Avropa Kosmik Agentliyi (AKA), Saturnun buzla örtülü peyki Entseladda həyatın mövcudluğu üçün lazım olan bütün əsas şərtlərin olduğunu açıqlayıb.
Baki-baku.az xəbər verir ki, bu sensasion nəticə, “Daily Mail” nəşrinin yaydığı məlumata əsasən, 2008-ci ildə NASA-nın “Cassini” kosmik aparatı tərəfindən toplanan məlumatların təhlili nəticəsində ortaya çıxıb. Aparat Entseladın cənub qütbündəki qeyzerlərdən çıxan buz kristallarını toplayaraq Yerə göndərmişdi.
Alimlər həmin buz hissəciklərinin tərkibində amin turşularının prekursorları və mürəkkəb üzvi molekullar aşkar ediblər ki, bu da canlı orqanizmlərin yaranması üçün əsas komponentlərdən hesab olunur.
Berlin Azad Universitetinin aparıcı tədqiqatçısı Nozair Xavadka bildirib ki, Entselad artıq “həyatı dəstəkləyə bilən dünya” statusuna layiq görülə bilər.
“Əgər bu qədər uyğun şəraitə baxmayaraq, Entseladda həyat yoxdursa, bu, bəlkə də daha da mühüm sual doğurur: Niyə həyat yaranmayıb?” – deyə alim vurğulayıb.
Entseladın diametri təxminən 500 km olsa da, onun buzla örtülmüş səthinin altında maye halında qlobal okean yerləşir. Buradan püskürən qeyzerlər suyu kosmosa atır və hətta bu hissəciklər Saturnun halqalarının bir hissəsini formalaşdırır.
Ən maraqlı məqam isə budur ki, alimlər bu üzvi maddələrin günəş radiasiyası ilə deyil, birbaşa Entseladın daxili okeanında baş verən kimyəvi proseslər nəticəsində əmələ gəldiyini müəyyənləşdiriblər. Bu isə peykdə bioloji həyatın ilkin formalarının mövcud ola biləcəyi ehtimalını ciddi şəkildə artırır.
Gələcək Missiya Yoldadır
Avropa Kosmik Agentliyi artıq Entselada yeni bir missiya planlaşdırır. Bu missiya çərçivəsində buzlu şleyflərdən yeni nümunələr toplanacaq və ilk dəfə olaraq Entseladın səthinə eniş nəzərdə tutulur.
Bu missiya uğurlu olarsa, bəşəriyyət ilk dəfə olaraq Yer kürəsindən kənarda həyatın izlərinə bir addım daha yaxınlaşa bilər.
