“İdeala qaçmadan yaşamağın yolları — bir ananın praktiki baxışı”
Məktəbin başlaması ilə birlikdə qayğı dairəsi — böyük və kiçik — birdən-birə genişlənir. Yayda hələ uşağı nənəyə vermək olar, amma dərs vaxtı hər şey sənin üzərinə düşür: məktəb, klublar, dərslər, rejim, qidalanma. Üstəlik, ev, iş, münasibətlər və sən özün də insansan – yaşamaq, yox, sadəcə sağ qalmaq istəyirsən. Və bütün bunların “ideal” olması “gərəkdir”: həm uşaqlar, həm ailə həyatı, həm iş layihələri, həm də yemək bişdikdən sonra mətbəx. Müasir qadınlar üzərinə çox ağır yük götürürlər. Xüsusən də Instagram, Reels və ya TikTok lentində “bej mamalar”ın mükəmməl evlərini, səliqəli uşaqlarını, təzə bişmiş peçenye qoxuyan evlərini görəndə – ya əhval düşür, ya da “mən də belə olmalıyam” hissi yaranır. Və başlayır ideal uğrunda yarış.
Bu da perfeksionizmdir. Və gəlin açıq danışaq: biz onunla “bacarmağı” deyil, ondan qurtulmağı öyrənməliyik. Çünki o, həyatdan həzz almağa əslində mane olur.
Sadə sözlərlə Perfeksionizm nədir
Perfeksionizm – insanın hər şeydə idealı hədəfləməsi ilə bağlı psixoloji yanaşmadır: işdə, zahiri görünüşdə, evdə, münasibətlərdə, uşaq tərbiyəsində. Hər şey “əla” olmalıdır, hər hansı sapma isə uğursuzluq kimi qəbul edilir.
Perfeksionizmin iki tərəfi
Üstünlükləri:
Yüksək motivasiya
Keyfiyyətə can atmaq
Detallara diqqət
İşləri sona çatdırmaq bacarığı
Mənfi cəhətləri:
Daim özündən narazı qalmaq
Səhv və tənqid qorxusu
Prokrastinasiya (çünki “əla alınmasa necə olar?” düşüncəsi ilə başlamaqdan çəkinmək)
Emosional tükənmə
Perfeksionistin düşüncə tərzi
“Əgər bunu ideal etmədimsə, deməli, ümumiyyətlə bacarmadım”
“Yaxşı etməyəcəksənsə, heç etmə”
“Səhvlər zəiflikdir”
Vacib məqam: perfeksionistlər demək olar ki, həmişə tükənmə vəziyyətinə çatırlar – sadəcə fərqli formada və sürətlə. Və bu yalnız işlə bağlıdırsa belə, evə gələndə perfeksionizmi “söndürmək” olmur. O, daxili nəzarətçi kimi işləməyə davam edir. Məsələn: layihəni göstərmirsən, çünki “hələ ideal deyil”. Fikirlərini demirsən, çünki səhv etməkdən qorxursan.
Alternativ – imperfeksionizm
Mükəmməlliyin arxasınca qaçmaq əvəzinə imperfeksionizm seçilə bilər – yəni öz natamamlığını şüurlu şəkildə qəbul etmək.
Bu, “hər şeyə boş vermək” deyil. Bu deməkdir ki:
səhvlərin normal olduğunu qəbul etmək
təcrübədən öyrənmək
“kifayət qədər yaxşı” etmək, mükəmməl yox
tükənmədən, balanslı yaşamaq
Mən bu mərhələyə çox yaxın vaxtlarda gəldim. Çoxuşaqlı ana olaraq, qarşımda iki yol vardı:
- Ayda bir dəfə yanmaq – çünki “ev-uşaq-iş” elə bir holdinqdir ki, orada həm direktor, həm mühasib, həm təmizlikçi, həm də HR özünsən.
- Bacardığın qədər etmək. Və inanmaq – bu qorxulu deyil. Sadəcə hər seçim bir şeyin hesabına başa gəlir.
Sadə nümunə: mətbəx və yuxu
Yatmazdan əvvəl qabları yumaq “mütləqdir” – əks halda yuxuya gedə bilmirəm.
Amma bəlkə məsələ qabda deyil, dincəlmək üçün ödəməli olduğum məbləği ödəmək istəməməkdir?
Və bu məbləğ — ideal olmayan mətbəx.
Buna göz yuma bilirsənsə – istirahət et. Bacarmırsansa – yu. Amma bu seçim şüurlu olsun, avtomatik “gərək” yox.
Bütün seçimlərimizin bir qiyməti var
Bəli, hər kəsin ödəməli olduğu fərqli bir qiyməti var.
Bəzilərini cüzi poçt məktublarını ötürdüyünə görə işdən çıxarırlar. Bəziləri toksik partnyorla yaşayır, hansı ki, dağınıq oyuncaqlar belə qalmaqala səbəbi olur. Bu, ədalətsizdir. Amma belə hallarda belə seçim – kompromislərin çəkisi deməkdir.
Əgər istəyin səni gəlir itirməyə, münasibətlərə və ya sağlamlığa xeyli ziyan gətirəcəkdirsə — o yola getməmək daha məntiqlidir. Amma çox hallarda biz nəticələri şişirdirik, sadəcə narahat, amma dürüst seçimi etməmək üçün.
Özünü dinlə
Dostunun görüşünə gedirsən, halbuki evdə qalmaq, film izləmək istəyirdin. Düşünürsən: “Mənim seçimim yoxdur.” Amma var.
Sadəcə bax: nə ilə “ödəyəcəksən”?
Getməsən – dostun inciyə bilər.
Getsən – tək qalmaq və dincəlmək imkanını itirəcəksən.
Özündən soruş: bu qiyməti ödəməyə hazırsanmı?
Əgər bəli – get. Əgər yox – özünü seç.
Və bunu günahdan yox, azadlıqdan et.
Əsas qayda
Nə istəyirsən edə bilərsən. Sadəcə nəticələrinə hazır olmalısan.
Və o zaman, natamam dünyada belə, həqiqi azadlıq hissinə sahib olacaqsan. Onunla birlikdə isə – sakitlik və sevinc də gələcək.
Ayna Bəxtiyar