“Robot” sözünü eşitdiyimiz zaman ağlımıza dərhal fantastik filmlərdən səhnələr gəlir: hamar səthli, insanabənzər android robotlar, hansı ki, yemək bişirə, ev təmizləyə və istənilən mövzuda söhbət edə bilir. Hazırkı reallıq isə heyrətamiz sürətlə inkişaf edir və fantastik film ssenarilərini də qabaqlayır: robotlar artıq həyatımızın bir parçasına çevrilib.
Baki-baku.az xəbər verir ki, evdə istifadə üçün nəzərdə tutulan müasir robotlar yalnız toz silmək və döşəmə yumaqla kifayətlənmir, həm də insanlarla qarşılıqlı əlaqə qura, səsli əmrlərə cavab verə və hətta “emosiyalar” nümayiş etdirə bilirlər.
Bu gün robot-tozsoranlar və yuyucu cihazlar işləyən insanlar üçün demək olar ki, zəruri avadanlığa çevrilib, səslə idarə olunan ağıllı səsgücləndiricilər isə sözlə verilən komandalarla işıqlandırmanı, musiqini və məişət texnikasını idarə edir. Yaponiyada və Cənubi Koreyada artıq robot-partnyorlar (sosial robotar) test edilir; bu robotlar tək yaşayan insanlara təsəlli verir, uşaqların sosial bacarıqlarını inkişaf etdirməsinə kömək edir və hətta “ailə terapiyası” rolunda çıxış edə bilirlər.
Yüksək texnologiyalar hələ “Dəmir adam” (“Iron Man”) filmindəki J.A.R.V.I.S. (Just A Rather Very Intelligent System – olduqca ağıllı intellektual sistem) səviyyəsinə çatmayıb. Ev köməkçilərinin əksəriyyəti hələ də rutin işlərlə məhdudlaşır: süpürmək, pəncərələri yumaq, görüləcək xatırlatmaq və sadə ünsiyyət. Mexanika, alqoritmlər və təhlükəsizlik etikası onların imkanlarına sərhəd qoyur, insan qayğısını və diqqətini tam olaraq əvəz etməyə imkan vermir.
Buna baxmayaraq, ekspertlər əmindirlər ki, gələn beş il ərzində robotlar sadə yeməklər bişirə, bitkilərə qulluq edə və məhdud fiziki imkanlı insanlara kömək edə biləcəklər. Süni intellektli robotun ailənin tam hüquqlu üzvünə çevriləcəyi gələcək artıq fantastika olmaqdan çıxır və yaxın illərdə reallıq olub-olmayacağı sualına çevrilir.


