I yazı
Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var
“İstiqlal” abidəsinin ucaldılması, Bayraq Meydanının yaradılması, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının işğaldan azad olunmasının 100, Fətəli xan Xoyskinin 150 illik yubileylərinin keçirilməsi ilə bağlı imzalanan sərəncamlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən tarixi qarşısında ali xidmətlərinin göstəricisi, “Bizim də yaşamaq, azad yaşamaq hüququmuz var!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə yoxdan bir Bayraq yapıb, dövlət quran Cümhuriyyət qurucularının ruhuna ehtiramının əlamətidir.
Soyu, soy-kökü, şəcərə dəftəri ilə Dünbili xanlarına, Güney Azərbaycana, Ərk qalasına, Savalan müqəddəsliyinə, Şəki xanı Cəfərqulu xana bağlı olan, Çar Rusiyası Ordusunda xüsusi nüfuza və imtiyaza malik general-leytenant İsgəndər xan Xoyskinin üç dövlət xadimi oğlundan biri Fətəli xan İsgəndər xan oğlu Xoyski 1875-ci il noyabrın 25-də Şəkidə anadan olmuşdu. Öncə Yelizavetpol-Gəncə klassik gimnaziyasında təhsil alan Fətəli xan Xoyski 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdi. Həmin ildən Gəncə dairə məhkəməsində işə başlayan Xoyski sonradan Kutaisi dairə və qəza məhkəmələrində, Zuqdidi barışıq məhkəməsində çalışmış, titulyar müşavir rütbəsinə layiq görülmüşdü. 1904-cü ildə kollej asessoru rütbəsi alan Xoyski Yekaterinodar Krasnodar-dairə məhkəməsi prokurorunun müavini təyin edilmiş, 1907-ci ilədək həmin vəzifədə çalışmışdı. 1907-ci ildə Gəncə quberniyasından II Dövlət dumasına deputat seçilən, Dumanın iclaslarında müsəlman deputatları fraksiyası adından çar hökumətinin ucqarlardakı ayrı-seçkilik və köçürmə siyasətinə qarşı kəskin çıxışlar edən, Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət dumasına təqdim edilən qanun layihəsini imzalayan 173 deputatdan biri kimi söz sahibi olan Fətəli xan Xoyski II Dövlət duması buraxıldıqdan sonra Gəncəyə qayıtmış, əvvəlcə dairə məhkəməsinin, sonra isə Tiflis məhkəmə palatasının andlı iclasçısı seçilmişdi.
Müsəlman blokunun deputatı, Dumanın sədri
Milli mənlik və milli kimlik uğrunda mücadilənin ruhlara hakim kəsildiyi, Çar Rusiyasının qüdrətini itirdiyi bir ərəfədə, 1913-cü ildə Bakıya köçən Fətəli xan Xoyski öncə şəhər dairə məhkəməsində andlı iclasçı olmuş, Bakının ictimai-siyasi, mədəni həyatında, xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak etmişdi. 1917-ci ildən, Rusiyada Fevral inqilabından sonra Bakıda yaradılan Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilən Fətəli xan Xoyski həmin ilin aprelində Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayının təşkilatçılarından və fəal iştirakçılarından olmaqla yanaşı, Bakının məşhur əsilzadələri, mesenatları, din xadimləri – Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, İsa bəy Hacınski, Aşurbəyov qardaşları, Ağa Əlizadə, Hacı Əbu-Turab kimi tarixi şəxsiyyətlərlə birlikdə ölkənin inkişafi, tərəqqisi, istiqlaliyyəti yolunda qərarlar alan qurumların, cəmiyyətlərin, icmaların işinin təşkilinə töhfələr vermiş, idarə heyyətlərində təmsil olunmuşdu.
1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına keçirilən seçkilər zamanı Müsəlman Blokunda təmsil olunan Fətəli xan Xoyski 10 mindən çox səs alan, Blokun deputatı kimi Dumanın sədri seçilmişdi. Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, onun rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Şəhər Dumasının yeganə rəqibi bolşevik Bakı Soveti olsa da o, dirəniş göstərir, yeni qanunlar toplusunun yaranamasına nail olur, şəhər əhalisinin hüquqlarının müdafiəçisinə çevrilir.
Çar Rusiyasının iflası Qafqazda siyasi mənzərəni dəyişir
I Pyotrdan üzü bu yana “Qafqazı parçala, hökm sür, İstanbul fəth et! nidası ilə sərt, sıldırım qayaların, qalaların üzərində, Xəzər hövzəsində hakimi-mütləqə çevrilsə də, 1918-ci ildə Qafqazda dünyanın mizanını, düzənini dəyişir. Brest-Litovskdəki Rusiya-Almaniya danışıqları Rusiyanın iflası ilə nəticələndi. Bu tarixi uğursuzluqdan sonra, 1917-ci ildə dekabrın 6-da alman-türk qoşunları Qağqaza hücum etdilər. 1918-ci ilin yanvarında Osmanlı hərbi birləşmələri Qars və Batum vilayətlərini – Osmanlı sultanlarına aid tarixi torpaqları tutdular, daha doğrusu, Çar Rusiyasından aldılar. Əldə olunan qələbənin təsdiqi üçün Zaqafqaziya Komissarlığı Qafqaz Cəbhəsinin komandanı Mehmet Vəhib Paşanın iradəsi ilə Osmanlı İmperiyası ilə sülh müqaviləsi imzalamaq üçün Çar Rusiyasına müraciət etdi. 1918-ci il fevralın 6-da təsadüf edən bu hadisə sözün həqiqi və məcazi mənasında Çar Rusiyasının iflası, Qafqazda siyasi mənzərənin dəyişməsi deməkdi. Zaqafqaziya Komissarlığının aldığı tarixi qərar bununla bitmirdi. Komissarlıq həmin tarixdə özünü buraxması haqqında qərarı da elan etmişdi. 1918-ci il yanvarın 5-də daha bir tarixi hadisə də baş vermişdi. “Yanvarın 5-də açılan, elə həmin gün də Bolşevik hökuməti tərəfindən qovulan Müəssislər Məclisinə Zaqafqaziyadan seçilən deputatlar yol bağlı olduğu üçün Rusiyaya gedə bilməmişdilər. Bu səbəbdən də 1918-ci il fevralın 14-də Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Zaqafqaziya Seymini yaratmağı qərara aldılar. Seymdə Rusiyanın Müəssislər Məclisinə seçkilər zamanı partiyanın aldığı səsin sayına müvafiq olaraq Zaqafqaziya Seymindəki nümayəndələrin sayı artırılır. Musavat Partiyası və demokratik bitərəflər qrupundan 30, Müsəlman Sosialist Blokundan 7, İttihad Partiyasından 3, Müsəlman Sosialist-demokrat Partiyası Hümmətdən isə 4 nəfər Zaqafqaziya Seyminə daxil edilir. Seymin üzvü olan 44 azərbaycanlı nümayəndənin iştirakı ilə Odlar Yurdu Azərbaycanın siyasi taleyini həll edən, milli dövlətçilik tariximizdə yeni səhifə açan, “İstiqlal Bəyannaməsi”nə imza atmaqla, yoxdan bir Bayraq yapıb, dövlət quran, onu vüqarla, qürurla Azərbaycan gəncliyinə əmanət edən, mənsub olduğu millətə, məmləkətə Əbədi İstiqlalın şərbətini içirən Müsəlman fraksiyası yaranır. Zülmətdə nura, əbədiyyət üfüqlərində doğan Günəşə çevrilən, o, tarixi şəxsiyyətlər millətin birlik, bütövlük rəmzinə dönüb “Millət dışında səadətin, İstiqlal dışında hüriyyətin” olmadığını dünyaya sübut edirlər.
Zaqafqaziya Federasiyasından çıxıb istiqlaliyyətlərini elan edirlər
Beləliklə, 1918-ci il fevralın 23-də Tiflisdə Cənubi Qafqazın qanunvericilik orqanı olan Zaqafqaziya Seymi işə başlayır. Seymin Müsəlman fraksiyasına mənsub 44 deputatın sırasında Fətəli xan Xoyski də vardı. 1918-ci ilin aprelində elan olunan müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətində Xoyski xalq maarifi naziri vəzifəsini tuturdu. Məhz bu vəzifədə olarkən Fətəli xan Xoyski Tiflisdə yaradılması qərarlaşdırılan Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürmüş və sonralar bu işin həyata keçirilməsində mühüm rol oynamış, Milli Hökumətin sədri kimi Şərqin ilk Avropa tipli elm-təhsil mərkəzinin-Bakı Universitetinin qurulmasına nail olmuşdu.
Cənubi Qafqazın müstəqilliyinin elanı və yeni hökumətin yaradılması Çar Rusiyasının inzibati, mədəni və siyasi mərkəzinə heç nə gətirmir. Zaqafqaziya komissarlığında, sonra isə nazirliklərində fəaliyyət göstərən hər üç Cənubi Qafqaz millətinin nümayəndələri mövqe, mənafe müxtəlifliyi səbəbindən birləşə bilmirlər. Belə bir vəziyyətdə gürcü nümayəndələri 1918-ci il mayın 26-da Zaqafqaziya Federasiyasından çıxıb öz istiqlaliyyətlərini elan edirlər.
Mayın 27-də isə Seymin azərbaycanlı deputatları fövqəladə iclas keçirərək, Azərbaycan Milli Şurasının təməlini qoyurlar. Məhəmməd Əmin Rəsulzadənin iradəsi ilə Azərbaycanın istiqlaliyyətini öz üzərinə alan Milli Şura mayın 28-də keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən birinci iclasında xüsusi müzakirələrdən sonra, Cənubi Qafqazın cənub-şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və “İstiqlal Bəyannamə”sinin qəbul olunması haqqında qərar qəbul edir. Azərbaycan Milli Şurasının üzvü Fətəli xan Xoyski Azərbaycan Hökumətinin sədri seçilir və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hökumətini təşkil etmək ona həvalə olunur. Xoyski elə həmin anda öz hökumətinin tərkibini elan edir. Xosrov bəy Sultanovun Hərbi nazir, Məmmədhəsən Hacınskinin Xarici işlər naziri, Nəsib bəy Usubbəylinin Maliyyə və xalq maarifi naziri, Xəlil bəy Xasməmmədovun Ədliyyə naziri, Məmməd Yusif Cəfərovun Ticarət və sənaye naziri, Əkbər ağa Şeyxülislamovun Əkinçilik və əmək naziri, Xudadat bəy Məlik-Aslanovun Yollar, poçt və teleqraf naziri, Camo bəy Hacınskinin Dövlət müfəttişi kimi təmsil olunduğu hökumətdə Fətəli xan Xoyski baş nazir-Rəisi-vüzəra vəzifəsi ilə yanaşı, Daxili işlər naziri vəzifəsini də tutur.
Xoyskinin imzaladığı telefonoqramla Azərbaycanın istiqlaliyyəti dünyaya bəyan edilir
Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə bağlı təşkilati məsələlər başa çatdıqdan, Xoyskinin imzaladığı telefonoqramla Azərbaycanın istiqlaliyyəti 1918-ci il mayın 30-da dünyaya bəyan edildikdən sonra Azərbaycan Milli Şurası və Azərbaycan Hökuməti fəaliyyətini bilavasitə öz ölkəsində davam etdirmək üçün 1918-ci iliyunun 16-da Gəncəyə – ilk paytaxtına köçür. Milli Şura və Azərbaycan Hökuməti burada daxili və xarici qüvvələrin təhdid və təzyiqləri ilə üzləşsə də, fəaliyyətini davam etdirməkdən çəkinmir. Belə bir çətin şəraitdə vəziyyəti nəzərə alan Milli Şura tərkibindəki qüvvələrin bir-birinə qeyri-tolerant münasibətlərindən yorulan, Cümhuriyyət naminə hər bir haqsızlığa tablayan Xoyski istefa vermək məcburiyyətində qalsa da, Milli Şura siyasi durumu nəzərə alaraq Hökumətin təşkilini yenidən ona tapşırır.
Şərəf Cəlilli