxlava bişirilən yerə rast gəlmək mümkündür. Lakin keyfiyyətli paxlava hazırlamaq peşəkarlıq və sənətkarlıq tələb edir. Qubalı paxlavaçılar isə bu sahədə ad çıxarıb – onların hazırladığı şirniyyat təkcə yemək deyil, Qubanın mədəni və kulinariya simvoluna çevrilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünyaca məşhur brendlərin ən bahalı məhsulları təkcə keyfiyyətləri ilə deyil, həm də simvolik dəyərləri ilə fərqlənirlər.

Ən son

HƏR ŞEYDƏN

Əksər quşlar isti ölkələrə üz tutduğu vaxt, çəhrayı qağayı tam əks istiqaməti seçir — əbədi

HƏR ŞEYDƏN

Əksər quşlar isti ölkələrə üz tutduğu vaxt, çəhrayı qağayı tam əks istiqaməti seçir — əbədi
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin