Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/10/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Aida İmanquliyeva – əsərləri dünyada senzuradan kənar dərc olunan yeganə türk, müsəlman, azərbaycanlı alim

Azərbaycanın qüdrətli şərqşünaslıq məktəbləri olub. Şərqşünas-tarixçi akademik Ziya Bünyadovun, akademik Vasim Məmmədəliyevin, professor Rüstəm Əliyevin məktəbləri o zamankı SSR-də  Mirzə Kazım bəyin, Mustafa bəy Topçubaşovun, İosif Braginskinin irsi ilə müqayisə olunan əsrlər yaradan bu alimlərin sırasında filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın öz yeri olub.  Elmin bəşəri dəyərlər xəzinəsinin “Qələmlər birliyi və Mixayıl Nüaymənin onun yaradıcılığında rolu”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” kimi ciddi əsərləri ilə zənginləşdirən Aida xanım 1939-cu il oktyabrın 10-da Bakıda “Yeni yol”, “Gənc işçi”, “Kommunist”, “Döyüşən Krım”, “Radio proqramı”, “Vətənin səsi” kimi mətbu orqanlarda imzanın hökmü ilə millətə, məmləkətə xidmətdə bulanan, “Bakı” və “Baku” qəzetlərinin qurucusu kimi tarixdə qalan, professor Nəsir İmanquliyevin ailəsində dünyaya gəldi. 

Bakının məşhur məktəblərindən birini – 132-saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinə daxil oldu. 1962-ci ildə universiteti qızıl medalla bitirdikdən sonra professorlar Rüstəm Əliyev və İosif Braginskinin rəhbərliyi ilə elmi fəaliyyətə başladı. Ərəb-məhcər ədəbiyyatının ilk qadın tədqiqatçısı kimi tarixə yazılan professor Aida İmanquliyeva “Qələmlər cəmiyyəti və onun yaradıcılığında Mixail Nüaymənin rolu” mövzusundakı namizədlik desertasiyası ilə dünya şərqşünaslığında yeni səhifə açdı. Suriyadan və Livandan Latın Amerikasına mühacirət edən ədiblərin – Mixail Nüaymənin və Cübran Xəlil Cübranın irsinin araşdırılması ilə mühacirət ədəbiyyatı tarixində də mühüm nailiyyətlər əldə edib, ilklərə imza atan professor Aida İmanquliyeva ötən əsrin repressiya və mühacirət adlı burulğanını dünya ictimaiyyətinə təqdim etdi. Mixail Nüaymə və Cübran Xəlil Cübranın poetik irsi ilə Hüseyn Cavid, Almas İldırım, Əhməd Cavad, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşovun irsinin müqayisəli səciyyəsini verən, onların irsində həm də Tolstoy, Dobrolyubov, Dostoyevski, Anna Axmatova kimi vaxtın-zamanın fövqünə qalxan ədiblərin irsini görən Aida xanım təkcə bir namizədlik dissertasiyası ilə dünyaya sübut etdi ki, əslində insanlara bir-birini anlamağa və dinləməyə heç nə mane olmur. Bəşəriyyətin problemlərini ancaq sivilizasiyaların, mədəniyyətlərin dialoqu ilə çözmək, həll etmək mümkündür. Sivilizasiyaları, dinləri, mədəniyyətləri dialoqa, harmoniyaya səsləyən Aida xanım “Cübran Xəlil Cübran” əsəri ilə fırça ilə qələmin vəhdətində tarix yaradan Cübran Xəlil irsinin ümumbəşəri dəyərlə xəzinəsində yerini müəyyənləşdirir.  Cübran Xəlilin əsərlərini bir rəssam və ədib kimi məşhur rəssamların irsi ilə müqayisə edən alim Ayvazovskinin “Tufana düşən gəmi”sindəki insan taleyini Cübran Xəlilin “Səhrada boğulan quş” əsəri ilə müqayisə edərkən şərqli, yaxud qərbli olmasından asılı olmayaraq, quruluşun-zamanın qurbanı olan insanın təbiətin, cəmiyyətin ağrı və problemlərindən söz açır. 

Mühacirət ədəbiyyatının tədqiqi sahəsində yeni səhifə açdı

Şərqin mütəfəkkir alimlərindən biri Mirzə Kazım bəy çar Nikolayın hüzurunda çıxış edərkən tarixi bir cümlə işlətmişdi: “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır”. Mirzə Kazım bəyin ikinci tarixi bir cümləsi isə belə idi: “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəman!” Bu iki qüdrətli kəlamın sahibi türk, müsəlman və azərbaycanlı idi. Dərbənd şeyxülislamının oğlu Mirzə Kazım bəy tək və yeganə alimimiz idi ki, çar Rusiyasında əsərləri senzuradan kənar dərc olunurdu. Çox böyük səmimiyyət və qürurla qeyd edə bilərik ki, keçmiş SSR-ini çevrələyən alimlər içərisində professor Aida İmanquliyeva yeganə alim, özü də türk, müsəlman və azərbaycanlı idi ki, əsərləri dünyada senzuradan kənar dərc olunurdu. Bunun tək və yeganə səbəbi vardı. O, bir mütəfəkkir alim kimi şərqşünaslıqda, eyni zamanda mühacirət ədəbiyyatı tarixində yeni bir səhifə açmış, ərəb-məhcər ədəbiyyatının gələcəkdə tədqiqatı ilə məşğul olacaq alimlər üçün üç istinad mənbəsi qoymuşdu: “Qələmlər cəmiyyəti və Mixail Nüaymə”, “Cübran Xəlil Cübran” və “Yeni ərəb ədəbiyyatı korifeyləri”. Bu səbəbdən də dünyada məşhur olan bu əsərlərə istinad edən alimlərin hər biri tərəddüd etmədən Mirzə Kazım bəyin qeyd etdiyimiz kəlamlarını xatırlayır: “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır!”, “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəman!” 

Aida xanım Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Ziya Bünyadov, İosif Braginski, Vasim Məmmədəliyev, Rüstəm Əliyev, atası və qayınatası professorlar Nəsir İmanquliyev və Mir Cəlal Paşayev kimi öz məktəbini yaratdı. Şərqşünaslığın şərqli şahzadəsi, İpək yolunun mələk donlu elçisi kimi Doğudan Batıya, Odlar Yurdu Azərbaycandan dünyaya səs saldı. Milli-mənəvi dəyərlərin və bəşəri duyğuların himayədarına çevrildi. 

Aqambekyanın, Balayanın, Staravoytovanın üstünə yeriyən alim

20 Yanvar dəhşətləri, Xocalı faciəsi zamanı Aqambekyan, Balayanın, Staravoytovanın üstünə yeriyən, Moskvada, Poltavada keçirilən konfranslarda onlara tarixidəki yerlərini göstərən Aida xanım milli azadlıq hərəkatı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üç alim qadınından biri kimi mənsub olduğu millətin haqq səsinə döndü. AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, BDU-nun professoru kimi təkcə ərəb filologiyası məsələləri ilə deyil, ümumtürk və ümumşərq problemləri ilə məşğul olan professor Aida İmanquliyeva o dövrdə təşkil olunan əksər konfrans və simpoziumlarda ciddi elmi məqalələrlə çıxış etməklə yanaşı, dünya alimlərinin də bu məsələyə diqqət yönəltməsinə nail olmuşdur. 

Ömür yolu örnək olan, mənsub olduğu millətin milli mənlik və milli kimlik uğrunda mücahidi kimi tarix yardan Aida xanım 1992-ci il sentyabrın 19-da dünyaya vida nəğməsi oxumasaydı, varlığı qədər sevdiyi, fəqət nigaran getdiyi Azərbaycanın daha xoş günlərini görəcəkdi. O, o tayla bu tayı, paralanmış Azərbaycanı taleyində birləşdirən bir ailədə doğulmuş, digərinə gəlin getmişdi. Sinəsində Təbrizin, Dərbəndin, Borçalının, İrəvanın ağrısını daşıyan alimin Qarabağ – Şuşa nisgilinin üstündə həm də doğmaların həsrəti vardı. 1985-ci ilin Qorbaçov “perestroykasından” sonra Ulu Öndər Heydər Əliyevə, onun ailə üzvlərinə və doğmalarına münasibət qohumluq bağı olan Paşayevləri, İmanquliyevləri də haqlamışdı. Bütün bunlara baxmayaraq, o bir mütəfəkkir alim, müdrik insan, əyilməz şəxsiyyət kimi zamanın sınaqlarından ləyaqətlə çıxdı. 

Əfşarlara, Qacarlara, Sultanzadələrə, Mahmudbəyovlara bağlı bir soydan gəlmək, professor Nəsir İmanquliyevin, Gövhər xanım Sultanzadənin ruhunun və cisminin davamçısı olaraq ömür sürmək, “Yada satmaram” nidası ailə qələm çalan Mir Cəlal ocağının gəlini kimi səadərər qovuşmaq, fizika, texnika və kosmonavtika sahəsində dünyada məşhur bir alimin, akademik Arif Paşayevin könlündə sultan olmaq, sivilizasiyaları, mədəniyyətləri, dinləri dialoqa səsləyən, insanları birliyə, bütövlüyə, elmi-irfana çağıran, xoşməramlı səfir kimi tarix yaradan, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın və L.M.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın vitse-ptezidenti, akademik Nərgiz Paşayevanın anası, fitri istedadı “Baku” jurnalının, Bakı Media Mərkəzinin, Yarat müasir incəsənət məkanının, “Nargis” dərgisinn təməlini qoyan Leyla Əliyevanın, Arzu Əliyevanın, Ülviyyə Mahmudovanın, Aida Mahmudovanın nənəsi kimi tarixdə qalmaq nə qədər səadətdirsə, Azərbaycanın ərazi bütövlüyünün simgəsi, bəlgəsi olan üçrəngli, hilallı-ulduzlu bayrağı Şuşa qalasında, Xudafərin körpüsündə görmək bir o qədər böyük xoşbəxtlikdir. 

Aida xanım Qarabağdan, Şuşadan – Azərbaycandan  nigaran getdi. Bu gün hüzura qovuşan, özgürlüyə nail olan vətən – Azərbaycan var! Və onu uğurlarının memarları isə Aida xanımın doğmalarıdır.

Nüaymənin Qızılgülü

Ötən əsrin 70-ci illərində Mixail Nüaymə bəraət alıb Beyruta dönür. Ölkə onun 90 illiyini rəsmi şəkildə təntənə ilə qeyd edir. SSRİ-dən o tədbirə dəvət alan alimlərin sırasında Nüaymə irsinin ilk tədqiqatçısı Aida İmanquliyeva olmur. Onun qələmə aldığı “Qələmlər birliyi və onun yaradıcılığında Mixail Nüaymənin rolu” kitabını Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Cəmil Quliyev Nüayməyə təqdim edir. Kitabı görüb heyrətlənən, müəllifə təşəkkür etmək istəyən yazıçıya Aida xanımın SSRİ-dən gələn nümayəndə heyətinin tərkibində olmadığını bildirirlər. Akademik Cəmil Quliyevi mülkünün arxasında, öz əliylə saldığı bağa aparan Nüaymə bir al Qızılgülü dərib “Beyrutun səsi” qəzetinə bükür və onu Azərbaycana – Bakıya, Aida xanıma göndərir. Bu bir alim kimi professor Aida İmanquliyevanın həyatda aldığı, qazandığı ən böyük mükafat idi. 

Qəribliyin, həsrətin, mühacirətin sərt üzünü Latın Amerikasında yaşayan Mixail Nüaymə illərlə vətənə dönmək, mülkündə Peyğəmbərə (s.a.s.) xatir qızılgüllərlə süslənən bir bağ salmaq arzulamışdı. Tanrı onun səsini eşitmişdi. 89 yaşında bəraət alıb vətənə dönən Nüaymənin Peyğəmbər çiçəyindən birini dərib Aida xanıma göndərməsinin özündə də bir mübhəm qəlb çırpıntısı vardı. Aida xanım mühacirlərin ailəsində doğulmuşdu, onların ocağına gəlin getmişdi. Üstəlik ömrü boyu mühacirlərin irsini araşdırmışdı.

Peyğəmbərlə (s.a.s.) bağlı hədislərdə bildirilir ki, o qızılgül ətrini və yağını sevərmiş. Üstündə qızılgül yağı gəzdirərmiş. Aida xanım da gül-çiçək ətrini sevərdi. Məhəbbətin, mərhəmətin, xeyirxahlığın ünvanı kimi xatırlanan alimi tanıyanlar bu gün də onu “Peyğəmbər kimi adam idi” kəlamı ilə yad edirlər.

Aida xanım bütün ruhu, duyğuları, sevgiləri ilə Tanrının niqabını qaldırıb, dörd səma kitabının mələklərin qanadında Yer üzünə endirdiyi, yüz iyirmi dörd min peyğəmbərlə müjdələdiyi Şərqə bağlı idi. Tanrı onun sevdiyi, könül verdiyi, yolunda qələm çaldığı Şərqi hücumlardan, təhdidlərdən, səlib yürüşlərindən xilas etsin. Bu, onun nigaran ruhunu hüzura qovuşduran ən ali məqamlardan biri olar.

Şərəf Cəlilli

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir ki, Abşeronun xəritəsində ən müəmmalı yerlərdən biri də Qurd qapısı adlanan qaya parçasıdır – elə bil
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin